Xoşbəxtlik anlayışı və ehtiyaclar piramidası

Xoşbəxtliyin yeri: Haradadır  hamının axtardığı bu xoşbəxtlik?

Xoşbəxtliyin yeri: Haradadır  hamının axtardığı bu xoşbəxtlik?

Bir rəssamdan soruşmuşlar: “Xoşbəxtliyin  şəklini çəkə bilərsənmi? ”O da cavabında : “Mən çəkərəm, ancaq siz anlaya bilərsinizmi ?” demişdir.

Doğrudanmı biz  xoşbəxtliyi axtarırıq ya o, özü istəyəndə bizə gəlir və xoş xatirələr buraxan qonaq kimi də çıxıb gedir? Dəvət etsək də gəlir, etməsək də?Birmənalı şəkildə həmişə xoşbəxt olmaq arzusundayıq, baxmayaraq ki, onu  keçici və anlıq məfhum kimi  təsəvvür edirik. Sanki özümüzü xoşbəxtliyin daimi olmadığına inandırmışıq.

Xoşbətliyimizi itirməkdən qorxuruq hər nə qədər qeyri-iradi olsa da. Bizi xoşbəxt etməsini umduğumuz şeylərdən bir müddət asılı olmağa başlayırıq.  Bəlkə müvəqqəti xoşbəxtliyə özümüzü alışdırdığımızdan heç daimi xoşbəxtlik barədə fikirləşməmişik, onun varlığından xəbərimiz də yoxdur?

Xoşbəxtliyin nisbiliyi: İnsandan-insana, məkana,zamana görə dəyişən xoşbəxtlik saysız hesabsız mənaları ehtiva edə bilir eyni anda. Uzunmüddətli əziyyətdən qurtulmaq xoşbəxtlikdir bir xəstə üçün. Səfalət qandalı ilə xoşbəxtliyi qucaqlaya bilməyən birinə görə varlığı çoxunun gözünə görünməyən nemətlərə sahib olmaq əsl səadətdir. Sevdiyi insanlarla birlikdə olan özü ilə tək qalanda xoşbəxt olmadığını sanır.

Xoşbəxtliyi kimlərləsə birlikdə olmağa bağlamışdır çünki.Bununla belə, əqli problemləri olan biri bəzən tək qaldıqda belə öz varlığına dair  şübhə içində olur və bu şübhələrdən qurtulmaq da ona görə xoşbəxtlikdir. Çoxdan gözlədiyi oyunacağa sahib olmaq bir uşaq üçün əvəzedilməz xoşbəxtlikdir. Yəni, xoşbəxtlik ehtiyaca və arzuya görə şəkillənərək bizi məmnun edən bir hissə, bəzən də nəsnələrə çevrilir. Xoşbəxtlik gah sağlamlıq, gah da bir oyuncaqdır,amma həm də bütün maddi-mənəvi anlayışlardan asılı olmayan xoşbəxtlik görünür ki, nə sağlamlıqdır, nə oyuncaqdır, nə də başqalarıdır.

    “Tələbatların iyerarxik piramidası” nəzəriyyəsi ilə məşhur olan Abraham Maslouya görə insan təməl ehtiyaclarını ödədədikcə özünün real potensialını tapmağa doğru pilləvari yüksəlir, özünü getdikcə realizə edə bilir. Yəni, iyerarxiyaya görə insan ilkin ehtiyacları hesab edilən qida, təhlükəsizlik tələbatını ödəməzsə, belə desək, onun üçün daha böyük mövzular heç maraqlı da olmayacaq. (“Motivasiya və şəxsiyyət” kitabı, 1954)

A.Maslou sonradan bu piramidaya əlavə olaraq axırıncı – spiritual ehtiyacları da daxil etmişdir. Lakin, köhnə psixologiya kitablarında rus dilindəki ədəbiyyatlardan Sovet dövründən istifadə edilmişdir deyə zənnimizcə, mənəviyyat, transsendental hislər, insanın ruhən daha yüksək varlığa yönəlməyə meyilli olması kimi məsələlər sovet ideoloji siyasəti ilə üst-üstə düşmürdü deyə piramidaya daxil edilməsi zəruri hesab edilməmişdir.

Abraham Maslau iyerarxiyası
Abraham Maslau iyerarxiyası

İslamın yanaşması

Düşündük ki, bu piramidaya yuxarıdan aşağı baxaq bir də. Mövzunu çox yaxşı qavramaq üçün xeyli sayda klassik İslam alimlərinin, sufi alimlərin kitablarını oxumaq, Quranı Allah xətrinə insafla və dərin ilahi elmlə qavrayıb şərhlər yazmış insanların kitablarını oxumaq, onların nə demək istədiklərini yaxşı dərk etmək lazımdır və uzunmüddətli axtarış gərəkir.  Tövsiyə üçün bir neçəsini qeyd etmək olar, lakin mövzu hədsiz geniş olduğu üçün sadəcə qısa izahla kifayətlənməli olacağıq. (İnşaAllah məsələnin bu aspekti ayrı məqalədə izah ediləcəkdir.) İndilik isə bu piramidanın insanı kamilləşdirmək üçün

1) Ruh 2) Bədən 3) Nəfs 4) İradə mərhələlərini əhatə edən inkişaf sxeminindən ibarət olduğunu bildirmək olar.

Mənəvi cəhətdən maksimum inkişaf etmiş insanın məgər başqasının ona hörmət qoymasına, kiminsə onu sevməsinə ehtiyacı olarmı? Nə üçün peyğəmbərlər-mənəvi inkişafın son halındakı insanlar- çoban idi, kasıb həyat sürürdü və vəziyyətlərindən də məmnun idilər? Və ya digər təktanrılı dinlərdə rahiblərin mütəvazi həyat sürdüklərini, həyat məqsədinin başqalarına kömək etmək və qurub yaratmaq olduğunu öyrənirik. Deməli, insanın hər şeydən öncə öz daxili-mənəvi ehtiyacını doğru dərk edib qarşılaması lazımdır.      

Təəssüflə bildirək ki,  məqsədli şəkildə həyata keçirilən mənəviyyat siyasəti -insanı maddiyyat müstəvisində görən və nəhəng bizneslərin maraqlarına xidmət edən planlar artıq öz bəhrəsini vermişdir.  Siz heç görmüsünüz ki, telekanal, radio, reklam, filmlərdə insanlığı, gözəl əxlaqı, zəngin mənəviyyatlı olmağı təbliğ etsinlər? İnsan əsla sadəcə bədəndən ibarət deyildir ki, əvvəlcə ona nələrə ehtiyacı olduğunu zorla inandırasan və təlabat yaratdıqdan sonra ürəyi istədiyi qədər qida, ev, geyim verib məmnun edə biləsən.                                        

İçimizdəki hislərlə, ruhumuzla axtardığımız daimi məmnunluğu maddi və müvəqqəti şeylər arasında tapacağımızı güman edirik. Halbuki, müəyyən zaman keçdikdən sonra biz bu xoşbəxtlikdən doyuruq və yenə də axtarışlara başlayırıq.İçimizdə həmişə susadığımız və çatmağa çalışdığımız bir həqiqət bulağı var. Deməli,  xoşbəxtliyin mənbəyi və mənası adi bir sahiblənmə-qane olma-yenidən axtarma halqasından tamamilə fərqlənir.

Gülay Yasinli

Mənbə:

1) “Motivasiya və şəxsiyyət”, A.Maslou, 1954

http://www.peyc.eu/wp-content/uploads/2016/09/Motivation-and-Personality-A.H.Maslow.pdf

2) http://www.consciousaging.com/Transpersonal%20Psychology/Conscious%20Aging%20-%20Maslow’s%20Hierarchy%20of%20Needs.aspx

3) http://www.lifecoachcode.com/2016/09/28/maslow-hierarchy-of-needs-secret-layer/

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq