“Xocalıya Ədalət” kampaniyası nə dərəcədə uğurlu siyasətdir?

Murad Nəsibbəyli

Yazmaq istəmirdim, amma yazdım. Hamımızın bildiyi, amma çox azımızın yazdığı məsələləri. O məsələlər ki, bir çox insan üçün onlardan danışmaq çətin və ya ağılasığmazdır.  Misal üçün, “Xocalı soyqırımı” məsələsi. Bir çox insan “Xocalıya Ədalət” kampaniyasının doğru olduğunu düşünür. Yanlış olduğunu düşününlər də, mühəqqəq, vardır. Amma düşündüklərini söyləməkdən çəkinənlər də az deyil. Mühafizəkar kütlənin hücumlarına məruz qalmaqdan qorxmaqda haqqlı ola bilərlər. Ramil Səfərov məsələsində də bu belə idi.


Xocalıya Ədalət kampaniyası nə dərəcədə uğurlu siyasətdir?

Birincisi, Xocalıya Ədalət kampaniyası 2012-ci ildə çox açıq-aydın göründüyü kimi hər dəfə anti-erməni kampaniyasına çevrilir. Bir milləti hədəf alana dünya necə baxar? Biz özümüz erməniləri bizi – bir milləti kütləvi olaraq hədəf almaqda ittiham edirik, amma eyni işi özümüz də görürük. Bir milləti hədəf almaq, o millətə məxsus insanların qanında problem olduğunu düşünmək, elə öz millətinin yüksək olduğunu, xüsusi qan daşıdığını düşünməyə bərabərdir və eyni qədər də yanlışdır. Əslində, bir-birimizə çox oxşayırıq. Səhvlərimiz də oxşardır.

İkincisi, bir tərəfdən Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğundan danışırıq, onlara Azərbaycan Respublikası tərkibində ən yüksək muxtariyyət statusunu təklif edirik, digər tərəfdən belə bir kampaniya başladırıq, Ramil Səfərovu qəhrəman kimi qarşılayırıq. Bizim bu “səmimiyyətimiz”ə kim inanar? Biz danışıqlarda bu vədləri səmimi etmiriksə, nə üçün danışıqları davam etdiririk? İçimiz bir cür, çölümüz başqa cürmüdür? Ermənistan tərəfinin də tam səmimi olduğuna inanmıram. Amma bu bizim də o cür olmağımıza bəraət qazandırırmı? Yoxsa, o cür olmalı olduğumuza dəlalət edir?

Üçüncüsü, ölkədə bu qədər problemlərin olduğu – bu ölkənin gələcəyi görünmədiyi halda Xocalıya Ədalət alıb da nə edəcəksən?! İctimai xidmətlərin səviyyəsindən danışmaq lazımdır. Ölkənin azalda bilmədiyimiz neft sektorundan asılılığından danışmaq lazımdır. Ən vacibi isə, “d”-si olmayan demokratiyadan danışmaq lazımdır.

Dördüncüsü, hər iki ölkədə təbliğat maşını işləyir və hər ikisi qarşı tərəfin “qan”ındakı problemlərdən bəhs edir. Hər ikisi bir millətə qarşı, əslində çox oxşadığı bir millətə qarşı, nifrət hissi aşılayır. Beyinlərə bu gün yeridilənləri bir andaca silmək mümkün deyildir. Biz bunun mənfi nəticələrini hələ konfliktin həll olunmasından da sonra görəcəyik. Bunun sonrasını düşünən varmı?İyirmi ildir gedən bu təbliğatda yetişən nəsil var. Məhv olmuş bir nəsil.

Qurtulmalı olduğumuz bu “ağıl”dır. Müharibədə olduğun dövlətdə yaşayan insanları hədəf almamaq, gənc nəsildə onlara qarşı nifrət aşılamamaq öz maraqlarından əl çəkmək demək deyil. Bu siyasət nə Azərbaycanı, nə də Ermənistanı irəli atır. Əksinə, məhv edir. İnsani dəyərləri qəbul edib, maraqlarını qorumaq bir birinə zidd deyil. Ziddirsə, maraqların yanlışdır. Hansısa illərdə tərəflərin yanlış addım atmasına səbəb olan onların qanları deyil, onları o cür düşünməyə sövq edən, onları yetişdirən təhsil sistemi, yanlış anladılan tarix, yanlış verilən xəbərlər, yanlış göstərilən yollar və propaqanda olmuşdur.

Fikrin ifadə azadlığının, yüksək keyfiyyətli təhsilin, davamlı iqtisadi inkişafın, sosial ədalətin, demokratik mühitin olduğu ölkə Xocalıya ədalətdir. Nəinki Xocalıya, hər iki tərəfdən konfliktdən əziyyət çəkən, qurban olan bütün insanlara ədalətdir. Mübarizə aparmalı olduğumuz özümüz, öz tariximiz, bu günümüzdür.  Dəyişək, dəyişdirək.