Xocalı haqqında bilmədiklərimiz

Xocalı barədə apardığımız təbliğat

Yəqin ki, məqalənin adını oxuyub gözləyirsiniz ki, mən sizə Xocalıda törədilmiş bilmədiyiniz vəhşiliklərdən danışıb ermənilərə qarşı nifrətinizi bir az da artıracağam. Amma mən bu gün başqa bir şey danışıb, 20 ildən çox bizə verilən suallara və vədlərə bir aydınlıq gətirməyə çalışacağam.

İlk öncə gəlin baxaq bizim Xocalı barədə apardığımız təbliğata. Ümumiyyətlə, Xocalını soyqırım kimi və ya başqa bir ad altında  təbliğ etməyimizin məqsədi nədir? Bu bizə nə verir və nə alır? Heç bir şey məqsədsiz olmadığı üçün bu təbliğatın da bir məqsədi olması mütləqdir. Amma mən bu informasiya müharibəsinin bir məqsədini görmürəm. Azərbaycan həqiqətlərini kiməsə çatdırmaq – bu, məqsəd ola bilməz. Dünyaya erməniləri pis millət kimi tanıtmaq – özünə hörmət edən bir ölkənin, millətin məqsədi ola bilməz.

Təsəvvür edin ki, Bakıda küçədə getdiyiniz yerdə bir qrup əcnəbi küçənin ortasında Tutsi qəbiləsinə qarşı törədilmiş soyqırımı təbliğ etmək üçün protest keçirir,  metrolarda plakatlar asır və s. Siz də oxuyursunuz və xəbərdar olursuznuz ki, Ruandada Tutsi milli azlıqlarına qarşı soyqırım törədilib. Bu məlumatı bizim bilməyimiz soyqırım nəticəsində həlak olmuş insanlara və ya onların ailələrinə və ya digər sağ qalmış insanlarına nə verir? Halbuki həmin soyqırıma ədalət gətirmək üçün Ruanda üzrə beynəlxalq tribunal qurulmuşdu. Və bu tribunal müharibə cinayətləri törətmiş insanların cəzasını verirdi.

Bu, o deməkdir ki, bu kimi hadisələrə ədalətin informasiya müharibəsi ilə gətirilməsi absurddur. Azərbaycan və Ermənistan arasında olan münaqişə zamanı törədilmiş bütün cinayətlərin araşdırılması və cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılması mütləqdir.  Ümumiyyətlə, insan haqqlarının ağır və kütləvi pozulmasına dair, xüsusi ilə də soyqırım, insanlığa qarşı törədilmiş cinayətlər və müharibə cinnəyətlərinə dair ədalətli qərarlara nail olmaq yerli məhkəmə sistemində mümkün deyil.

Ona görə bütün beynəlxalq cinayətlərin araşdırılması beynəlxalq tribunalların  səlahiyyəti olmalıdır. Təəsüflər olsun ki, Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci ildən sonra törədilmiş cinayətlərin araşdırılmasına baxır. Amma ayrıca qarışıqtipli beynəlxalq tribunalın yaradılması mümkündür.

Gəlin baxaq  informasiya müharibəsinə büdcədən sərf olunan, heç bir hesabatı aparılmayan və yeyintiyə səbəb olan pullar nəinki bizə xeyir gətirir, əksinə hətta ziyan verir. Hər gün artan nifrət, bizi münaqişənin həllindən bir qədər geri atır.

Keçək ikinci bir məsələyə: Təbliğat zamanı gedən informasiya nə dərəcədə düzgündür? Keçən il Xocalı barədə “soyqırım” yazıb poster asanlar, bu dəfə posterlərdə “qətliam” yazır. Məgər bu təbliğat kampaniyalarını hazırlayan gənclər dövlət tərəfindən maaliyələşdirilib yönləndirilmirmi?

Əgər elərdirsə, niyə bu gənclərə aydın səmimi təbliğat əvəzinə, hər il fərqli siyasət təbliğ etməyə, yalan danışmağa icazə verirlər? Bu, o deməkdir ki, biz heç özümüz üçün tam müyyənləşdirməmişik ki, hadisənin adı nədir. Özümüz üçün müəyyən etmədiyimiz bir şeyi yalanla əcnəbilərə yaymaq istəyirik. Ölkə daxilində rəsmi kanallarda və rəsmi şəxslərin verdiyi müsahibələrdə Xocalı üçün bir neçə hüquqi termin işlədib, müəyyən edə bilmədiyimiz halda ölkədən kənarda informasiya müharibəsi aparırıq.

Xocalıda törədilən cinayət soyqırımdırmı?

Bu suala cavab vermək üçün sizə soyqırımın nə olduğunu anlatmağa çalışacağam. Soyqırım sözü ilk dəfə 1944-cü ilə kimi, ümumiyyətlə mövcud olmayıb. 1944-cü ildə bu termin Avropa yəhudilərinin kütləvi şəkildə məhv edən, nasist siyasətinə aydınlıq gətirmək üçün Rafael Lemkin tərəfindən yaradılıb. Bir il sonra Nürnberqdə baş tutmuş hərbi tribunalında  nasist liderləri ittiham olunanda, hətta “soyqırım” hüquqi termin kimi yox, cinayətləri təsvir etmək üçün işlədilmişdir.

Və daha sonra artıq 1948-ci ildə “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Baş Assambleyasının Konvensiyası qəbul olunan zaman “Soyqırım” artıq hüquqi terminə çevrilir. Hər bir cinayətdə olduğu kimi, soyqırımda da cinayətin motivi (subyektiv tərəfi), cinayəti və cəzasını müəyyən etmək üçün çox vacibdir.

Yəni münaqişə zamanı kütləvi şəkildə sivil insanların öldürülməsini (və digər cinayətlərin tətbiqini) müharibə cinayəti yox, “SOYQIRIM” adlandırmaq üçün mütləq şəkildə niyyət olaraq həmin milləti yer üzündən silmək sübut olmalıdır. Misal üçün yəhudilərə qarşı törədilmiş cinayət soyqırım adlandırıla bilər, çünkü həmin ərazidə yəhudilərin kökünü kəsmək nasist siyasətinin məqsədi olub. Soyqırım daha çox bir ərazinin daxilində milli azlıqların kökünü kəsmək niyyətidir.

Azərbaycan və Ermənistan ayrı dövlətlər olduğu üçün burda soyqırım sözü düzgün deyil. Və, ümumiyyətlə, ermənilər tərəfindən azərbaycanlıların kökünü (soyunu) kəsmək niyyətini sübüt etmək asan iş deyil. Təsəvvür edin ki, 1948-ci ildə Soyqırım sözü hüquqi terminə çevrilməsinə baxmayaraq soyqırım maddəsi ilə ilk hökm 50 il sonra 1998-ci ildə Jan Pol Akayesuya Ruandada törətmiş cinayətlərinə görə çıxır.

Bir hüquqşunas kimi, mən Xocalıda baş vermiş hadisələri məhz “müharibə cinayəti” adlandırıram. Və yuxarıda dediyim kimi, bu cinayətlərin araşdırılmasına, cinayətkarların cəzalandırılmasına və bunun üçün də mütləq beynəlxalq tribunalın yaradılmasına ehtiyac var.

Qayıdaq başqa bir məsələyə: bizim torpaqlarımızın geri qaytarılması. Bu, 20 ildən çoxdur bizə vəd edilən, amma yerinə yetirilməyən bir şeydir. Və hamı da inanır ki, torpaqlarımız sülh yolu ilə qaytarılacaq.

Buna inanan insanlar bu sülh yolunu necə gördüklərini özlərinə sual veririlərmi? Yəni həqiqətən də inanırlar ki, müharibə ilə torpaqları almış ermənilər bir BMT və yaxud digər bir təşkilatın və yaxud bir ölkənin (hətta o ölkə qonşu və ya böyük demokratik ölkə olsa belə) sözü ilə həmin torpaqları geri qaytaracaq?  Bizim o torpaqları qaytarmaq üçün yalnız 2 yolmuz var:
1. Biz gərək müharibə edək.
2 Biz barışığa gedib, daha sonra torpaqların qaytarılması üçün işlər aparaq.

Biz barışığa getməsək  hər iki millətin sülh içində eyni torpaqlarda yaşamasını iddia etmək absurddur. Buna nə biz, nə də Qarabağda yaşayan ermənilər inanmır. Amma 20 il aparılmış nifrət təbliğatı nəticəsində biz yalnız zərər çəkirik. Bu insanları yenidən sülh içində yaşamasına inandırmaq üçün yenidən 20 il əks siyasət aparılmalıdır. Amma görünür, bu, nə Ermənistan, nə də Azərbaycan hakimiyyətinə sərf etmir.

Hə, mən razıyam ki, ermənilər də həmçinin bizə qarşı eyni nifrət təbliğatını öz ölkəsində aparır və bu təbliğata bizdən yüz illər öncə başlayıb. Amma bu, bizə əsas vermir ki, eyni siyasətin qurbanları olaq. Erməniləri bəyənmədiyimiz halda onları özümüzə örnək etmək də gülüncdür. Bu gün  ordaki “demokratik” şəraitdən müxtəlif fikirlər eşidirik.

 

Kimi deyir ki, biz  daha tolerantıq, kimi isə deyir ki, orda da demokratik düşüncəli gənclər var və onlar da irqçiliyin əleyhinə təbliğatlar aparırlar. Amma hər iki misaldan sonra bəzilərimiz öz arqumentlərini gətirir. Eşidəndə ki, biz daha tolerantıq, bununla fəxr etmək əvəzinə, ermənlərin bizə nifrət etməsini örnək göstəririk. Və ya ermənilərin daha tolerant olmasını eşidəndə onların bizim torpaqlarımızı zəbt etdikləri üçün daha tolerant olmasını qəbul edirik, amma öz aqressiyamıza bəraət qazandırırıq. Bir sözlə, sözdə bəyənmədiyimiz millətlə özümüzü, öz addımlarımızı müqayisə edirik.

“Camaatın uşağı” kimi bayağı mətbəx deyimini siyasətdə yürütmək kimi bir gülünc təbliğat aparırıq. Buna cavab olaraq, ermənilərin öz millətini nifərətə çağırdığı halda, niyə mənim sizi yenə tolerantlığa, sülhə çağırdığımı deyə bilərsiniz. Ola bilər. Amma mən ilk öncə öz xalqımı erməni və ya hər hansı bir xalqla müqayisə etmirəm.

Mən səsimi sizə çatdıra bilirəm, sizə deyirəm, imkanım olsa eyni şeyləri erməni millətinə də çatdırıb onları da  sülhə çağıraram. Və  mən yenə də inanıram ki, onların da rejimin apardığı siyasətə uymayan insanları var. Biz (həmçinin onlar da) anlamalıyıq ki, Xocalıda vəhşiliklər törətmiş xalq deyil cinayətkarlardır.

Bir Ramil Səfərovu misal gətirib bütün millətə “qatil” demək, Sumqayıt hadisələrinə görə bütün xalqa “vəhşi” demək nə qədər səhvdirsə, Xocalı hadisələrinə görə də bütün erməni millətinə nifrət etmək səhvdir.

Sonda demək istəyirəm ki, bizim başqa yolumuz yoxdur. Biz torpaqları qaytarmaq istəyiriksə həm siyasi tərəfdən, həm də xalqlar arası barışığa getməliyik. Və öz millətimiz arasında da irqçilik təbliğatına son qoymalıyıq. Bir binada iki qonşu təsəvvür edin. Və təsəvvür edin ki, bu qonşular heç vaxt heç bir yerə köçməyəcək. Bu qonşular bir nəsil bir-birlərinə düşmən olsalar, onların uşaqları, nəvələri bir gün barışacaq. Ona görə enerjinizi nifrətə yox problemin, münaqişənin həll yollarını tapmağa sərf edin.

Nisə Hacıyeva

Sosial Media da Paylaşaq