Üsyan Bayrağını Seçəmədik

Millətin Azadlığı

Toğrul İsaoğlu

Azərbaycanda rüsvayçılıq o yerə gəlib çatıb ki, dövləti idarəetmə sənəti, insanları aldatma və rüşvətçilik sənətinə çevrilib. Hərçənd, rüşvətlə seçilmək istəyənlər seçilmədiklərində üsyan bayraqlarını “gizli videolarla” utanmadan car çəkirlər. Ancaq millətimin bir qismi ədalətsizliyə qarşı üsyan bayrağını çəkməyə arvad kimi qorxur, o biri qismi də “üsyan bayrağını” seçməyə başları elə qarışıb ki, nəyə qarşı mübarizə apardıqlarını belə unudublar.

Elə müstəqiliyimizin başından, bizi idarə edən bu keçmiş kommunistlər sevinirdilər çünki onlar üçün “Azadlıq” öz cinayətlərinin sərbəstliyi, inqilab bir ticarət, xalq vasitə, vətən isə bir ov idi. Həmçinin, bu oyundan xəbərsiz “Xalq Cəbhəsi” isə qurbandı. Bu kommunist təfəkkürlü insanlar 20 ildir demokratiyanı və ədaləti beşiyində boğmaq üçün min bir hilə ilə həmin demokratiyanın arxasında gizlənirlər. Hətta əxlaqdan xəbərsiz bu zorbalar əxlaqsızlığı bir sistem halına deyil də bir din halına gətirdilər. Həm çıxardıqları fərmanlar həm də öz timsallarında bütün əxlaqı hissləri silməyə çalışırlar. Başqa bir tərəfdən, biz cümhuriyyətçiləri içimizdən bölmək üçün batil inanclara hiss edilən nifrəti və ateizmi özlərinə qalxan edirlər.

Bu despot rejimdə insanın ailəsini sevməsinə icazə verilir, lakin millətini sevməyə isə yox; sevdiklərini müdafiə etmək şərəfdir, lakin əzilənləri müdafiə etmək xainlik olaraq görülür. Qanunlar ancaq rejimin lehinə olarkən işləyir, əzilən millət üçün, ya qanunlar yetərsizdir ya da onların əleyhinədir. Əgər əksidirsə, niyə rüşvət rüsvayçılığı ortaya çıxan “millət vəkili” və onun “ortaqları” öz villalarındadır, lakin min bir böhtan ilə həbsə atılan cümhuriyyətin qurucuları həbsdə yada sürgündə?!

Millətin Azadlığı ancaq despot rejim tərəfindən əngəllənmir, tolerantlar və radikallar tərəfindən də hücuma məruz qalır: əksər mövzuda güzəştə getməyərək günahı bir-birilərinin üstünə atan, həmçinin gənclərdən şikayət edən yaşlı cümhuriyyətçilərə nə deməli?! Müxalifətdə və iqtidarda gənclərin təklifi ancaq təcrübəsiz bir baxış olaraq görünür, ancaq 20 illik təcrübəyə baxmayaraq hər uğursuzluqlarını təəssürat olaraq birgə paylaşırlar. Bu iqtidardan heç kimsə gənclərin səsinin dinləməsini gözləmir, ancaq köhnə zehniyyətli cümhuriyyətçilər artıq bu yolda gənclərə haray verməlidirlər.

Prezident seçkilərindən bir il əvvəl ortaq namizədi öz içimizdə (müxalifət) seçki yolu ilə seçin deyəndə yox deyən kimlər idi? Ortaq namizəd seçə bilmirik deyəndə (müxalifət) sizə gənclər tərəfindən təklif olunan namizədlərə qarşı hansı arqumentiniz var? Dövlət modelimizi və insan qaynağımızı prezident seçkilərindən əvvəl müəyyən edək deyənlərə cavabınız nə oldu? Əgər siz, “təcrübəli” cümhuriyyətçilər, belə etməyə davam etsəz despot rejimin nəticələrinin baiskarı elə siz olacaqsınız.

mm

İsaoğlu “Nümayəndə Əsaslı Modelləşdirmə və Simulyasiyanın Dinamik Rəqabət Strategiyası” mövzusu üzrə tezisi ilə Boğaziçi Universitetindən məzun olub