Totalitarizm və Azərbaycan

Rza Kazımov (Hamburq Universiteti)

Demokratik idarə quruluşunun başlıca özəlliyi çəkindirmə və balanslaşdırma mexanizminin olmasıdır. Məhz bu özəllik demokratik idarə quruluşunu praktik baxımdan ən optimal sistemə çevirir. Əsrlər boyu insanlar mütləq və total hakimiyyətdən zərər görüb, gənc nəsillər məhv olub, mədəni mühit ibtidai formasına qədər aşınıb. Fransız, ingilis maarifçiləri sonda bəşəriyyətə üç dayaqlı çəkindirmə sistemini hədiyyə etdilər. Utopiyada təsvir edilən ədaləti məmləkəti insan yox onun yaratdığı sistem, qanunların ruhu təmin edə bildi.

Niyə məhz sistem, çünki sistem nəfsdən, özünü dolandırmaqdan, varlandırmaqdan təbii olaraq uzaqdır. Sistem demokratiyanın seçki özəlliyi ilə şəffaflığını təmin edir. Demokratik idarə quruluşlarında hakimiyyətin üç qolu vardır:

–          Qanunvericilik (Milli Məclis)

–          İcra Hakimiyyəti (Prezident Administrasiyası, Nazirlər Kabineti)

–          Məhkəmə (Nəzarət və Cəzalandırma Mexanizmi)

İdeal vəziyyətdə Milli Məclis İcra Hakimiyyətinin gücünə müqabil tarazlıq yaradır. Müstəqil məhkəmə sistemi isə tərəfsizlik şəraitində qərarlar qəbul edir, pozulmuş ədaləti bərpa etməyə çalışır. Milli Məclis və məhkəmə İcra Hakimiyyətinin təsiri altına düşən zaman “Totalitar” rejim bərqərar olur. Totalitarizmdə hakimiyyət heç bir limit tanımır və mümkün olduğu qədər ölkənin ictimia mühitinə və insanların şəxsi həyatına müdaxilə edir.

İndi isə Azərbaycanda hal-hazırda totalitarizmin mövcud olduğunu isbat etməyə çalışaq. Bunun üçün ilk əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına və Milli Məclisin tərkibinə nəzər salaq. Ana Yasamızın 94-cü maddəsinə əsasən Milli Məclisdə 3 məsələ 83 səs çoxluğu ilə digər məsələlər isə 63 səs çoxluğu ilə qəbul edilir. Bu üç məsələ isə aşağıdaklardır:

  1. Azərbaycan Respublikası Prezidentinin seçkiləri
  2. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
  3. Referendum

Bu məsələlər isə praktik baxımdan az işlək olan məsələlərdir. Eyni zamanda bu tipli məsələlərdə adətən hakim qüvvələr tam gücünü sərf edir və öz mənfəətinə uyğun nəticə əldə etmək üçün bütün vasitələrdən istifadə edir, seçkilərin saxtalaşdırılmasına olan cəhdləri misal göstərmək olar. Yerdə qalan məsələlər 63 səs çoxluğu ilə qəbul edilir, dövlət büdcəsinin təsdiq edilməsi də buraya daxildir. Aşağıdakı qrafik Milli Məclisin hazırkı çağırış üçün tərkibini göstərir:

Qrafiki rəqəmlərlə ifadə etsək, Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer əldə edib, digər millət vəkilləri isə bitərəf olaraq seçiliblər. Göründüyü kimi Yeni Azərbaycan partiyası 63 səsdən daha çox səs sahibidir. Yəni İcra Hakimiyyətinin təqdim etdiyi istənilən hətta absurd bir layihə, israfçı, qeyri-effektiv büdcə heç bir çətinlik çəkmədən qəbul edilə bilər. Eyni zamanda, İcra Hakimiyyətində təmsil olunan mütləq hakim qüvvə də məhz YAP-dır.

İcra hakimiyyətini formalaşdıran partiyanın qanunvercilikdə 71 səslə təmsil olunması artıq bütün çəkindirmə sistemini pozur və konstitusiyanın mütərəqqi nəzarət təftiş mexanizmini impotent vəziyyətə salır. Bu sistem artıq demokratik deyil məhz totalitar formatdadır. Konstitusiyanın 107-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Nəzərə alsaq ki, 125 millət vəkilinin 71-i YAP-ın üzvüdür bu maddə öz qüvvəsini itirir, çünki 95 səs çoxluğunu əldə etmək nəzəri və praktiki baxımdan mümkün deyil. Biz yenə də totalitar rejimin əsas cəhətini üzə çıxarırıq, prezidentin fəaliyyətinə nəzarət mexanizminin olmadığı qənaətinə gəlirik.

Digər acınacaqlı məqam isə bitərəf deputatların sayının 42 nəfər təşkil etməsidir. Çoxpartiyalı demokratik sistemlərdə bu qədər bitərəf millət vəkillərinin olması mümkünsüzdür. Çünki partiya bağlılığı olmadan şəxsin qalib gəlməsi çox çətindir, siyasi mənsubiyyət daha geniş resurslardan istifadə etməyə imkan yaradır bu olmadıqda isə qalib gəlmə ehtimalı çox aşağıdır.

Məhkəmə sisteminin İcra Hakimiyyətindən asılılığını izah etmək nisbətən sadədir. 2005-ci ildən etibarən Məhkəmə Hüquq Şurası fəaliyyət göstərir. Məhz Məhkəmə Hüquq Şurası məhkəmə hakimiyyətinin təşkili, hakimlərin cəzalandırılması ümumiyyətlə məhkəmə ilə bağlı bütün məsələlərə nəzarət edir (Məhkəmə-Hüquq Şurası haqqında/AR qanunu, 2004). Məhkəmə Hüquq Şurasına isə Ədliyyə Nazirinin sədrlik etməsi məhkəməni icra hakimiyyətindən asılı vəziyyətə salır. Məhkəmə hakimiyyəti Ədliyyə Nazirliyinin müdaxiləsi ilə İcra Hakimiyyətinin bir qoluna çevrilik ki, bu da öz növbəsində totalitar hakimiyyətin əsas əlamətidir.

Sonda, Azərbaycan müasir dönəmdə məhz totalitar formatda idarə edilir və totalitarizmin bütün cəhətlərini gündəlik həyatımızda da müşahidə edə bilərik. Ümid edirəm, bu təqdimatdan sonra oxucularda ölkənin sistemli şəkildə totalitarizm rejimində olduğu barəsində şübhə qalmayacaq.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.