TOEFL iBT imtahanına necə hazırlaşmalı

TOEFL

Xaricdə təhsil almaq istəyən tələbələrin sayı artdıqca TOEFL/IELTS imtahanı vermək istəyənlərin sayı da çoxalır. Bu yazıda TOEFL iBT imtahanının struktru barədə danışacağam və hazırlıq prosesində sizə yardım edəbiləcək məlumatlar verməyə çalışacağam.

Əvvəla, getmək istədiyiniz ölkə, konkret olaraq isə universitetin hansı imtahanı qəbul etdiyini öyrənin. Universitetlərin çoxu hər iki imtahan nəticəsini qəbul etsə də, bəzi Amerika universitetləri yalnız TOEFL, bəzi Avropa universitetləri isə yalnız IELTS imtahanı nəticəsini qəbul edir. Bu baxımdan, əvvəldən məlumatlı olmaqda xeyir var.

TOEFL iBT – Testing of English as a Foreign Language (internet Based Test)

ETS – English Testing System tərəfindən keçirilir. 4 bölmədən ibarətdir: Oxuma, Dinləmə, Danışma və Yazma. İmtahandan ala biləcəyiniz maksimum bal 120-dir. (Hər bölmə 30 bal)

İmtahan 3.5-4 saat davam edir və kompüterlə verilir. Bu imtahanı seçərkən imtahan müddətinin uzun olması və kompüterlə işləmənin verəcəyi yorğunluğu nəzərə almaq lazımdır. Eyni zamanda, Yazma bölməsində sizdən qısa müddət ərzində (30 dəq) 300+ sözdən ibarət inşa yazmanız tələb olunacaq ki, bu da QWERTY klaviatura ilə sürətli işləyə bilmə bacarığı tələb edir. Lakin, narahat olmağa ehtiyac yoxdur, bu, intensiv çalışma ilə qazana biləcəyiniz bir bacarıqdır.

İmtahanın bölmələrini ayrı-ayrılıqda nəzərdən keçirək:

Reading: Bu bölmədə siz 3-4 elmi mətn oxuyub onlarla bağlı suallara 60-80 dəqiqə ərzində cavab verməlisiniz. Sualların əksəriyyəti test formatında olur və sizdən oxuduğunuz mətndən nəticə çıxarmağınızı, sözlərin sinonimlərini tapmağınızı, verilən cümlənin mətnin hansı hissəsinə uyğun olduğunu müəyyən etməyinizi və s. tələb edir. Hazırlıq müddətində inkişaf etdirəcəyiniz bəzi taktikalarla bu bölmədən rahatlıqla yüksək bal almaq olar.

Listening: Dinləmə bölməsində mühazirələr, sinif söhbətləri və universitetdə baş verən hallarla (campus situations) bağlı cəmi 6-9 parça dinləyib 60-90 dəqiqə ərzində suallara cavab verməlisiniz. Fikrimcə, imtahanın ən rahat bölməsidir. Mühazirələri dinlədikdən sonra suallara cavab verəcəyiniz üçün dinləmə zamanı qeydlər gütürməyiniz vacibdir.

Qeyd: TOEFL imtahanında Reading və ya Listening bölmələrindən yalnız biri uzun formatda olur. Yəni Oxuma bölməsində 4 mətnlə qarşılaşmısınızsa, bu o deməkdir ki, Dinləmə bölməsi 6 dinləmə parçasından ibarət olacaq, və ya əksinə, 3 mətn – 9 dinləmə parçası. Onu da qeyd edim ki, uzun format zamanı qarşınıza çıxan 1 mətn/3 dinləmə parçası qiymətləndirmə zamanı nəzərə alınmayacaqdır. Lakin siz hansı hissənin qiymətləndirilməyəcəyini bilmədiyiniz üçün bütün suallara bacardığınız qədər yaxşı cavab verməlisiniz.

Dinləmə bölməsindən sonra sizə 10 dəqiqə ara verilir.

Speaking: 20 dəqiqə davam edir və 6 tapşırıqdan ibarətdir. İlk iki sual sizə tanış mövzular olur və 15 saniyə hazırlaşaraq 45 saniyə ərzində cavab verməyiniz istənilir. 3-4-cü suallarda qısa mətn oxuyur və onunla əlaqəli dinləmə parçasına qulaq asırsınız. Oxuduğunuz və eşitdiyiniz məlumatı 30 saniyə ərzində sintez edərək 60 saniyə danışmalısınız. Son 2 sualda isə dinlədiyiniz parçaları 20 saniyədə ümumiləşdirərək 60 saniyə danışmalısınız. Speaking bölməsində kompüterə quraşdırılmış mikrofona danışırsınız və cavablarınız qeydə alınır.

Bu bölmədə sizin oxuduqlarınızı və eşitdiklərinizi müxtəlif sözlərlə çatdırma bacarığınız (paraphrasing) önəmlidir. Danışma bölməsi imtahanın ən sürətlə və aktiv keçən hissəsidir. Yaxşı olar ki, danışmaq üçün verilən vaxtdan tam istifadə edəsiniz. Speaking bölməsinin çətinliklərindən biri imtahan zalında hərkəsin eyni anda danışmağa başlamasıdır ki, bu diqqətinizi yayındıra bilər. Lakin hazırlıq prosesində bunu aradan qaldırmaq olar.

Writing: 2 tapşırıqdan ibarətdir və 50 dəqiqə davam edir. İlk tapşırıqda elmi mətn oxuyursunuz və mühazirəyə qulaq asırsınız. Əksər hallarda, mühazirə oxuduğunuz mətni təkzib edir. Sizin etməli olduğunuz isə, 20 dəqiqə ərzində müvafiq məlumatları sintez edərək 150-225 sözlük inşa yazmaqdır. Bu hissədə də sizin qeyd götürməniz vacibdir.

Oxuduğunuz mətn siz inşa yazarkən kompüter ekranında əks olunur, lakin məhdud vaxtı nəzərə alsaq, əvvəlcədən həm mətn, həm mühazirədən qeydlər götürməyiniz daha yaxşıdır. İkinci sualda isə, əsasən, bir fikir verilir və razı olub olmadığınız soruşulur. 30 dəqiqə ərzində 300+ sözdən ibarət inşa yazmalısınız. Qeyd edim ki, bu hissədə şablon ifadələr işlətmək yerinə güclü arqumentlər tapıb öz sözlərinizlə ifadə etsəniz daha yaxşı nəticə alarsınız.

TOEFL imtahanı ilə bağlı əlavə bir neçə məqamı qeyd edim:

İmtahanın qiyməti 185$-dır (Sentyabr, 2017). Ayda 2-3 dəfə keçirilir. İmtahan tarixi alarkən özünüzü yoxlamaq üçün sınaq imtahanları da ala bilərsiniz, həmin imtahanlarda əldə edilən nəticələr, əksərən, əsas imtahan nəticəsinə uyğun gəlir.

Elmi mətnlər və mühazirələr müxtəlif fənnlərlə bağlı ola bilər: Biologiya, Antropologiya, Botanika, Psixologiya, Sosiologiya, Kimya, İncəsənət və s. Lakin həmin fənnlərlə əlaqəli əvvəlcədən məlumatlı olmağınız vacib deyildir, sizə lazım olan bütün məlumatlar mətn/mühazirələrdə verilir. Yenə də, müxtəlif fənnlərlə bağlı terminlər öyrənməklə işinizi asanlaşdıra bilərsiniz. Mən “400 must have words for TOEFL” və “Barrons vocabulary for TOEFL” kitablarını məsləhət görürəm.

Hazırlaşmaq üçün isə imtahan formatına ən uyğun olan “Developing/Mastering Skills for TOEFL iBT” kitabını məsləhət görərdim. Əlavə olaraq Cambridge, Barrons, Delta, Kaplan, Longman və s. kitablardan “Practise Test”lər etmək olar.

Writing bölməsində arqumentlər tapmaq və cümlə strukturları ilə bağlı probleminiz varsa sizə “185 TOEFL Writing Topics and Model Essays” kitabını oxumağınızı tövsiyyə edirəm:

( http://203.71.234.246/champion/tzsavs_down/board1/upload/20061018_16385taisha.pdf  )

İmtahana az bir müddət qalmış imtahan saatında “Practise Test”lər etməklə özünüzü həm fiziki, həm də psixoloji baxımdan imtahan gününə hazırlaya bilərsiniz.

Son olaraq, imtahana hazırlıq prosesində ümumi dünyagörüşünüzün nə qədər artdığına siz də təəccüblənəcəksiniz. Mətn/mühazirələr müxtəlif elmi kitablardan götürülür və kifayət qədər maraqlı olur.

Nəticələr isə imtahan tarixindən 10-15 gün sonra online olaraq yayımlanır.

Sevinc Əliyeva

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq