Tikintilərin gələcəyi.

Toğrul Vəliyev

Tez-tez mediada biz bu və ya digər obyektinin tikintisi ilə bağlı böyük layihələrə rast gəlirik (hətta hərdən bir şəhər boyda obyektlərin). Amma iki-üç ildən sonra bu layihələr haqqında daha heç nə eşitmirik. Bir böyük şəhər olacaq yerdə sadəcə ya böyük boş bir yer əmələ gəlir, ya da tikintisi bitməmiş beş-altı mərtəbəli evlər.

2007-ci ildə elan olunmuş layihələrin biri ilə də elə bu hadisə baş verdi. Deməli, 2007-ci ildə eyni sahibkarlara aid olan bir eston və bir bolqar şirkətləri elan etdilər ki, Bakının ətrafında dəniz qırağında böyük yaşayış kompleksi tikəcəklər. Bu layihənin iştirakçısı olmaq üçün 50 min avroluq pay almaq lazım idi. Ümumiyyətlə 2007-ci il Azərbaycan kimi neft ölkələrdə artım ili idi və bu zaman tikinti də artırdı, çünki əmlakın qiyməti də bütün rekordları aşaraq artırdı.

O il müxtəlif ölkələrdən gələn sahibkarlar torpaq alaraq, öz pullarını Azərbaycan iqtisadiyyatına qoyurdular. Estoniyalılar da istisna olmadılar. 2007-ci ildən sonra 2008-ci ilin böhranı və 2009-2010-ci illərdə baş verən eniş gəldi, amma bu tikinti haqqında heç bir xəbər gəlmədi. 2012-ci ilin demək olar axırlarında xəbər aqentliklərindən biri başqa xəbərlərdən seçilməyən bir xəbər yerləşdirdi – bu sərmayə şirkəti öz iflası haqqında elan etdi. Məhz bu yolla keçmişdə böyük layihələri olan, bu gün isə heç yada salınmayan layihələr bitir.

İndi yenə də belə tipli böyük layihələrin modası başladı. Yəqin keçən illərin təcrübəsi onların tikmək qərarına heç bir təsir etməyib. Bu illərə kimi kağızda olan bütün böyük layihələri həyata keçirmək qərarı verilib. Əslində isə, bunların çoxunun ümumiyyətlə Bakının Baş Planı ilə hansı münasibətdə olduğu bilinmir. Uyğundularmı ya yox? Çünki əgər uyğun deyillərsə, o zaman gələcəkdə bu tikililəri yığışdırmaq və ya dəyişdirmək çox çətin olacaq. Bu məsələlər haqqında isə hələ heç bir fikir bildirən yoxdur…

Tikililərdə belə bir maraqlı tendensiyanı da görmək olar. Vaxtilə sənaye mərkəzləri birdən birə yaşayış rayonlarına və ya biznes-mərkəzlərə çevrilirlər. Əlbəttə, bütün dövrlərdə belə bir tendensiya var idi. Şəhərlərin əraziləri artırdı, və sənaye rayonları daha uzağa keçirilirdi. Hətta Bakının tarixində də belə bir hadisələr baş vermişdi. Hələ 19-cu əsrdə “Qara şəhər” adlanan rayonu məhz buna dəlil kimi göstərə bilərik. İndi isə yeni sənaye rayonlarının yaradılmasını görmürük, amma keçmişdə olan zavodların sökülməyini görürük. Məsələn, keçmiş ayaqqabı fabrikinin yerində indi Azərfon şirkətinin ofisi tikilib…

Yuxarıda qeyd etdiyimiz sənaye rayonu – Qara şəhərdir. Vaxtilə o, öz neft-emalı zavodları ilə məşhur idi. Baxmayaraq ki, sonralar artıq çoxlu müəssisə oradan köçmüşdü, onun adı və tarixi hələ də qalmışdı. İndi isə Qara şəhəri möhtəşəm “White City” etmək istədilər (eyni zamanda Ağ şəhər adlanan hissə Bakıda da var idi). Bu layihə mahiyyəti nədədir ki?

Məlum oldu ki, «White City» villa və yaşayış evlərinin, ticarət və biznes-mərkəzlərinin, uşaq bağçalarının və məktəblərin, parkların və s. ansamblını təşkil edəcək. Həmçinin burada sadəcə 2 km2 ərazidə 10 məhəllə olacaq. Tikili özünə görə isə elə də möhtəşəm olmayacaq. Belə ki, Sovet vaxtlarında hər il yeni bir mikrorayon istismara verilirdi, orada isə  məktəb, xəstəxana, yaşayış evləri və s. var idiç lakin villa, ticarət və biznes-mərkəzləri yox idi. Elə indi də bunlara ehtiyac çox deyil. Ticarət və biznes-mərkəzlərinin yarısı demək olar ki, boşdur.

Bu layihənin hansısa nəticəyə gəlməsi ilə bağlı çoxlu şübhələr yaranır, çünki milyonlar xərclənir, amma dəqiq nə tikiləcək (2 km-lik piyada keçidi və s.) bilinmir. Çoxu isə ümumiyyətlə lazımlı deyil. Və ya bizim hökumət artıq PR-aksiyalara keçib? Eyni zamanda şübhələrə səbəb kimi “Flame Towers”i göstərmək olar.

“Bakının simvolu” sözün əsl mənasında Bakının simvoluna çevrilib. Dəqiq şəkildə desək, Bakının tikilməmiş simvoluna. Çünki indiki dövrdə bütün Bakı belə vəziyyətdədir, tikililərin çoxu heç axıra kimi bitirilmir, lakin başlanılan tilikililərin sayı bitmək bilmir. Əgər əvvəlcə 2012-ci ilin mayı, sonra iyunu, sonra isə payızı deyilirdisə, indi 2013-cü ilin yayı deyilir. Və belə gecikmənin səbəbi – Bakının “klimatik və coğrafi vəziyyəti” – yəni ki, Bakıda olan küləklər (sən demə, Bakıda küləklər az rast gəlinən bir hadisə imiş) və zəlzələ təhlükəsi (binalar məhz belə zonalarda yerləşir)…

Hələliksə, bizə sadəcə belə layihələrin axırını gözləmək qalır…

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.