“Tatarlar” Britaniya kəşfiyyatının sənədlərində

Murad Nəsibbəyli (Mançester Universiteti)

Bu məqalə “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri” adlı  ingilis dilindəki sənədlər toplusunda (251 ədəd sənəd) yer almış 1917 və 1918-ci illərə aid Britaniya kəşfiyyatının sənədləri əsasənda yazılmışdır. Bu məqalə üç ardıcıl məqalənin birincisidir. “Tatarlar Britaniya kəşfiyyat sənədlərində. 1919-1920” adlı ikinci məqalədə həmin illərin kəşfiyyat sənədlərində mövcud olan diskurs araşdırılacaq. Nəhayət, üçüncü məqalədə iki fərqli dövrün – 1917-1918-ci il Cümhuriyyətin yaranması və ilk ayları,  1919-1920-ci il Cümhuriyyətin nisbətən möhkəmlənməsi və süqutu – diskursu müqayisə ediləcəkdir. Məqalə suallara cavab verməkdən daha çox yeni sualları ortaya çıxarır və bu sahədə araşdırmaların genişlənməsinə xidmət edə bilər. Birincisi, sənədlərdə olan anlayış və yanaşma reallığı nə dərəcədə əks etdirir? İkincisi, bu cür anlayış və yanaşmaların formalaşmasının səbəbləri hansılardır? Hansı tarixi dərslər çıxarmaq olar?

Məqalənin obyektində iki bir-biri ilə bağlı olan məsələ dayanır: (i) Azərbaycanlıların, Azərbaycan Milli Şurasının və daha sonra yaranan Azərbaycan hökümətinin Britaniya kəşfiyyatı tərəfindən necə qəbul edilməsi, qavranılması və (ii) erməni və gürcü milli komitələri ilə müqayisədə Azərbaycanlı-Tatar milli komitəsinə Britaniya hökümətinin fərqli yanaşması – münasibəti məsələləri. Məqalənin məqsədi sənədlərdə əks olunan anlayış və yanaşmaların həqiqəti əks etdirib-etdirməməsi deyil, yalnız bu anlayış və anlayışdan doğan fərqli yanaşma-münasibətin ortaya çıxarılmasıdır. Nə dərəcədə həqiqəti əks etdirib-etdirməməsi isə əlavə araşdırma mövzusudur.

Məsələlərin müzakirəsinə keçməzdən əvvəl bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, sənədlərdə yer alan bütün qeydlər heç də reallığı tamamilə əks etdirmir. Hadisələrin təhlili məlumatı ötürən şəxsin regionun ümumi vəziyyəti – tarixi, coğrafi, etnik tərkibi və s. – haqqında nə dərəcədə məlumatlı olmasından, olduğu mühitdən, müəyyən zaman kəsiyin hər hansısa qrup tərəfindən təsir altına salınıb-salınmamasından və ya şəxsi səbəblərdən dolayı hər hansı etnik, dini və ya siyasi bir qrupa simpatiya bəsləməsindən təsirlənməsi ehtimalı daim nəzərə alınmalıdır. Bununla yanaşı, məlumatların ötürülməsində şəxsin (kəşfiyyatçının) Britaniyanın regiondakı vəziyyətilə bağlı verəcəyi qərarlara təsir etmək məqsədi ilə faktları təhrif etməsi ehtimalı da mümkündür. Bütün bu subyektivliyə baxmayaraq, Britaniya arxiv sənədlərinin araşdırılması bu sahədəki ədəbiyyatın zənginləşdirilməsi, tarixi həqiqətlərin işıqlandırılmasında faydalı ola bilər.

Bu məqalədə adı keçən sənədlərin sosial konstruktivizm nöqteyi nəzərindən diskurs təhlili verilmişdir. Sosial konstruktivzm məktəbinin əsas arqumentləri ondan ibarətdir ki, sosial reallıq agentlər tərəfindən yaradılır və onların gündəlik fəaliyyətində yenidən istehsal olunur. Agentlər öz ətraf mühitindən kənarda mövcud olmurlar. Ətraf sosial mühit və agentlər qarşılıqlı müəyyənləşdirici və bir-birini təşkiledəndir (Risse, 2009: səh. 145). Bu nəzəriyyənin tərəfdarları diskurs yanaşmanı tətbiq etməklə anlayış, kimlik, maraq və davranış arasında olan əlaqənin izah edilməsinin vacibliyini önə çəkir. Diskurs sözünün mənası burada “bəyanatların formalaşmasını tənzim edən sistem kimi qəbul edilir. Diskurs yanaşmaya əsasən “şeylərin” özü-özlüklərində mənaları yoxdur, onlar yalnız diskurs içində mənalı olurlar. Biliyin obyekti dildən müstəqil olaraq mövcuddur, lakin onlar sosial həyata daxil olduqları zaman məna vermək üçün kateqoriyalaşdırılmalı və konseptuallaşdırılmalıdır (Waever, 2009: səhv. 164). Mənalar insanlar tərəfindən yaradılır və sosial fəaliyyətlərin tərkib hissəsidir. Beləliklə də, sosial fəaliyyət mənalı davranışın ifadəsi kimi görülür (Larsen, 2002: səh. 286-287; ). Sosial vahidin özü haqda və başqalarının onun haqda olan anlayışları həmin vahidin kimliyinin, maraqlarının və beləliklə də, fəaliyyətinin formalaşmasında iştirak edir. Sosial vahid eyni zamanda yuxarıda qeyd edildiyi kimi ətraf mühitin-strukturun (institutlar, dəyərlər, qaydalar və s.) formalaşmasında iştirak edir.

Bu nəzəri perspektivdən Britaniya kəşfiyyatının sənədlərində Azərbaycan xalqı və Xalq Cümhuriyyəti haqda necə bir anlayışın olmasının işıqlandırılması və sənədlərdə əks olunan Britaniya-Azərbaycan, Britaniya-Ermənistan və Britaniya-Gürcüstan münasibətləri arasındakı fərqlərin müəyyənləşdirilməsi o dövrün alınmış qərarlarının izah edilməsinə əhəmiyyətli töhvə vermiş olar.

İlk məsələ ondan ibarətdir ki, sənədlərin diqqətlə təhlilindən aydın olur ki, Britaniya kəşfiyyatında “Azərbaycanlıların və ya sənədlərdə qeyd olunduğu kimi Tatarların erməni və gürcülərdən siyasi-ictimai məsələlərdə daha bacarıqsız olmaları və dövlət olaraq varlıqlarını davam etdirmək imkanına sahib olmamaqlar”ı və ya “Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan və Ermənistan respublikalarından daha zəif imkanları olması” kimi anlayışlar mövcud idi. “1917-ci ildən sonra Azərbaycan, Gürcüstan və Ermənistanda vəziyyət” adlı sənədin 18-ci bəndində Britaniya Xəzər flotunun Denikin qüvvələrinə verilməsinin səbəbinin Azərbaycanın Xəzər dənizində bolşevik gücünə qarşı duracaq flota sahib ola bilmək imkanının acıq-aşkar olmaması qeyd edilir.

Müxtəlif sənədlərdə gürcü və ya erməni xalqlarının yüksək keyfiyyətlərə sahib olmalarından bəhs edildiyi halda, Azərbaycan xalqı – Tatarlar barəsində belə qeydlərə rast gəlinmir və ya epizodik hallarda verilir. Ermənistanda və Qafqazda hərbi vəziyyətə dair Hərbi Departamentin iyun-sentyabr 1918-ci il Memorandumunda Gürcülərin cəsur və yüksək keyfiyyətlərə sahib olmalarından, Transqafqazdakı siyasi vəziyyət haqda İnformasiya şöbəsinin Kəşfiyyat bürosunun 16 yanvar 1918-cil tarixli memorandumunda ermənilərin tarixən Avropa millətləri ilə daha yaxın əlaqədə olmasından, gürcülərin isə “centlmen” və yaxşı döyüşçü olmalarından və milli maraqlarını daha yaxşı konsolidasiya etmələrindən bəhs edilir. Tatarlarla bağlı isə Siyasi kəşfiyyat şöbəsinin Transqafqazdakı siyasi vəziyyət haqda 28 oktyabr 1918-ci il Memorandumunda belə qeyd edilir: “Azərbaycan Xalq Cümhuriyyətinin əsas zəifliyi Tatarların savadsızlığı və siyasi qabiliyyətlərinin olmamalarındadır”.  Eyni yerdə gürcülərin ermənilərdən daha çox regionda hökmran millət olmasından və özünü-idarəetmə qabiliyyətlərinin olduğunu sübut etmələrindən bəhs edilir. Yenə eyni yerdə Transqafqazın Rusiya ilə əlaqələri adlı hissədə gürcülərin heç bir halda Rusiya Federasiyasına daxil olmaqla barışmayacaqlarını, ermənilərin beynəlxalq nəzarətdə olmaqla razılaşacaqlarını, tatarların isə çətinliklə təkbaşına dayana biləcəkləri qeyd edilir.

Kəşfiyyat bürosunun 18 fevral 1918-ci il tarixli memorandumunda Cənubi Azərbaycanlılarından “vəhşi şimal-qərb farsları və qorxunc türk-tatar Şahsevən və Qaradağ tayfaları” olaraq, onların Arazı keçərək Muğana gəlmələri və burada minlərlə rus və həmçinin, tatar kəndlilərini qırmasından bəhs edilir.

Gürcü və ermənilərin sənədlərə yalnız vahid etnik adları ilə qeyd olunmasına baxmayaraq Azərbaycanlılardan “Tatar”, “Müsəlman əhalisi”, müsəlman tayfası” və ya “tatar milliyəti” kimi fərqli adlar ilə bəhs edilməsi Britaniya kəşfiyyatında millətin formalaşması prosesində Azərbaycandakı etnik qrupun gürcülərdən və ermənilərdən fərqlənməsi və ya geridə qalması anlayışının olduğunu iddia etməyə imkan verir. Bununla yanaşı, Gürcüstanın qərb və şərq hissəsində yaşayan müsəlmanların etnik fərqlərinin olub-olmamasına baxmayaraq bir çox hallarda hamısı bir kimliklə – “Məhəmmədi gürcülər” olaraq qeyd edilir. Hətta rast gəlinən bir sənəddə Azərbaycan Xalq Cümhuriyyəti əvəzinə Tatar Dövləti (“the State of Tatary”) ifadəsi işlədilir (Forin offis, Siyasi kəşfiyyat şöbəsinin Transqafqazdakı siyasi vəziyyət haqda 28 oktyabr 1918-ci il Memorandumu).

Azərbaycan haqqında ilk tutarlı müsbət münasibət 1918-ci ilin sonlarına doğru General Mayor Tomsonun Azərbaycana gəlməsindən sonra mərkəzə ötürdüyü məlumatda öz əksini tapır. Baş nazir Fətəli Xan Xoyski ilə görüşü barəsində Tomson belə qeyd edir: “…O, ağıllı adamdır, hüquqşunasdır və öz bacarığı ilə Qafqazda bizə məlum olan bütün əvvəlki dövlət qurumlarından daha qabil dövlət qurumu yaratmışdır”. Bu artıq 1918-cilin sonlarından etibarən Azərbaycanla bağlı diskursda dəyişikliyin başlanmasından xəbər verir. Buna səbəb Britaniya və Azərbaycan höküməti arasında bundan əvvəl bu qədər geniş təmasların olmamasıdır. Tərəflər arasında zəif əlaqə qarşı tərəfin yalnız bir mənalı olaraq mənfi fikirdə olması ilə nəticələnirdi. Başqa sözlə, Azərbaycan özünü izah etməkdə çətinlik çəkirdi. Haşiyəyə çıxıb, onu qeyd etmək istərdim ki, bənzər problem müstəqilliyin bərpasının ilk illərində Qarabağ müharibəsi zamanı yaşanmışdır. Bu cür problemlərin qarşısı daha sıx təmaslarına qurulması, əməkdaşlıq ilə aradan qaldırıla bilər.

İkinci məsələ isə bu anlayışlardan doğan yanaşmadır. Sənədlərdə erməni komitəsi ilə Tatar komitəsi arasında fərq qoyulduğu açıq-aydın anlaşılır. 1917-ci ilin sentyabrından 1918-ci ilin avqustuna qədər Tiflisdə Maliyyə rəhbəri təyin olunan Makdonelin 5 Dekabr 1918-ci il məlumatında Britaniyanın erməniləri dəstəkləməsi – yalnız onlara  bir milyon rubl maliyyə yardımı ayrılmasından və hər cürə dəstəyin göstərilməsindən bəhs edilir. Nəticədə, Britaniyanın da istəmədiyi bir hal yaranır, hər kəs ermənilərin Britaniya tərəfindən dəstəkləndiklərini bilir: “Bu dəfə Konsul Stevens Forin ofisdən (Foreign Office) aldığı göstəriş ilə Erməni komitəsinə Britaniya hökümətinin erməniləri hər vasitə ilə dəstəkləmək niyyətində olduqlarını bildirən sənəd təqdim etdi”. Azərbaycan tərəfinə Makdonel yardım təklif etdiyi halda Azərbaycan tərəfi rədd edir və gec qalındığını və Türkiyə ilə müqavilə bağlanıldığını bildirir. Azərbaycan tərəfinin bu addımını birmənalı qiymətləndirmək olmaz. Bir baxımdan, Britaniya hökümətinin yardım təklifini rədd etmək onların ermənilər ilə daha da yaxınlaşmasına səbəb olmuş ola bilər. Ermənilərin Britaniya tərəfindən dəstəkləndiyi üçün Britaniya hökümətinin təklifini rədd etmək əvəzinə onlarla daha da yaxınlaşmaq və ən azı, neytrallıqlarını və ya maliyyə dəstəklərini qazanmaq olardı. Digər tərəfdən, bu addım Britaniya höküməti ilə Azərbaycan Milli Şurası arasında respublikanın gələcək taleyi məsələsində fikir ayrılığının olması baxımından başa düşülə bilər. Sənədlərdə də əks olunduğu kimi Britaniya höküməti Federal Transqafqazın yaradılmasını istəyir və yalnız bu şəkildə həm Rusiyaya və həm də Türkiyə təsirinə qarşı dura bilməyin mümkün olduğun düşünürdü. Azərbaycan Milli Şurası isə müstəqil milli dövlətin mövcudluğunu, Türkiyə ilə sıx münasibətlərin saxlanılmasının tərəfdarı idi.

Qafqazda milli dərk prosesinin getdiyi, milli dövlətlərin qurulduğu bir zamanda həm gürcü, həm erməni və həm də Azərbaycan türkləri tərəfindən “Böyük Vətən” in birləşdirilməsi idealogiyaları müzakirə edilirdi. “Böyük Ermənistan” və “Bütöv Gürcüstan” məsələsinə müsbət yanaşma sənədlərdə nəzərə çarpmaqdadır. Ermənistanın ərazi bütövlüyü “gələcəkdə razı qalınacaq nizam nöqteyi nəzərindən”  bəhs edilir və “Böyük Ermənistan”ın xəritəsi çəkilir (Forin offis, Siyasi kəşfiyyat şöbəsinin Transqafqazdakı siyasi vəziyyət haqda 28 oktyabr 1918-ci il Memorandumu). Eyni şəkildə “Bütov Gürcüstan”ın sərhədləri müəyyənləşdirilir. Şimal və Cənub Azərbaycanın birləşməsi məsələsinə gəldikdə isə bir çox sənəddə bunun həyata keçirilməsinin Türklərin tərəfindən düşünüldüyünü və arzu edilən olduğunu, Azərbaycan hökümətinin isə bu barədə heç bir şey qeyd etməməsindən danışılır. Hətta o dövrün bir çox Türkiyə və Azərbaycan ziyalılarının idealogiya kimi gördüyü, həyata keçirilməsinin mümkünsüz və ya çətin olduğunu düşünməsinə baxmayaraq, “Turan” idealogiyası sənədlərdə ciddi qəbul edilir və Şimali Azərbaycan Tatarları ilə Türklər arasında möhkəm əlaqələrin yarandığı təqdirdə, Cənubi Azərbaycanın Şimali Azərbaycan ilə birləşəcəyi və nəticədə, bütün Şimali İranı, Əfqanıstanı və Türküstanı təsir altına salacağından ehtiyat olunur (eyni yerdə). Azərbaycanın deyure deyil, defakto tanınmasının səbəbinin də Şimali Azərbaycanın de yure tanınması halında, Cənubi Azərbaycanın birləşmə istəyinin yaranacağı ehtimalı olduğu hələ Xalq Cümhuriyyəti elan edilməzdən bir neçə gün əvvəl Ser Ç. Merlinqin 9 may 1918-ci il şifrəli teleqramında yer alır.

Tərəflərə fərqli münasibət göstərilməsinə – ermənilərin dəstəklənməsinə baxmayaraq, onların Qafqazdakı dağıdıcı fəaliyyətləri də 1917-1918-ci ilə aid sənədlərdə – Böyük Britaniyanın Hindistandakı hərbi qüvvələrinin baş komandanının mərkəzə ötürdüyü 20 iyul 1918-ci il  tarixli məlumatında, Forin ofisin 20 iyul 1918-ci il tarixli Bakıdakı vəziyyət haqqında memorandumunda və Britaniyanın İrandakı Ali komissarının 22 dekabr 1918-cil tarixli məxfi məlumatında öz yerini alır. Eyni zamanda ermənilərin müsəlmanlara qarşı bolşevikləri dəstəkləmələrinin yanlış olduğu da qeyd edilir:

“O zaman mən Erməni Milli Komitəsi qarşısında etiraz etmişdim və indi də o fikirdəyəm ki, müsəlmanlara qarşı bolşevikləri dəstəkləməklə onlar tarixlərinin ən böyük səhvlərindən birini etdilər. Bunun bütün günahı sülhü qorumaq üçün çalışan Bakı Erməni Milli Şurasının deyil, Daşnaksütyun adı ilə tanınan Erməni Siyasi Cəmiyyətinin üzərinə atılmalıdır”. (Makdonel, 5 dekabr 1918)

Nəticə

Bu məqalədə Britaniyanın Azərbaycanla bağlı kəşfiyyat sənədlərinin diskurs təhlili əsasında iki əsas məsələ müzakirə edilmişdir. İlk məsələ ondan ibarətdir ki, sənədlərin diqqətlə təhlilindən aydın olur ki, Britaniya kəşfiyyatında “Azərbaycanlıların və ya sənədlərdə qeyd olunduğu kimi Tatarların erməni və gürcülərdən siyasi-ictimai məsələlərdə daha bacarıqsız olmaları və dövlət olaraq varlıqlarını davam etdirmək imkanına sahib olmamaqları” və ya “Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan və Ermənistan respublikalarından daha zəif imkanları olması” kimi anlayışlar mövcud idi. Sənədlərdə Azərbaycanlılar, Azərbaycan Milli şurası və daha sonra qurulan Azərbaycan höküməti haqda 1917-1918-ci illərdə formalaşan diskursun gürcü və erməni xalqları və hökümətləri haqda formalaşan diskursdan mənfiyə doğru fərqlənməsi müəyyənləşdirilmişdir. Bu anlayışların nəticəsində isə daha sonra isə fərqli münasibətlərin yaranması müzakirə olunan ikinci məsələdir. Sənədlərdə mövcud olan fərqli münasibət ondan ibarətdir ki, Britaniya höküməti Ermənistan və Erməni milli şurasını, “Böyük Ermənistan”ın qurulmasını hər vəchlə dəstəklədiyi halda, Azərbaycanlılara-Tatarlara şübhə ilə yanaşmış və Azərbaycan və Türkiyə arasıda əlaqələrin qurulmasına təhlükə kimi baxmış, Azərbaycan höküməti tərəfindən müzakirə olunmadığı halda, bötüv Azərbaycanın qurulması və Türkiyə ilə sıx əlaqələrin Əfqanıstana və Türkistana yayılacaq qədər güclü təsirindən – bir sözlə, Turan idealogiyasından ehtiyatlanmışlar.

Ədəbiyyat:

Mahmudov, Y., 2008. “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri”. Bakı: Azərbaycan Milli Elmlər Akademiyası

Waever, O., “Discursive Approaches”, 163-180. Wiener, A., & Diez, T., 2009. “European Integration Theory”. 2nd eds. Oxford: Oxford University Press

Risse, T., “Social Constructivism and European Integration”, 144-160. Wiener, A., & Diez, T., 2009. “European Integration Theory”. 2nd eds. Oxford: Oxford University Press

Larsen, H., 2002. “The EU: A global military actor?”. Cooperation and Conflict: Journal of the Nordic International Studies Association. Vol. 37 (3): 283-302

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.