Sosial Siyasət sahəsindəki demokratik defisit

Murad Nəsibbəyli 

Digər sahələrdən fərqli olaraq sosial sahədə siyasət-yaratma prosesində vətəndaş cəmiyyəti quruluşlarının iştirakı əhəmiyyətli dərəcədədir. Parlament, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni qanunvericilik aktlarının hazırlanmasında və yerinə yetirilməsində qeyri-hökümət təşkilatları ilə yaxından əməkdaşlır edirlər.

QHT və dövlət orqanlarının mütəxəssislərindən ibarət müxtəlif işçi qrupları qurulur, birgə konfranslar keçirilir və yeni qanunlar, proqramlar və yerinə yetirilmə mexanizmləri hazırlanır. Parlament və hökümətin QHT-lər ilə bu cür əməkdaşlığı təqdirə layiq haldır və vətəndaş cəmiyyətinin inkişafına mühüm bir töfhədir. Bu əməkdaşlığı daha dərindən tədqiq edəndə isə bir neçə problemin olduğunu görmək olar. Problemlər texniki deyil, yanaşma ilə bağlıdır.

Siyasət yaratma prosesində həm nazirliklərin və həm də nazirliklərlə əməkdaşlıq edən QHT-lərin yanaşması aşağıdan yuxarıya doğru (bottom-up approach) deyil, yuxarıdan aşağıya doğru formalaşan (top-down), siyasət yanaşmasıdır. Demokratik olan aşağıdan yuxarıya doğru yanaşma o deməkdir ki, insanların ehtiyacları öyrənilir və prioritetləşdirilir və buna uyğun qanun və proqramları qəbul edilir və yerinə yetirilir. Nazirliklərin və bu nazirliklərlə əməkdaşlıq edən QHT-lərin yanaşması isə ondan ibarətdir ki, çox az sayda QHT-ləri təmsil edən və nazirliklərdən olan ekspertlər öz şəxsi düşüncələri əsasında ehtiyacları müəyyənləşdirir və prioritetləşdirirlər.

Çox zaman QHT-lər öz profillərinə və donor tələblərinə uyğun, nazirliklər isə öz resurslarına və fəaliyyət sahələrinə uyğun olaraq bu ehtiyacların müəyyənləşdirir və prioritetləşdirirlər. Həm QHT-lər və həm də nazirlikər öz fəaliyyətləri zaman əldə etdikləri təcrübə və müşahidələrinin ehtiyacların öyrənilməsi və prioritetləşdirilməsi üçün kifayət etdiyini və onların vəziyyəti hər kəsdən doğru müşahidə etdikləri üçün daha doğru qərar verə biləcəklərini düşünürlər.

Bu isə yanlışdır. Demokratik deyil. QHT-lər hər nə qədər insanlarla sıx təmasda olsalar da, bu onların ehtiyacları doğru müşahidə etdiklərinə bəraət qazandırmır. Ən azından ona görə ki, QHT-lər səbəb əsasında deyil (cause-based), donor tələbinə uyğun (donor-driven) fəaliyyət göstərirlər. Ehtiyacların öyrənilməsi fəaliyyətin səmərəliliyinin və təsirliliyinin artırılması üçündür.

Digər bir məsələ isə qurulan siyasət şəbəkəsinin çox dar olması və məhdud sayda QHT-ləri əhatə etməsidir. Siyasət şəbəkəsinin genişləndirilməsi isə nə həmin şəbəkədə olan QHT-lərin və nə də nazirliklərin marağındadır. Həmin QHT nümayəndəliklər bu cür siyasət şəbəkələrini bir “bazar” kimi görürü və bir-biriləri ilə əməkdaşlıq deyil, rəqabət aparırlar. Siyasət şəbəkəsinin genişləndiriləsinin nazirliklərin marağında olmamasının səbəbi isə ondan ibarətdir ki, onlar çox sayda qeyri-hökümət təşkilatın iştirak etməsini idarəedilməz hesab edirlər. Siyasət şəbəkələrində QHT-lərin sayının artması nazirliklərin həm də bu şəbəkə qarşısında daha hesabatlılığını artır.

Eyni zamanda, belə genişlənmə qeyri-hökümət təşkilatlarının nazirliklər üzərində təsirinin artmasına səbəb ola bilər. Bütün bunlar isə nazirliklərin marağında deyil. Bir sözlə sosial siyasət sahəsində “seçilmiş” ekspert qruplarını təkəlçiliyə sahibdirlər. Bəs, necə oldu ki, sosial sahədə bu cür ekspert qrupları yarandı? Bu cür siyasət şəbəkələrinin yaranmasında nazirliklərin maraqlı olmalarının səbəblərindən birincisi onların ilk zamanlarda və hazırda da kifayət qədər ekspertlərinin olmaması, ikincisi isə kiçik bir qrup vətəndaş cəmiyyəti quruluşların ilə əməkdaşlıq etməklə öz fəaliyyətlərinə vətəndaş cəmiyyəti önündə legitimlik qazandırmaq istəkləridir.

QHT-lər isə bu cür siyasət şəbəkələrində düşməklə “seçilmiş” QHT-lərə çevrilirlər. Nazirliklərlə qurulmuş əlaqələr və xoş münasibət onların fəaliyyətlərini asanlaşdırır. İctimai satınalmalarda isə yalnız bu cür şəbəkələrə qoşulmuş QHT-lər uğurlu olur. Baxmayaraq ki, QHT-lərin fəaliyyətlərinin ən əsas səbəbi vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır, onlar bu səbəbdən uzaqlaşır, daha çox maraq və qazanca əsaslı fəaliyyət göstərirlər. Beynəlxalq təşkilat olan UNICEF-in də bu cür qeyri demokratik prosesə göz yumması və sahib çıxması başa düşülən deyil.

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.