Sındırılmış Azərbaycan Gəncliyi

Xəyyam Namazov

Başımızı qaldırıb o qədər də uzaqda olmayan Avropaya baxsaq görərik ki, bu cəmiyyətlərdə baş verən köklü dəyişikliklərin əksəriyyəti keçmişə, onun çağla uyuşmayan qayda qanunlarına, düşüncə tərzinə və yaşam stilinə üsyan və narazılıqlar üzərində qurulub…

Dəyişim və Nəsillər Arası Savaş

Sosial dəyişimi müəyyənləşdirən onlarla səbəblərdən biri də nəsillər arası münaqişə və savaşdır. Bir tərəfdə keçmiş qayda qanunların, düşüncə və həyat tərzinin daşıyıcısı, təbliğatçısı və qoruyucusu valideynlər, digər tərəfdə isə yeniliklərin və dəyişimin katalizatoru gənclər. Bir cəmiyyətin dəyişib dəyişməyəcəyini bu savaş müəyyən edir.

Öz valideyni ilə razılaşmayan və ona qarşı çıxan övladlar, heç 18 yaşı olmamış evi tərk edən və özü üçün ayrı həyat quran gənclər, bütün qərarlarını özü verən və öz həyatının hakimi olan bir gənclik. Bəli, qərb cəmiyyətlərindən danışıram. Keçmişə təslim olmayan, yaşadığı cəmiyyətin qaydalarını hər dəfə yeniləyən və təkminləşdirən bir gənclikdən.

Bəs biz? Yüz illər boyu eyni qalmış cəmiyyət. Orta əsrlərdən qalma və çağa uyğun olmayan qaydalarla və həyat tərzi ilə yaşamağa məhkum olunmuş gənclər. Öz valideynlərinə və onların timsalında keçmiş qayda qanunlara, həyat tərzinə məğlub olmuş, təslim olmuş, əsrlərdir sındırılan bir gənclik.

Bəli, iki fərqli mədəniyyət, iki fərqli gənclik və iki fərqli aqibət… Onlarda gənclik hər zaman qalibdir. Çünki, qalib gəlmiş valideynlərin övladlarıdırlar. Psixoloji rahatdırlar və tamdırlar. Dəyişimi mədəniyyətlərinin bir parçasına çeviriblər. İnkişafın dəyişimlə olduğunu anlayacaq qədər ağıllıdırlar.

Biz isə… tarix boyu məğlub olmuş gənclər. Məğlub valideyinlərin övladları. Natamamlıq kompleksi içində boğulan bir cəmiyyət. Dəyişimdən hürkən və qorxan. Dəyişimi və dəyişdirən hər kəsi düşmən kimi görən bir zehniyyət.

Gəncliyin və yeniliyin nümunəsi, Əli Əkbər. Ölkəni tərk etdi və bu sözləri dedi: “sizin qarşınızda gücsüzəm. Bəli, bunu deməyə utanmıram – gedişim aciziliyimin etirafıdır. Mən sizinlə, bu sistemlə təkbaşına bacara bilmirəm…”

Bəs tarix boyu var olan bu süstlüyün, cəsarəsizliyin və acizliyin səbəbi nədir?

Fərd ola bilmək…

Dəyişim, fərd olmaqdan başlayır. Fərd olmaq – “öz bədəni və ruhu (ağıl) üzərində hakim olmaq” deməkdir (J. S. Mill).

Bəs Azərbaycan gənci bu özəlliyə malikdirmi? O öz ruhunun hakimidirmi? Öz qərarlarını özü verə bilirmi? Təbii ki də, əsla. Onun ruhunu (ağlını) valideynləri inhisara alıblar. Onun haqqındakı bütün qərarlar valideynlərinə məxsusdur. Qarşılığında isə məişət ehtiyacları ödənilir.

Bəs Azərbaycan gənci öz bədəninin hakimidirmi? Seksual istəkləri və davranışları, o cümlədən bədəni haqqında digər məsələlərdə sərbəstdirmi? Təbii ki də, əsla. Xanımlar başda olmaqla bu gənclik öz bədənindən sadəcə həyatda qalmaq üçün və valideynlərinin icazəsi ilə istifadə edirlər.

Öz bədəni və ruhu üzərində hakim olmayan, özü özünü idarə edə bilməyən gənclər. Yəni, hələ fərd yetişdirə bilməmiş bir cəmiyyət (istisnalar hər zaman vardır). Cəmiyyəti fərdlər dəyişdirirsə fərdsiz cəmiyyət necə dəyişəcək?!

Siyasi vəziyyət…

Fərdin yetişmə şəraiti azadlıqdır. Bu cəmiyyət tarix boyu demokratiya və hüquq dövləti görmədi (bir neçə illik istisnaları çıxmaq şərti ilə). Siyasi və hüquqi sistem heç vaxt bu gəncliyin azadlıqlarını dəstəkləmədi. Tarix boyu konservatizm, dini mühafizəkarlıq, ənənəçilik, mütləqiyyətçilik, yalançı patriotizm və millətçilik təbliğ olundu bu gənclərə. Paternalist (ailə, sosial və siyasi ideraetmədə qərarların rəhbər və ideal qəbul edilən şəxslər tərəfindən verilməsini dəstəkləyən bir baxış) bir zehniyyət aşılandı. Ailədə və bütün sosial-siyasi institutlarda paternalizm gördülər, onu öyrəndilər, paternalist birinə çevrildilər. Bir sözlə həmişə idarəedən valideyinlər (keçmiş qaydalar) oldu.

İqtisadi vəziyyət…

Öz iqtisadi azadlığını əldə edə bilmədi bu gənclik. Çünki iqtisadi şərait (azad bazar iqtisadiyatı, ədalətli rəqabət və.s kimi halların olmaması) heç vaxt buna əl vermədi. Buna görə də, maddi olaraq valideynlərindən asılı oldu, onların dəyərlərini və həyat tərzini mənimsəmək məcburiyyətində qaldılar. Maddi olaraq azad olmayan bu gənclər məişət və dolanışıq əvəzində valideynləri tərəfindən alınan ruh (ağıl) və bədənləri üzərindəki hakimiyyəti necə onlardan geri alsın?!

Nə etməli?!…

Nəmi etməli?! Hər şey bəlli. İqtisadi azadlıq lazım bu gəncliyə. Sadəcə bununla yüzilliklər boyu qalmış adətləri dəyişdirmək olacaqmı? Bəli, tarixi dəyişdirmək inqilabdır, Fransız, Alman, İngilis xalqının etdiyi kimi. Mədəni inqilab lazımdır bu gəncliyə, zehinlərdə inqilab.  Qarşı çıxmalıdırlar valideynlərinə, onların timsalında, keçmiş qaydalara və qanunlara, həyat tərzinə və köhnəlmiş dəyərlərə. Öz ruhunu və öz bədənini geri almalıdır bu gənclik. Özü üzərində hakim olmalıdır hər bir gənc, bir sözlə fərd olmaldır. Sonra nəmi etməli? Fərdlər özləri bilirlər nə etmək lazım olduğunu…

Gənclərin sözü: Özündən böyüyə yox, özünə hörmət et.

Qeyd: Necə də qorxulu səslənir öz valideyninə, böyüyə qarşı çıxmaq, elə deyilmi? Bu qorxu yüz illiklər boyu sındırılmış Azərbaycan gəncliyinin qorxusudur. Budur ata babalarından miras qalan şey sənə. Köləlik geni…