Şeytanın Kitabı – Seçilmişlər (2)

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)

Yazının 1-ci 3-cü hissəsini bu linklərdən oxuya bilərsiz.

P.S.  Bu yazını oxumamışdan öncə Müqəddəs Kitablardan (Tövrat, İncil, Quran) ən azı birini oxumağınız məsləhət görülür

QANUNLAR

Bir çox zülmün səbəbi olacaq Qanunlar…

Sadiq qul…

 

Hər şeydən əvvəl əbədi bir həyat, Şeytan və mələklər cənnət içərisində öz Yaradıcılarına ibadət şəklində yaşayırdılar. O vaxta kimi ki, Adəm yarandı və hər şey dəyişdi.

Mələklərə və Şeytana əmr olundu, “Adəmə səcdə edin!”[1], (ibadət deyil, təzim məqsədi ilə) öz yaradıcın olmayan birisinə, Tanrıdan başqa birisinə.

Bütün mələklər səcdəyə qapandı. Onun hüzurunda ət və qanın – insanın, bir yaradıcıymış kimi, sanki tanrıymış kimi.

Şeytan isə: “yox” dedi. Və Tanrıya qarşı çıxdı. Tanrıdan başqa ilk hakimiyyət nümunəsinə. O Azadlıq istədi. Tanrı və mələklərin gözündə “kafirlərdən oldu”[2], və bu bəyan edildi, o lənətləndi.

Şeytan dünyanın ən böyük kədəri içərisində. Yaradıcısı ondan üz döndərmişdi. Amma o ümidli idi. Çünki, Tanrının ən böyük əmrini bilir və əməl edirdi. “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev”[3]

İnsan qovulur…

Şeytan üçün hər şey daha çətin idi. hiddət, nifrət və qisas hissləri alovlandırırdı. Bəs kimdən qisas alınacaqdı? Tanrıdan? Mələklərdən? Yoxsa insandan?

O isə seçimini fərqli etdi, Qanunlardan. Onu Tanrı önündə lənətləyən Qanunlardan, qadağalar qoyan qanunlardan və gələcəkdə bir çox zülmün səbəbi olacaq Qanunlardan.

Adəm və sövcəsi Cənnətdə gözəl bir məkanda yaşayır. Hər şey gözəl, xoş, firavan və sülh içində. Tək bir qanun var – qadağan olunmuş bitkidən yeyilməyəcək.

Amma Şeytan bütün qanunlara düşman. Şeytan bütün qadağalara düşmən. O tək olsa belə. Adəm və zövcəsi Qanunlara əməl etməməli idi. “Şeytan onları azdırıb[4], qanunları sındırdı və cənnətin tək qadağası da yox olmuş oldu.

Tanrının qəzəbinə tuş gəldi onlar. Cənnətdən qovuldular yer üzünə buna görə hər üçü. Cənnət bağlandı onların üzərinə. İnsana xəbərdarlıq edildi, sizə yeni Qanunlar gələcək deyə, onlara əməl edən Cənnətə qayıdacaq, digərləri isə atəş içinə.

İnsan yeni Qanunlar və qadağalar gözləməkdə. Amma Şeytan Qanunlara düşmən, Şeytan qadağalara düşmən…

Kəlam…

İnsan yer üzərinə gəldi və burada yaşamağa başladı. Çoxaldı, genişləndi, təşkilatlandı və minlərcə, milyonlarca fərqli insanlara bölündü. Bir birlərindən fərqli. Hər kəsin özünə məxsus həyatı vardı. Onlar üçün əvvəlcədən hazırlanmış kəlamlar göndərildi, Qanunlar şəklində. Amma insanlar fərqli, anlamaqları fərqli.

Kəlamların çoxu məsəllər şəklində gəldi onlara, səbəb isə çox qəribə. “Kənardakılara hər şey məsəllərlə söylənilir ki, onlar baxa baxa görməsinlər, eşidə eşidə anlamasınlar. Əks təqdirdə onlar dönər, (günahları) bağışlana bilərdi.”[5]

Sanki məqsəd, qanunların hökmünü və gücünü görsətmək onlara. Əsas olan qanunlar, əsas olan qadağalar. Əzab çəkən isə yenə insanlar.

 

Elçilər…

Elçilər seçildi insanlar arasından, göylərdən gələn Qanunları onlara bildirmək üçün. Müqəddəs ruh vasitə oldu Tanrı ilə elçilər arasında. Yeni yeni elçilər, yeni-yeni Qanunlar və qadağalar.

Tabe olanlara müjdə verdi elçilər, (ağacları) altından çaylar axan cənnətlər (bağlar) və  “(hər cür eyibdən) pak olan zövcələr[6] vəd etdi onlara. Tabe olmayanlara isə “zəncirlər, qandallar və alovlu bir atəş”[7]

İnsanlar arasında inananlar və inanmayanlar oldu. Tabe olanlar və olmayanlar. Tabe olmaq istəyənlər və istəməyənlər.

Elçiləri övənlər oldu və onların əmrlərinə əməl edənlər. Elçiləri lənətləyənlər oldu və onları öldürənlər.

 

 SƏRHƏDSİZ HAKİMİYYƏT

Qanunlar seçir. Seçilmişlər….

Yerin hökmdarları…

Göylərin hökmdarı bəlli. Göylərdəki bütün varlıqların ona ibadət etdiyi, hər şeyi heçdən yaradan Tanrı. Bəs yerin hökmdarı kimdir? İnsanları yer üzərində idarə edən?

Bunu da Qanunlar müəyyən edir. Bir çox şeyləri müəyyənləşdirdiyi kimi. Yer üzərindəki bütün hakimlər Tanrı tərəfindən seçilmişdir deyir. Onlara tabe olmağı əmr edir. Yer üzərindəki bütün hakimiyyətlərin qaynağı Tanrıdır deyir Qanunlar.

“Hər adam öz üzərində olan hakimlərə tabe olsun. Çünki Tanrı tərəfindən olmayan hakim yoxdur, mövcud olan hakimlər də Tanrı tərəfindən təyin olunmuşdur.”[8]

Budur, Qanunlar insanlar arasından seçir. Bir Seçilmişlər qövmü yaradır, bütün insanlığı idarə etmək üçün. Və əmr edir insanlara şərhsiz tabe olmağı. Əks təqdirdə “hakimə müqavimət göstərən, Tanrının qurduğuna qarşı durur”[9] deyir. Cəza isə yenə məhkumiyyət.

Qanunlar bununla sərhədsiz bir hakimiyyət verir hökmdarlara. Onları məhdudlaşdıracaq bir şey yox, hesab soracaq birisi. Bununla gələcək zülmlərin əsasını qoyur Qanunlar.

Tanrının evi…

İnsanların Tanrıya ibadət edəcəkləri bir məkan yaratdı Qanunlar. Oraya Tanrının evi deyildi. Bu evdə yeni zümrə yaradıldı , Qanunları insanlara anlaşıqlı etmək üçün. Çünki bu evdən, bu zümrədən “kənardakılara hər şey məsəllərlə söylənilir ki, onlar baxa baxa görməsinlər, eşidə eşidə anlamasınlar.”[10] Tək bu ev daxilindəkilər və bu zümrədən olanlar Qanunların əsl mənasını insanlar üçün aça bilərdi. Haqq olanı onlara bildirə bilərdi.

Qanunlar yenidən seçir. Bu dəfə hökmdarları deyil. İnsanlara necə inanacaqlarını, Tanrıya necə ibadət edəcəklərini, necə bağışlanacaqlarını və necə bir həyat sürəcəklərini deyən bir Seçilmişlər zümrəsini – Ruhaniləri.

Budur, Qanunlar yeni bir sərhədsiz hakimiyyətin əsasını qoyur. İnsanın insan üzərindəki yeni bir məhdudiyyətsiz hakimiyyətinin əsasını.

Sadəcə əməl et…

Düşünmə sadəcə əməl et dedi Qanunlar. Sən Tanrı deyilsən ki, nəyin haqq nəyin batil olduğunu müəyyən edəsən. Sən sadəcə sənə deyilənlərə əməl et. Sadəcə qəlbinlə inan dedi Qanunlar.

Bəs kim deyəcək haqqın nə olduğunu? Təbii ki də, Qanunlar və Qanunların seçdiyi Seçilmişlər zümrəsi və Seçilmişlər qövmü. Çünki tək onlar bilirlər Qanunların əsl mənasını və həqiqət olanı.

Bununla Qanunlar Bədənə qadağa qoyduğu kimi, insan ağlına da qadağa qoydu. Onu düşünməkdən məhrum etdi. Düşünənləri cəzalandırdı və lənətlədi.

Beləliklə Qanunlar yeni bir sərhədsiz hakimiyyətin əsasını qoydu. İnancın Ağıl üzərindəki sərhədsiz hakimiyyətini. İnan, eşit və sadəcə əməl et dedi Qanunlar. Düşünmək isə Seçilmişlərə məxsus.

Onlar Seçilmişlərdir…

Onlar seçilmişlər Qanunlar tərəfindən. Onların hakimiyyəti sərhədsiz və onlardan hesab soran yox. Onların dedikləri hər şey haqqdır və həqiqət olandır. Əməl edən haqqdandır əməl etməyən batil və iblis. Əməl edən mükafatlandırılacaq əbədi dünyada və bu dünyada, büdrəyənlər isə cəzalandırılacaq bu dünyada və əbədi dünyada.

Onlar hökmdardırlar. Onların hakimiyyətləri sərhədsiz. Onların ordusu var, qulları və nökərləri. Onların qılıncı var cəzalandırmaq üçün və əmr etmək üçün qələmləri. Həm qılınc həm qələm haqqdandır və haqq olandır. Çünki onlar seçilmişlərdir. Qarşı gələnlər isə batil və iblis.

Onlar seçilmiş insanlardır, Seçilmişlər Qövmü. Cəza verirlər qələm və qılıncla. Qılınc bədənə hakim, qələm isə ağıla. Onlar zülm verirlər qələm və qılıncla. Qələm ağlı kəsər, qılınc isə başları. Günah isə sərhədsiz hakimiyyətə və zülmə qarşı çıxma.

Onlar seçilmiş insanlardır, Seçilmişlər Zümrəsi. Cəza və zülm verirlər alov dolu atəşlə. Bədənləri yandırarlar odlar içərisində. Məqsəd cəza və ibrət. Deyilən səbəb isə günahların yuyulması. Günah isə ağıldan və bədəndən istifadə.

Onlar Seçilmişlərdir. Tanrı və Qanunlar tərəfindən.

Zülm…

Hər kəs insana düşmən. Hər şey insana düşmən. Zülm verir hər bir şey. Yaşamaq çox çətin.

Qanunlar insana düşmən. Zülm verir Bədənə və onun istəklərinə məhdudiyyətlər.  İnan deyir sadəcə, düşünmə və ağıl işlətmə. Zülm verir bədənə, cəzalandırır və yandırır düşünən bütün bədənləri. Zülm verir İnsana Qanunlar. Zülm verir Seçilmişlər və onların sərhədsiz hakimiyyətləri. Başlar kəsilir, bədənlər yandırılır. Cəza və ibrət üçün.

Hər kəs insana düşmən. İnsan insana düşmən. Zülm verir hər bir şey. Səbəb isə sərhədsiz hakimiyyət.

ardı var…


[1] Quran, Əl-Bəqərə 34

[2] Quran, Əl-Bəqərə, 34

[3] İncil, Matta 22:37

[4] Quran, Əl-Bəqərə, 36

[5] İncil, Mark 4: 11-12

[6] Quran, Ali İmran, 15

[7] Quran, əl-İnsan, 4

[8] İncil, Romalılara 13:1

[9] İncil, Romalılara 13:2

[10] İncil, Mark 4: 11-12

 

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)