Rusiya Hərbi İslahatları və yeni silahlar haqqında

Fuad Şahbazov

Neft və qaz hesabına hərbi büdcəsini təmin edən Rusiya, 2012-2020-ci illər tarixində ordunun tam müasirləşdirilməsini nəzərdə tutur. Hərbi islahatlara əsasən Rusiya öz Silahlı Qüvvələrinin bütün sahələrində o cümlədən də hərbi arsenalın yenilənməsi məsələsinə ciddi fikir verir. Bu məqsədlə də ölkə yeni islahatlara 770 milyard dollar maaliyyə vəsaiti ayırıb.

Heç kimə sirr deyil ki, Rusiya dünyanın ikinci ən çox silah ixrac edən dövlətidir və öz daxilində ağır hərbi sənayeyə malikdir. İstehsal edilən ağır zirehli maşınlar arasında, 2013-cü ildə hazırlanması nəzərdə tutulan yeni “Armata” tankları var. Tankın əsas xüsusiyyəti onun keçmiş modelinə nisbətən daha ağır olması və yeni naviqasiya sistemi ilə təchiz edilməsi olacaq. Hesablamalara görə bu tank 2014-cü ildə istifadəyə veriləcək. Müdafiə Nazirinin müavini, General Yuriy Borisovun sözlərinə görə Rusiya 2014-2015 illər ərzində 150 belə tankın istehsalını nəzərdə tutub. İndi yeni islahatlar üçün nəzərdə tutulan həmin silahlara diqqət yetirək:

AK-12 Kalaşnikov

AK-12 Kalaşnikov modeli çoxlarımızın görməyə adət etdiyi AK-47 silahının yeni və müasirləşdirilmiş formasıdır. Silah rəsmi şəkildə istifadəyə verilməsə də onun haqqında ictimaiyyətə kifayət qədər məlumat verilib. Yeni hazırlanmış silah nişanalmaq üçün snayper tipli optik nişangahla və yeni daraq sistemi ilə təchiz olunub. Bu daraq sistemi silah istifadəçilərinə böyük üstünlük vəd edir. Belə ki, yeni daraqlarda güllələrin sayı daha çox və dəyişdirilməsi daha rahatdır. Dəyişməyən tək detal silahın 3.3 kq olan çəkisidir.

SU-35

Ən son nəsil sayılan 5-ci nəslin nümayəndəsi SU-35 qırıcı təyyarəsi Müdafiə Nazirliyinin sifarişi ilə “Sukhoy” şirkəti tərəfindən hazırlanmışdır. Təyyarənin qarşıdakı bir neçə ay ərzində silahlanmaya daxil olacağı gözlənilir. Mətbuatın verdiyi xəbərə görə təyyarənin sınaq uçuşları hələ də davam edir. Hərbi Hava Donanmasının nümayəndəsi,  polkovnik Vladimir Kurkun sözlərinə görə təyyarələrin ilk partiyası 2013-cü ilin fevral ayında istifadəyə veriləcək. Təyyarənin yüksək manevr qabiliyyətinin, habelə atəş gücünün yüksək səviyyədə olması səbəbilə Müdafiə Nazirliyi “Sukhoy” şirkəti ilə 48 əlavə təyyarənin də istehsal edilməsi ilə bağlı müqavilə imzaladı. Təyyarələrin istismara verilməsi 2015-ci ilə qədər davam edəcək.

Təyyarənin ilk sınaq uçuşları 2008-ci ildə başlamışdı. Təyyarənin sürəti saatda 2,5 min km-ə çatır və 3,4 min km məsafəni uçmaq qabiliyyətinə malikdir. Uçuş radiusu 1,6 min km-dir. Eyni zamanda 30 mm-lik silahla və 12 uzaq məsafəli raketlə təchiz edilib.

Raket əleyhinə müdafiə sistemi S-500 “Triumfator M”

Rusiyanın bundan əvvəl malik olduğu raket sistemlərinin ən müasir forması hesab edilən “Tirumfator M” hər cür hava obyektini məhv etməyə qadirdir. Hazırda istehsal və sınaq mərhələsində olan S-500-ü digərlərindən fərqləndirən əsas xüsusiyyət raket kompleksinin hərəkət etmə funksiyasına malik olmasıdır. Bu funksiya ilə kompleks bir əməliyyat bölgəsindən digərinə rahat şəkildə hərəkət edə biləcək.

TOPOL-M

TOPOL-M raket sistemi Rusiya hərbçiləri tərəfindən hazırlanan ilk silah kompleksi hesab edilir. Bu gün də ölkənin hərbi elitası bu silaha çox böyük ümidlər bəsləyir. Silah özündə “Nüvə gücü və partlayışını” birləşdirir və eyni zamanda Nüvə silahından sonra ikinci ən ölümcül raket sistemi sayılır. Raket onu hər yerə problemsiz daşıyan nəqliyyat vasitəsinin üzərində quraşdırılıb və əsas üstünlüyü düz nişan alma qabiliyyətinin çox dəqiq olmasıdır. Həmçinin silaha əlavə edilən yeni funksiya onu bütün radar sistemləri üçün gözə görünməz edir.

Bu islahatlarla Rusiya 2015-ci ilə qədər bütün silah arsenalını modernləşdirməyi planlaşdırır.

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq