Rəsmi Məscid

Ziya Oktay 

Keçən aylarda medyadakı bir  xəbərə görə, ‘’Bakı şəhərində yeni məscid kompleksi tikiləcək. Prezidəntin rəsmi saytına istinadən verilən məlumata görə, bununla bağlı prezidənt İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti yeni məscid kompləksinin tikintisi üçün Binəqədi  rayonu  ərazisində  torpaq sahəsinin    ayrılmasını təmin etməlidir.

Yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 10 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinətinə isə digər məsələləri həll etmək tapşırığı verilib.’’(http://anspress.com/index.php?a=2&lng=az&nid=165071)

Prezidentin bu sərəncamını eşitdikdən sonra ilk ağla gələn sual, belə bir  məscidə müsəlmanların ehtiyacı  olub olmadığıdır. Görəsən, prezident müsəlmanların belə bir məscidə ehtiyacları olduğu qənaətinə necə vardı? Görəsən, prezident müsəlmalardan, onların lidərlərindən məlumat aldı yaxud da belə bir istəklə qarşılaşdıqdan sonra bu qərarı verdi?

Ölkə əhalisinin böyük çoxluğunundan ibarət olan müsəlmanların təcili bir şəkildə ibadət etmək üçün bir binaya ehtiyacları yoxdur. Müsəlmanların bu ölkədə, insan haqq və azadlıqlarının əsas alan qanunlar qarşısında hərkəsin bərabərliyinə, dini təhsil haqqına, dinini istədiyi kimi yaşama haqqına, azad bir şəkildə ibadət etmə və dinini təbliğ ətmə haqqına, təşkilatlanma haqqına ehtiyacları var. Yəni, müsəlmanların bu ölkədə təcili ehtiyacı demokratiyadır.

Prezident əgər müsəlmanlara qarşı, onların problemlərinə qarşı bu qədər həssasdırsa, onda ilk əvvəl haqsız yerə ittiham edilərək həbsxanalarda çürüyən müsəlmanların hansı şəraitdə mühakimə edildiyi, hansı metodlarla cinayətkar elan edildiyi durumlarla maraqlanmalıdır. Evində yoxkən evində axtarış aparılan, evinə silah, cibinə narkotik maddə qoyulub tutulan müsəlmanlarla maraqlanmalıdır.

Azərbaycan müsəlmanlarının görünməyən amma əslində ən böyük probləmi, dini təhsil məsələsidir. Azərbaycanda dinlə əlaqəli bütün müəsisələr Sovet dövründə məhv edildiyi üçün, müsəlmanların dinlərini öyrənəbiləcəkləri qurumlar da yox edildi. Müstəqillikdən sonra müsəlmanlar dinlərini öyrənmək məqsədi ilə İran, Türkiyə və Səudiyyə Ərəbistan kimi ölkələrə yollandılar.

Bu gün, problemli qonşumuz İranla pis münasibətlərimizin alt qatlarında dini təhsil problemi yatır. Azərbaycan müsəlmanlarının böyük qismi şiədir. Şiələr, dini təhsil ehtiyaclarını ən yaxın yer olan İrandan qarşılayırlar. Həm də bir “milli dövlət” (national state) olan İran, dini xarakteri ilə milli xarakterini birlikdə davam etdirir. Orada təshil alan Azərbaycanlı müsəlmanlar İslamı öyrənməklə yanaşı, İran dövlətinin maraqlarına xidmət edən  propoqandası ilə qarşılaşırlar. Təhsildən qayıdan müsəlmanlar ölkəmizdə oradakı əhval-ruhiyyə ilə təbliğat aparırlar. Belə bir vəziyyətdə də dövlətin təzyiqi ilə qarşılaşırlar.

Dövlətimiz əgər müsəlman vətəndaşlarını problemlərinə səmimi niyyətlə yanaşaraq ortaya çıxacaq problemləri görmək istəyirsə bir an əvvəl bu dini təhsil məsələsində müsəlmanlara şərait yaratmalıdır. Bunu deməklə dövlətin dini təhsil verməsini və bu sahəni sonradan tamamilə kontrol altına almasını deyil, tam tərsinə ölkədə dini təhsilin önündəki əngəllərin qaldırılması gərəkdiyini söyləmək istəyirik.

Azad və müasir dünya təcrübəsində, hansı dinə yaxud dini qrupa aid olursa olsun, ibadət yeri o şəhərin arxitekturasına uyğundursa, bunu dövlət deyil, o dini camaat özü tikir dövlət sadəcə bəzən az maliyə yardımı edir ya da o ərazini bağışlayır. Dövlət ibadət yerləri ilə əlaqədar sadəcə tarixi dəyəri olan memarlıq abidələrini təmir etməklə məşğul olur.

Bizimki kimi ölkələrdə dövlətin məscid, kilisə ya da sinaqoq tikməsinin  səbəbi, sonradan bu məsciddə ibadət edəcək olan dini  camaat ve qrupları kontrol etmə istəyidir.

Məsələnin digər tərəfi, məscidin inşa edilməsi üçün maliyyə vəsaitlərinin qaynağıdır. Prezident sərəncamında  bu qaynağın “prezidentin ehtiyyat fondu” olduğu görülür. Müsəlmanlar üçün məscidlər müqəddəs yerlərdir. Məscidlər gözəl əməllərin və halal fəaliyyətlərin mərkəzidir. Məscid inşaları da halal pulla həyata keçirilməlidir. Bu mənada halallıq müasir dövrümüzdə daha çox şəfafflıq deməkdir. ‘Prezidentin ehtiyat fondu’ kimi hər hansı kontrol mexanizmasının xaricində, toplanmış vəsaitin haradan gəldiyinin və haralarda necə xərclənməli olmasının bəlli olmadığı quruluşların məscid ya da bunun kimi müəssisələr qurmağa yönəlməsi daha başlamdan yanlışdır. Bu məscid nə qədər böyük, nə qədər bəzəkli nə qədər ehtişamlı olursa olsun müsəlmaların gözündə həmişə “Dirar Məscidi’’[1] olaraq qalacaq.


[1] Dirar Məscidi, İslam peyğəmbəri, bir səfərinden dönərkən, münafiqlər, müsəlmanları bölmək üçün  yeni bir məscid inşa edirlər. Bu mövzuda vəhylə xəbərdar edilən peyğəmbər o məscidin yandırılmasını əmr edir. Dirar Məscidi ifadəsi, müasir dövrdə müsəlmanlar arasında onları bölmək və kontrol altına almaq üçün dövlət tərəfindən idarə edilən dini qurumları ifadə etmək  və bu cür qurumlara güvənməmək, uzaq durmaq  üçün istifadə edilir.