Qonaq otağı – Azərbaycan

Nisə Hacıyeva

“Qonaq otağı” – bir çox ənənəvi Azərbaycan evlərində qonaqlar üçün ayrılmış tənha kimsəsiz otaq. Hər bir azərbaycanlıya yaşından asılı olmayaraq “qonaq otağı” söz birləşməsi çox tanışdır. Bu gün Bakıda yaşayan gənclərin evində artıq qonaq otağı olmaya bilər. Amma onların valideynlərinin evində mütləq belə bir otaq olub. Kənd və rayon yerlərində isə bu gün də bu ənənə davam edir. Bir otaq xüsusi ilə qonaqlar üçün ayrılır, bəzənir və qapanır. Bəzən bir ailə üzvləri 8-10 uşaq ilə 1-2 otağa sığınır, amma qonaq otağına kimsənin girməsi, ondan istifadə etməsi qadağan edilir. Ən gözəl əşyalar məhz o otaqda qapanaraq illərlə heç kəsə nə mənəvi zövq verir nə də fiziki rahatlıq. Qonaq otağı isə daima bərli-bəzəkli durub heç vaxt gəlməyən qonaqları gözləyir.

Qonaq OtağıBu gün Azərbaycan ələxsus çilçıraqlı Bakısı ilə azərbaycanlılar üçün məhz “qonaq otağı”dır. Burada heç kəs “yaşamır”. Və “yaşamağı” da düşünmür. Azərbaycan məhz arada bir gələn ya da heç gəlməyən qonaqlar üçün bəzədilmiş, yalnız onlara xidmət göstərən bir məkandır. Hər kəs Azərbaycanla məhz qonaq otağı kimi fəxr edir. Onun işıqlı binaları, mərmərli parkları məhz qonaqların qabağında öyünmək üçün tikilib. Bir ailənin qonaq otağından yararlana bilmədiyi kimi bir azərbaycanlı da Azərbaycandan yararlana bilmir. Və nə vaxta kimi ki, azərbaycanlı bu qonaq otağında yaşamağı öyrənməyəcək, o zamana qədər bu otağın ona faydası olmayacaq.

Bu gün hər birimiz ilk öncə bu qonaq otağının evimizin bir parçası olmasını başa düşməliyik. O otaqdan istifadə etməyi öyrənməliyik. Biz gənclər bu qonaq otağında öz evimizi yaratmalıyıq. Və bizdən öncəki nəsil, yəni bizim valideynlərimiz, bizim də bu evin parçasına haqqımız olduğunu anlamalı, bu otaqla da öz evimiz kimi davranmağa icazə verməlidirlər. Bizi bir otaqda (evdə) qapatmaqdan əl çəkməlidirlər və bu otaqda da bizim üçün şərait yaratmalıdırlar. Əgər bu şəraiti yarada bilmirlərsə heç olmasa BİZƏ icazə verməlidir ki, bu otağımızı qonaqlar üçün yox özümüz üçün bəzəyək. Onu istədyimiz kimi düzənləyək, və içində YAŞAYAQ. Qonaq gəldi -gedərdi, biz isə bu evin sakinləriyik.

Sosial Media da Paylaşaq