Qloballaşmaya qarşı Milli Mədəniyyətlər Strategiyası

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)

Qloballaşma yoxsa modernləşmə?!

Bir çox insanların qorxulu yuxusu olan qloballaşma haqqında Amerikanın dünya üzərində yeni hegemoniyası, transmilli koorporasiyaların iqtisadi fəaliyyətinin nəticəsi, qərbin digər mədəniyyətləri yeni istismar şəkli kimi dəyərləndirmələr var.

Bütün bunlarla yanaşı qloballaşmaya 18-ci əsr Avropa modernizminin davamı kimi də baxırlar. “Gecikmiş Modernizm” deyə adlandırılan bu nəzəriyyə Avropanın moderləşməsindən, yəni liberal dəyərlər olan azadlıq, azad iqtisadiyyat, insan haqqları, individualizm, rasyonalizm kimi dəyərləri mənimsəməsindən sonra, XX-XXI əsrlərdə digər regionların da bir birinin ardınca modernəlşmə prosesinə başlaması və liberal dəyərlərin qlobal dəyərlərə çevrilməsi prosesini izah edir və qloballaşmaya liberal-demokratik dəyərlərin ümum bəşər dəyərlərə çevrilməsi prosesi kimi baxır.

Rusiyadan başlayan Konservatizm dalğası

SSR-nin dağılmasından sonra Rusiyada həm “qərb liberal-demokratiyası qalib gəldi” anlayışının qarşısını almaq həm də post-sovet məkanında öz nüfuzunu yenidən gücləndirmək üçün qloballaşma prosesinə qarşı fərqli konsepsiyalar irəli sürmək ehtiyacı yarandı.

Nəticədə kökləri XX əsrin əvvəllərinə gedən digər dövlətlər üzərində hegamoniyaya əsaslanan, konservativ və milli mədəniyyət müdafiəçisi olan yeni bir konsepsiya – “Yeni AvroAsiyaçılıq” ideologiyasının əsası qoyuldu. (daha ətraflı bax: Qloballaşmaya qarşı Rusiya AvroAsiyaçılığı). Bu ideologiya insanlar arasında konservatizm və milli mədəniyyət bağlılığını artıraraq liberallaşma və demokratikləşmə prosesinin  qarşısını alınmağa yönəlmiş bir konsepsiyadır.

Bununla yanaşı, Rusiya bu prosesi sadəcə öz ölkəsi ilə məhdudlaşdırmır, az vəya çox miqdarda nüfuzu keçən dövlətlərdə də “milli ideologiya”, “milli mədəniyyət” adı altında konservatizmi inkişaf etdirir və öz nüfuzunu bu ölkələrdə daha da artırır.  Bu prosesdə canla-başla çalışan avtoritar siyasi hakimiyyətlər də özlərinə mənfəət götürürlər təbii. Unutmamaq lazımdır ki, bu dövlətlərdə əhalinin konservativliyi hakim siyasi rejimlərin davamlılığı üçün ən əsas dayaq nöqtəsidir. (daha ətrafı bax: Azərbaycan İdeologiyası”na Neo-Marxist Baxış)

Mentalitet (mentality) və Mədəniyyət (culture) ayırımı

İlk əvvəl “mentalitet” və “mədəniyyət” anlayışlarının nə olduğuna baxaq. Klassik tərif versək mədəniyyətə “bir cəmiyyətin tarixi proses içində istehsal etdiyi və nəsildən nəsilə ötürdüyü bütün maddi və mənəvi xüsusiyyət və nemətlərin cəmi” kimi baxmaq olar.

Milli (sosial) Mentalitet (social or national mentality) isə “müəyyən bir zaman çərçivəsində hər hansı bir cəmiyyətə və ya millətə xas olan düşüncə tərzidir”. Burada bir kiçik nüansa diqqət etmək lazımdır ki, milli (sosial) mentalitetin dəyişməsi çox sürətli on ildə, beş ildə bir və hətda hər il belə baş verə bilər.

Necə ki, Azərbaycanda 90-ci illərin əvvəllərində cins geyinmək qəribə gərünürdüsə və elə bu yaxın illərə kimi oğlanların şortik geyinməsi çox pis qarşılanırdısa artıq bunlar dəyişib və insanlar tərəfindən normal qarşılanır. Bu milli mentalitetin sürətli dəyişim içərisində olduğunu görsədir.

Bundan fərqli olaraq, mədəniyyət anlayışı daha genişdir və onun dəyişimi daha ləng baş verir. Mədəniyyətin bir qolu olan DİLə baxsaq, ondakı dəyişikliklərin bir neçə yüz ildə hiss olduğunu  anlayarıq.

Milli Mentalitetimizin Problemləri

Həm Rusiyadan gələn konservatizm dalğası, həm daxili instikt olan keçmişini qorumaq hissi, həm də mövcud siyasi rejimin daim “milli-mənəvi dəyərlər” adı altında propogandasını apardığı “konservatizm” bizim düşüncə tərzimizə yəni milli mentalitetimizə köklü şəkildə təsir edir və onu mühafizəkarlaşdırır və bununla yanaşı rasyonalizmdən (ağıldan) uzaqlaşdırır. Biz həyata mentalitet gözü ilə baxdıqda düşünə bilmirik, sadəcə hissi davranırıq və bizə deyilənləri edirik.

Bundan başqa bizim milli mentalitetimiz tarixiləşdirilib, irsiyyətçiləşdirilib, kultlaşdırılıb və doqmalaşdırılıb. Tarixiləşdirilib çünki, biz tarixlə yaşayırıq, bizdə dəyərli olan tarixi olandır, tarixdən gələndir, əski olandır.

İrsiyyətçiləşdirilib çünki,  biz sadəcə keçmişin davamçılarıyıq, bizim işimiz sadəcə keçmişi qorumaqdır, biz keçmişdən cızılan yolu getməliyik, buna görədə fərdlərin özünə məxsus yolları yoxdur.

Kultlaşdırılıb çünki, bizdə bütün sahələrdə – musiqidə, ədəbiyyatda, incəsənətdə, siyasətdə və.s kultlar və bütlər var. Biz daima büt axtarırıq sitayiş etmək və yaxud arxasında gizlənmək üçün. Biz tarixdən bir şəxsimizi götürüb onu böyüdür, böyüdür və dünyanın ən güclü insanına çeviririk, sonra yaratdığımız bu bütə özümüz sitayiş edirik və başqaları ona adi gözlə baxanda ən yaxşı halda ondan inciyirik.

Bizdə fərdlər və fərdiyyəçilik hissi kifayət qədər yoxdur ki, bu bütləri tükətsin, məhv etsin və yaxud yeniləsin. Doqmalaşdırılıb çünki, biz əskiçi olduğumuzla yanaşı həm də yenilik düşməniyik. Bizdə yeni olan hər şey qorxuludur çünki yeniliyi əski üçün təhlükə hesab edirik.

Biz yeniliyi öyrənmədiyimiz kimi, əskiyə də sual vermir, onu bizə necə tanıtdırıblarsa elə də qəbul edirik və dəyişmirik. Və Nəticədə: biz azərbaycanlılar dünyaya mühafizəkar, qeyri-rasyonal, tarixiləşdirilmiş, irsiyyətçiləşdirilmiş, kultlaşdırılımış və doqmalaşdırılmış düşüncə tərzi (mentalitet) ilə baxırıq.

Konservativ Mentalitetimiz və Öldürülmüş Mədəniyyətimiz

Kütləvi İnformasiya Vasitələrində (KİV) daima eşitdiyimiz “milli-mənəvi dəyərlər”, cəmiyyətdə istifadə edilən “milli mentalitet” anlayışlarına çox zaman fərqli mənalar yüklənir. Necə ki bir çox insanlar üçün milli mentalitet sözü ilə mədəniyyət sözü eyniləşdirilib. Amma unutmamaq lazımdır ki, biz dünyaya mentalitetin pəncərəsindən baxırıq elə öz Milli Mədəniyyətimizə də. Bax problem də burada yaranır. Necə ki, mentalitetimiz qüsurludur, (yuxarıda saydıqlarım) onun vasitəsi ilə baxdığımız şeyləri də, o cümlədən milli mədəniyyətimizi də qüsurlu edirik. İndi mövcud mentalitetimiz mədəniyyətimiz üçün hansı problemləri yaradır ona baxaq.

  • Mədəniyyətin ən böyük xüsusiyyətlərindən biri onun canlı olması, yəni daima inkişafda, dəyişimdə olmasıdır. Mədəniyyət necə ki, bizdən əvvəlkilərin bizə qoyduğu bir mirasdırdısa, bununla yanaşı biz də bu mədəniyyəti zamana uyğun dəyişdirir, ona öz tövhələrimizi verir və gələcək nəsillərə göndəririk. Bu daimi dəyişim və inkişaf prosesi olmadıqda mədəniyyət çağla uyğunlaşmır və özü özünün məhvini hazırlayır. Bizim milli mentalitetimiz doqmalaşmış və kultlaşmış xüsusiyyəti ilə mədəniyyətimizi də doqmalaşdırırıq. Biz mədəniyyətimizə doqmatik baxırıq. O heç vaxt dəyişə bilməz və yeniləşə bilməz. Bununla biz öz mədəniyyətimizi öldürür, onu tarixə gömür və məhvini hazırlayırıq.

 

  • İkinci olaraq mövcud mentalitet ilə biz mədəniyyət içərisində real, hazırda yaşayan insanı və onun istəklərini unuduruq. Belə ki biz mədəniyyətə aid olanın sadəcə keçmişlə əlaqli olan olduğuna inandığımız üçün mədəniyyətin sadəcə tarixdən, keçmişdən gələ biləcəyinə inanmışıq. Beləliklə biz real insanın yaradıcılığının qarşısını alırıq. Çünki insanlar dəyərli olanların sadəcə əski olan olduğuna inanıb. Onlar istehsal etmir. İstehsan etdikdə isə əsərləri mütləq ya keçmişlə əlaqli olmalı, yada mədəniyyitmizin kultlarına uyğun olmalıdır. Biz bu mentalitetlə mədəniyyətimizi öldürdüyümüz kimi real insanımızı, onun yaradıcılığını, onun arzularını və özünü ifadə şəklini və həyatını da öldürmüş oluruq. Nəticədə biz bir nəsli yaradıcılıq qabiliyyətindən məhrum edirik.

 

  • Ümumiyyətlə qloballaşmaya qarşı milli mədəniyyət anlayışının ortaya atılması səbəblərindən başlıcası kimlik məsələsidir. Kimlik dedikdə bunu alt kimlik və üst kimlik şəklinədə ayırmaq məqsədə uyğundur. Məsələn, Azərbaycanda siz kimsiz? sualı versəz, özünü müxtəlif cür kimliklərdə adlandıracaq insanlar çıxacaq. Belə ki, mən türkəm, müsəlmanam, talışam, avaram, ateistəm, yəhudiyəm, liberalam, millətçiyəm və ya hər hansısa bir rayona mənsubam. Hər insanlar üçün daha vacib bir kimlik mütləq vardır. Bu onların həyat tərzləri ilə əlaqədar və insanların seçimi ilə əlaqədardır. Amma üst kimlik bütün bu özünü fərqli kimliklərə mənsub hesab edən insanların hamısını əhatə edən bir kimlik – Azərbaycan Respublikası vətəndaşı və yaxud – Azərbaycanlı kimliyidir ki bu platforma xarakterli olmalı və bütün alt kimliklərin bu kimlik altında rahat yaşamasını və özünü ifadə etməsini təmin etməlidir. Amma mövcud mentalitetimizin mədəniyyətə baxışı ilə biz insanların alt kimliklərinə də müdaxilə edirik. Onların necə yaşamasını müəyyən etməyə çalışırıq və nəticədə müxtəlif formalı insan hüquqları pozuntuları həyatımızın bir parçasıdır.

Kimdir müqəssir? Mentalitet yoxsa Mədəniyyət

Cəmiyyət sadəcə konservativ və mövcud mentalitetlə düşünən insanlarla yanaşı bu mentaliteti qırmış və liberallaşmış insanlardan da ibarətdir. Onlar cəmiyyəti görür, hər gün “milli mənəvi dəyərlər”“milli mədəniyyət” adı altında insanların necə istismar olunduğunu və düşüncələrinin necə konservativləşdirildiyini və irrasyonallaşdığının şahidi olurlar. Kimdir müqəssir? sualı gəldikdə, təəssüflər olsun ki, bir qisim liberalın da verəcəyi cavab budur yəqin: milli mədəniyyət!!!

Amma bir düşünək, mədəniyyətə mövcud mentalitetlə yox dəyişmiş düşüncə tərzimizlə baxaq. Mədəniyyətimizi tarixə gömməsək, mədəniyyətin daşıyıcıları və dəyişdiriciləri insana əsas rol versək, ən dəyərlinin elə insan olduğuna inansaq hər şey bir anda dəyişməyəcəkmi?! İnsanları istismar edən o bütləşmiş mədəniyyət bir anda daima dəyişən, insana dəyər verən və çağla ayaqlaşan bir mədəniyyətə çevrilməyəcəkmi?!

Mədəniyyətimizin necə olacağı bizim necə olacağımızdan daha doğrusu bizim ona necə baxdığımızdan, düşüncə tərzimizdən – mentalitetimizdən aslıdır. O zaman mentalitetimizi dəyişək, insana dəyər verək, onu yaşadaq ki, MƏDƏNİYYƏTİMİZ YAŞASIN…

P.S. Təbii ki də mədəniyyətin də mentalitetə təsirləri böyükdür. Bu haqda daha sonra…