Qadın olduğum üçün bədbəxtəm

Məlahət Gözəlzadə

Mən qadın olduğum üçün bədbəxtəm”. Bu sözlərin sahibi mən deyiləm. Onun sahibi dünyaya qadın gəlməyin böyük bədbəxtlik olduğuna inanan birisidir. Bu fikrin sahibinə qarşı yaranan ilk təəssürat yəqin ki, dırnaqarası yaxşı ola bilər. İlk halda qınamaq ya da haqq qazandırmaq yanlışdı.

Ona görə bu sözün müəllifi haqqında bir az danışım: Sadə bir kənd həyatı yaşayan ev qadını. Uzaqdan ilk gördüyümdə balaca bir evin həyətində, söyüd ağacının altında tək oturub, stolun üstündəki şeyləri fikirli-fikirli o yana-bu yana barmaqlarıyla tərpədirdi. Yanına çatana qədər hər hərkətini diqqətlə izləyirdim. O qədər fikirli idi ki, on dəqiqə ərzində durub ona diqqətlə baxdığımın belə fərqində deyildi. Bəlkə də fərqində idi, sadəcə fikir vermirdi.

Tərəddüd etsəm də, səssizcə yanında oturdum. Bir kəlmə belə demədən onunla bir masanı paylaşdım. Əslində onun bu halının səbəbini bilmək  istəyirdim, amma ona “nəsə olub?” deyə soruşa bilməzdim. Yaxşı tanımırdım onu. Həm də belə hallarda bu sualı verməyi həmişə axmaqlıq saymışam. Səbəb isə o anda hansı cavabı verməli olduğumu bilməməyim ya da, tək qalmaq istəməyim olub. 

Hə, beləcə səsizliyimiz davam edirdi, hətta bitməyəcək deyə fikirləşirdim. Bir şey var idi ki, mən cox səbrli idim və tələsəcəyim bir yer yox idi. Anidən “Mən qadın olduğum üçün bədbəxtəm” dedi. Hər istəklərimin qarşısında qadınlığım ən böyük əngəl olub. Bilirsən, mən məktəbi qırmızı diplomla bitirmişəm. Ailədə iki qardaş, bir bacı idik. Hamıdan yaxşı mən oxuyurdum amma nə zaman kitab əlimə alırdımsa atam həmişə məni döyərdi ki, qadın ev işlərini bilməlidi, kitab nədi?! Buna baxmayaq mən əlaçı idim. Atam qardaşlarıma çox inanırdı. Yadımdadır ki, onların institut oxuması üçün həyətdən nə qədər heyvan satmışdı. Mənsə həmişəki kimi onların arxasınca baxıb ağlayırdım. Qırmızı diplomum olduğu üçün məni oxumağa bir başa göndərirdilər. Həkim olacaqdım amma atam yenə də qız uşağı oxumasa yaxşıdı dedi.

Məktəbə həmişə qonşumuzun oğluyla bir gedərdim. Artıq 7 il idi ki, bir-birimizi sevirdik amma onların bizə elçi gəlməsinə belə imkan vermirdilər. Məktəbi qurtarmağımın üstündən 6 ay keçdi, atam məni briqadirin qohumuna ərə verdi.  Elə düşünürdü ki, pullu adamlardı onlar və bizə köməklik edərlər. Amma elə olmadı. O sadəcə məni diri-diri öldürdü. Hər gün gördüyüm, sevdiyim birindən qopardı. Anam bir şey dəyə bilməzdi. Desəydi də atamın dediyini təkrar edərdi.

Heç vaxt evləndiyim insanı sevə bilmədim, heç vaxt. Elə bilirsən bir zamanlar bu saçları ağarmış yaşlı qadın sevməyib? Sevib, həm də çox sevib. Amma bir şeyi anlamayıb ki, qadınlar sevməz. Ərə getdiyim insan isə onu sevməyim üçün heç bir cəhd etmədi. O sadəcə mənə xəyanət etməklə təskinlik tapırdı. Heç sevmədiyin, səni alçaldan, aldadan bir evdə çarəsizcəsinə yaşamağın nə demək olduğunu bilirsənmi? Yox bilmə, heç vaxt bilmə, çünki bu dəhşətdir.

Mənim iki oğlum oldu. Evladımın olması məcbur idi. Əgər olmasaydı ikinci bir qadınla  bu evi paylaşmalı olacaqdım. Körpə olanda oğlanlarımın  varlığı mənə yaşamağa güc verirdi. Onları ən yaxşı halda savadlı və tərbiyəli böyütmək üçün canımdan keçirdim. Bir şey var idi ki, hər zaman alçalan döyülən söz haqqı belə verilməyən bir ana çox da qiymətli ola bilməzdi uşaqlarının ağlında. Bu öz təsirini göstərdi. Saçlarım oğlumun əlində gələndə özünü çox yaxşı göstərdi.  Mənsə onları oxutdum və indi hərəsi yaxşı iş sahibidir.

İki il öncə ərim vəfat etdi. Öləndə məndən halallıq istədi. Layiq olmadığı halalığı ona verdim.  Artıq iki ildir ki burda oturub gözləyirəm… Nəyi deyə sordum. Gülərək “Əzrayılı qızım Əzrayılı” dedi. Deyəsən o da qadınam deyə canımı almağa gəlmir dedi.  Sonra üzünü mənə çevirib zəyif gözləriylə dalğın-dalğın baxaraq dedi:  “Çalış bu dünyaya qadın gəlmə”.

Mənim əlavə edəcəyim tək kəlmə belə yox idi. Heç indi də yoxdur. Nə düşünəcəyimi, nə fikir yürüdəcəyimi belə  bilmirəm. Doğurdanmı qadın doğulmaq bədbəxtlikdir? Təbii bu kimi şeyləri yaşamayan qadınlar da var. Amma ya YAŞAYANLAR, YAŞAMAĞA MƏCBUR OLANLAR?!…