Proqresi məğlub etmək olarmı?

Eşitmək, görmək, danışmaq istəməyən üç meymun pritçası

2013 – seçki ilidir. Prezident İlham Əliyev üçüncü dəfə Prezident olmağa hazırlaşır. Amma hakimiyyətdəkilər çox yaxşı başa düşürlər ki, bu, çətin və məsuliyyətli prosesdir. “Üçüncü dəfə” söhbəti artıq ciddi məsələdir. Axı, özləri də tez-tez deyirlər ki, “Azərbaycan Misir, Suriya deyil!” – üçüncü müddət məsələsi isə Azərbaycanın Suriya və Misir yolunda atacağı ən böyük addımlardan olacaq. Əslində hələ 2003-də Suriya yolunda ilk addım atılıb. Özü də bu addımların bir maraqlı tərəfi var – birini atdınsa o biriləri də yavaş-yavaş atırsan. Sanki balansı qorumaq üçün, yıxılmamaqçun – amma eyni zamanda da uçuruma doğru.

Belə bir narahat məqamda həm də rayonlarda iğtişaşlar və etirazlar baş qaldırır, Bakıda isə əsgər ölümlərinə etiraz kampaniyası başlayır. Bu, hökumətin hələ də təcrübəsində olmayan bir yenilikdir. Çünki həmin bu proseslərin ənənəvi mənada təşkilatçıları, başçıları yoxdur; növbəti hadisə nə olacaq – bu da bilinmir. Ən əsası isə, proseslərin qarşısını almaq olmur, böyüdükcə böyüyür. Hökumətin addımları da sanki bu proseslərin qarşısını almaq istiqamətindədir. Hər vəchlə çalışırlar ki, söhbətləri bağlasınlar. Tərslikdən bütün ənənəvi metodlar da işləmir.

Əvvəl elə zənn etdilər ki, ortada “üçüncü barmaq”, “gözəgörünməz əl” var. Rusiyadan şübhələndilər, amma bir şey çıxmadı. Sonra elə bildilər ki, Amerikadır. Amma indi başa düşüblər ki, amerikanlar da deyil. Yenə də inana bilmirlər.

Yerli cəbhədə – İlkin Rüstəmzadəni hər dəfə mitinqdən qabaq tutub sonra buraxırlar, görürlər ki, İlkinli, İlkinsiz aksiyalar yenə də baş tutur. Bu aksiyalar köhnə aksiyalar kimi deyil ki, bilsinlər təşkilatçı kimdir, zərərsizləşdirsinlər, aksiya da alınmasın. Nidanın bir “başçısını” tuturlar, görürlər ki, təşkilat əvvəlki kimi işləyir. 7-cisini tuturlar, yenə də xeyri olmur. “Yeni Fikir” deyil ki, rəhbəri tutan kimi təşkilat da batsın. Gəncləri qorxudurlar, onlarsa qorxmur. Ənənəvi əks-təbliğat da işləmir. Milli və yerli televiziyaların bir faiz təsiri qalmayıb. Mirşahin də verilişini hazırlayanda oturub fikirləşir ki, nə deyim, necə deyim ki, Həbib Müntəzir bunu kəsib Youtube’a yükləsin, camaat baxıb məni heç olmazsa söysün.

Bir sözlə, hökumət yeni qüvvə ilə qarşılaşıb və hələ ki, bunun nə olduğunu başa düşə bilmir. Fəzailin “Feysburqu”, MDİ-nun 2 milyonu – “Facebook inqilabı” haqqında bütün paranoya da buradan qaynaqlanır. Rejimə təhlükə olan bu yeni qüvvə kimdir, nədir axı? Başa düşsələr, oturub səbəbləri axtararlar; axtarsalar – özlərində taparlar; ağıllı olsalar – oturub düzəldərlər. Çünki Filarmoniya direktorunun 6-c nömrəli əmri ilə “Respublikanın” imicinə zərər vuran söz-söhbətin, rəylərin sosial şəbəkələrə çıxmasının qarşısını almaq qeyri-mümkün olduğu kimi, Avropanın böyründə də İran, Şimali Koreya qurmadan bu yeni qüvvəni məğlub etmək mümkün deyil. Çünki bu yeni qüvvə proqressin özüdür. XXI əsrdə – İnternet, şəffaflıq, vətəndaş fəallığı, informasiya əsrində Əlahəzrət Zamanı saxlamaq olmaz.

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq