Problemlərimizin səbəbkarı – Televiziyalar

Nicat Quluzadə

Düzü son vaxtlar həm sosial şəbəkələrdə, həm də media səviyyəsində telekanalların hazırki durumu, onların bu cür ucuz hala gəlməsi müzakirə olunur. Ən son xəbər isə Milli Televiziya və Radio Şurasının əcnəbi serialların Azərbaycanda yayımına qoyduğu qadağa oldu. Bu qadağa Mayın 1-dən etibarən rəsmi olaraq tətbiq ediləcək. Və bundan sonra əsl üsyan başladı. İndi bizim xalqımız nə edəcək? Vaxtını harada səmərəli keçirəcək.

Maşallahı olsun, sevimli kanallarımız da gözəl və intelektual verilişlərdən xali deyil. Dövlətdən maliyyə ayrılıb ki, yerli seriallar çəkilsin və xalqa təqdim edilsin. Hətta SPACE-in efirində “Bu zalım dünyada doğulma” serialının qəhrəmanları olan Amaci və Sianı müzakirə panelinə çıxararaq diskusiyalar aparırlar. Bəzi dostlar buna görə əhalini də qınayır. Amma əsl həqiqət odur ki, xalq dediyimiz kütlə heç zaman şüurlu olmayıb. Efirdən ona təqdim edilənə qane olub. Space də özünə yaxşı bir reklam bazarı tapmışdı, amma heyf ki, kişiləri qazanmağa imkan vermədilər.

Sözüm odur ki, bizim bütün bəlalarımızın baiskarı elə bu telekanallar olub. Məhz onların səhv yayım siyasəti ucbatından hazırki duruma gəlib çıxmışıq. Şəhərdən bir az kənara çıxdıqda hamının evində peyk antenlərini görürsünüz yəqin ki. Hər kəs öz intelektual səviyyəsinə uyğun olaraq ya rus, ya türk, ya dakı avropa peyklərindən istifadə etməklə bu çərçivədən kənarlaşmaq istəyir.

Niyə? Nə olub ki? Bizdə normal televiziyaçılıq olmadığına görə camaat belə addım atmağa məcbur olub. Hətta AZTV-nin ictimai-siyasi verilişlərini bir kənara qoysaq digər mədəniyyət, idman sahəsində olan verilişləri daha səviyyəlidir. Çünki orada işini bilən peşəkarlar işləyir və hələ də köhnə qayda ilə seçim aparılır. Amma gəlin ANS, ATV, Lider, SPACE və digər bu kimi kanallara nəzər salaq. Görəcəyik ki, efirdə bütün günü monoton və sıxıcı verilişlər, evləndirmə şouları və s. mövcuddur.

Bütün bunların da əsl səbəbi hələ kökləri Qədim Romaya gedib çıxan “Çörək və Tamaşa” prinsipidir. Azərbaycanda müəyyən qruplar bu tip verilişləri verməklə kütləni öz iradəsində saxlayır, istədiyi kimi yönləndirir. Ona görə də kütləni nədəsə günahlandırmaq mənasızdır. Kütlə həmişə sənin göstərdiyin və yönləndirdiyin yerə gedəcək. Bunun başqa variantı da yoxdur.

Əgər nəsə dəyişiklik istəyirsənsə, birinci özün güclü olub bu kütlələri öz iradənə tabe etməyi bacaracaqsan. Əks halda sadəcə kənardan dayanıb mövqe bildirməklə məşğul olacaqsan. Mən SPACE-in efirində “Amaci və Sia” müzakirəsinə görə xalqı heç də günahkar bilmirəm. Çünki onların səviyyəsi və qayəsi belədir. Başqa heç nə də gözləmirəm. Əsl günahkarlar isə həmin televiziyaları idarəedənlərdir.

Götürək elə bu bazar günü ANS-də efirə gedən “Bazar Səhəri Rövşanə ilə” verilişi. Artıq o qədər monotonlaşıblar ki, ortaya mövzu belə qoya bilmirlər. Efirə isə Kamran Həsənli, Əli Mirəliyev kimiləri çağırmaqla özlərinə nəsə üstünlük qazanmaq istəyirlər. Çünki telekanallar özlərində olan basqı və təzyiqlər müstəqil fəaliyyətə imkan vermir.

Rusiya və Türkiyədə hər cür mövzuda kanal olduğuna görə belə problemlər də olmur. Bizdə isə vur-tut cəmi 9 telekanal mövcuddur. Hamısında da eyni tip verilişlər. Hətta İdman Azərbaycan və Mədəniyyət TV daha səviyyəli verilişlər hazırlayır digər kanallardan. Çünki onlar ixtisaslaşmış telekanallardır. Amma digərlərində isə kimi hər şeydən qarışıq şəkildə var.

Bir çoxları kimi mən də telekanallardan imtina edənlərdənəm. Çünki obyektiv və dəqiq informasiyanı internetdən əldə etdikdən sonra televiziyaya nə ehtiyac var. Bunlar artıq tükəndiklərini qəbul etməli və daha yaradıcı təşəbbüslərlə çıxış etməlidirlər. Nəzərə alsınlar ki, onları izləyən təbəqənin onlardan gözləntilər var. Ümid edək ki, hər şey yaxşı olacaq. Bu xüsusda özümüzü kökləyək.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.