Plüralizm Nədir?

Tural Qulu 

Plüralizm mədəniyyətdir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Plüralizm müxtəliflik, rəngarənglik və zənginlikdir.  Bu cəmiyyətin normal və təbii halıdır. Çünki insan müstəqil fərddir, onun öz fikri, düşüncə tərzi və zövqü var. İnsana necə rahatdırsa elə də yaşamalıdır. O özünü cəmiyyətə və ya cəmiyyətdəki çoxluğa uyğunlaşdırmaq məcburiyyətində deyil. 

Vahid ideologiyaya məcbur edilmiş cəmiyyətlər gec tez plüralizm mədəniyyətinə qovuşacaqlar. Sovet İttifaqının, Nasist Almaniyasının, Yapon İmperiyasının, Pol Pot Kambocasının çökdüyü kimi İran molla rejimi, Çin və Şimali Koreyanı kommunizmi də bir gün mütləq çökəcəkdir. Çünki zorla gözəllik olmur! Zorla hamını dindar, kommunist, nasist, ateist etmək olmur. Zorla, təzyiqlə, represiyya ilə qurulmuş sistem davamlı olmur çünki təbii deyil, sünidir və əvvəl axır çökəcəkdir.

Plüralizmi mümkün edən tolerantlıq və hoşgörüdür. İnsan onun kimi düşünməyənlərə hörmətlə yanaşmalıdır və başqasının seçimlərinə və fikirlərinə hörmət etməlidir. Biri İslam dininə inanar, biri başqa dinə, biri təkamül nəzəriyyəsinə, biri siyasətlə maraqlanar, biri elmlə, biri açıq geyinər, biri qapalı, və s. və ilaxır. Məsələ bundadır ki, burada mütləq həqiqət deyilən şey yoxdur. “Bir yol düzgündür, qalanları səhvdir” kimi sadə deyil məsələ. Hər kəsin öz həqiqəti var. Ona görə də, kimə necə xoşdursa, necə rahatdırsa elə də yaşamalıdır.

Azərbaycanda plüral cəmiyyət dedikdə insanların mənşəyindən, milliyyətindən, dinindən, dilindən və digər xaraketrik xüsusiyyətlərindən asılı olmayaraq bərabər və hürr yaşadığı cəmiyyət başa düşülür. Sözsüz ki hal hazırda Azərbaycanda Qərbi Avropa və Şimali Amerikada olduğu kimi tam plüral cəmiyyət formalaşmayıb. Fərqli fikir, fərqli dünya görüşü və həyat tərzi əksər hallarda çoxluq tərəfindən qəbul olunmur, xor görülür, qınanılır və təzyiqə məruz qalır. Azərbaycan cəmiyyətinin Avropada olduğu kimi kollektiv yaşam tərzindən individual yaşam tərzinə keçidi baş verməyib. Adicə evlənmə prosesini misal gətirmək olar. Avropada evlilik qız və oğlan arasında olduğu halda Azərbaycanda bu iki nəsil arasında baş verir. Acınacaqlıdır ki, Azərbaycanda oğlan qıza mənimlə evlənərsənmi sualını verə bilmir. Çünki buna tək oğlan qərar vermir.

Amma reallıq budur ki, optimizmə kifayət qədər əsas var. İnanıram ki, Azərbaycan Avropaya inteqrasiya etdikcə insanların dünyaya baxışı da dəyişəcək. İnsanlar daha tolerant və hoşgörülü olacaqlar. Azərbaycan cəmiyyəti zamanla individual həyat tərzinə keçəcəkdir. 

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

One Response to Plüralizm Nədir?

  1. Pingback: keto recipies