Özüm özümdən utanıram…

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)

Artıq otuz ildir ki, universitetdə müəlliməyəm. Düz otuz il. Az deyil bu. Bu illərdə hər cür insana hər cür tələbəyə rast gəlmişəm. Hamısı bir birindən fərqli və müxtəlif yüzlərlə tələbə. Hər birində fərqli xasiyyət, fərqli davranış, fərqli düşüncə tərzi.

 

İlk dəfə unviversitetə gələndə və o partalarda oturanda hər birinin üzündə bir həyəcan bir ifadə hiss olunur. Hərəsi bir arzuyla gəlir bura. Əlbətdəki arzusu olmayanlarda yox deyil. Amma çox az olur. Oxumayan bir tələbə belə olsa arzusu olmayan çox az tələbəylə qarşılaşıram.

Hər dəfə universitetə yeni qəbul olan tələbələri gördükdə öz tələbəliyimi xatırlayıram… “Ahh o illər…”, “necə də fərqli idi hər şey…”. “Nə qədər arzularım vardı…” deyərək köks ötürürəm.

O günü heç unutmaram. Tələbəliyimin ilk günü… necədə həyəcanlı idim. Gəlib ilk partada oturmağımı, müəlliməmin otağa daxil olmasını, bizi təbrik etməsini ve qısa amma maraqlı, mənalı və həyatımı yönləndirən o nitqini heç vaxt unutmaram…

Müəlliməm içəri girən kimi hamımız ayağa qalxdıq. Üzündəki o təbəssüm ətrafa nur saçırdı sanki. 50-55 yaşlarında bir qadın idi. Yaşadığı illəri boşuna keçirmədiyi sifətindən bəlli olurdu.

Yavaş addımlarla müəlliməm lövhənin tam qarşısında dayandı. Üzündəki o təbəssümdən bir damla belə əskik etmədən. Sonra isə bizə oturmağımızı işarə etdi. Ayaqlarım necədə əsirdi. Heç bu qədər həyəcanlanmamışdım, imtahanda belə. Və müəlliməm başladı danışmağa.

Nitqini bizi təbriklə başladı və müəllimlik sənətini izah etməklə nitqinə davam etdi. Müəllimliyin sadəcə bir sənət deyil, müqəddəs bir sənət olduğunu dedi bizə və bizləri özümüzü sadəcə bir sənət sahibi kimi deyil, müqəddəs bir sənət sahibi-müqəddəs bir insan kimi yetişdirməyimizi bizə söylədi. Müqəddəs bir insan…

Bu dediklərini ilk dəfə anlamamışdım. Amma onu tanıdıqca nə dediyini tam anladım. O həqiqətəndə müqəddəs biri idi. Müqəddəs sənətin müqəddəs sahibi idi. Nitqini bitirdikdən sonra mənim ayağa qalxmağımı istədi. Dərhal durdum ayağa. Adımı sordu, dedim.

Amma cox həyəcanlanmışdım. Ürəyim az qala yerindən çıxacaqdı. Sonra isə sözunə davam etdi. Öz üzünü görsətdi bizə və hər birimizin əllərimizi üzümüzə çəkməyimizi istədi və dedi

“Görürsünüzmü uşaqlar, üzünüz tər təmizdi. Bir dənə belə qırış yoxdu. Amma mənim üzümə baxın necədə qırışdı elə deyil?! “(əlini üzünə çəkərək)

Sonrada mənim əlimi öz əlinə aldı və öz üzünə tərəf apardı. Üzünə toxunmağımı istədi, o qırışları hiss etməyimi. Həqiqətəndə mənlə onun üzündə nə qədər fərq vardı. Sonra isə davam etdi

“Uşaqlar, bilirsiz bu qırışlar nədi?”

Heç kim danışmadı. Özü davam etdi:

“Bu qırışın hər birində onlarla usaqların izləri var. Mən o balalarımı yetişdirdikcə üzümdə bu qırışlar əmələ gəldi. Onların izləridi bu qırışlar. Baxın! bu Emin balamdı, bu Ramiz balam bu isə Leyla balam.(əliylə üzünü görsədərək).

İndi nə edirlər görəsən?(dərindən bir ah çəkərək)  Hər dəfə güzgü qabağında dayanıb əlimi üzümə vuranda o balalarımı xatırlayıram, onları sığallayıram. Uşaqlar, hər birinizin üzü qırışacaq bir gün mənim kimi.

Nə vaxtsa güzgü qabagında durub üzünüzə baxanda sadəcə qırış görməyin orda. Neçə-neçə tələbəyə həyat verən bir müqəddəsin sifətini görün. Hər qırışda gül kimi açmış bir həyat görün. Yoxsa sadəcə qırışlar deyil. Uşaqlar, sizdən müqəddəs biri olmağınızı istəyirəm. Söz verin ki mənə hər biriniz müqəddəs bir sənətin müqəddəs bir sahibi olacaqsız… söz verin balalarım…”

Müqəddəs sənətin müqəddəs sahibi, müqəddəs adam. Həqiqətəndə müəllimim elə biri idi. O rəhmətə gedəndə biz son kursda idik. Ele Universitetdə də rəhmətə getdi. Son sözü isə “unutmayın usaqlar, mənə söz vermisiz hər biriniz müqəddəs bir müəllim olacaqsız” oldu. O öləndə nə qədər ağlamışdım allah bilir. Asan deyil müqəddəs birindən ayrılmaq, özüdə əbədi olaraq. Çox çətindir bu…

İndi artıq mən özüm müəlliməyəm, 20 illik bir müəllimə. Budur güzgü və mən, qarşı qarşıya. Özün ilə üz-üzə gəlmək həmişə asan olmur. Ondan ayrıldığım o gündən bəri ilk dəfədir ki güzgü qabağında durub onun dediklərini düşünürəm.

Dünənki hadisə olmasa hələ 20 il daha bunu xatırlamazdım hər halda. Məni qəflət yuxusundan oyatdı elebil o hadisə- tələbəmin dedikləri o sözlər. Dünənim bir faciə kimi keçdi. Sillə kimi o sözlər həqiqətən bir faciə idi. Amma bu faciəni mən yaratmışam, səbəbkarı mənəm heç kimdən inciməyə haqqım yoxdu.

Dünən imtahan günü idi. İmtahan nə imtahan, əvvəlcədən hər kəsin qiyməti müəyyənləşmiş bir imtahan. Kimin neçə alacağının bilindiyi bir imtahan. Amma sadecə bir qızdan başqa. Onun qiyməti hələ bilinmirdi. Özü demişkən “mənə nə olub ki pul verirəm?!, oxuyacam və keçəcəm. Bunuda həmıya görsədəcəm”. Hamı imtahanı verib keçdi və qiymətini də aldı. O tələbəmdən başqa. Onu sona saxlamışdım.

Nəsə bilmirəm ona yaman acıqlı idim. Qisas almaq istəyirdim eləbil. Amma nəyin qisasını bilmirəm. Sadəcə kəsmək istəyirdim onu imthandan o qədər. Səbəbini bilmədən. ilk sualı verdim. Çox çətin idi, amma cavablandırdı. Bu məni daha da qıcıqlandırdı ona qarşı. Görünür çox yaxşı hazırlanmışdı imtahana. Ikinci sualımı verdim. Əmin idim, bu suala cavab verməsi mumkün deyildi.

O qeder də diqqətli ola bilməzdi bir tələbə. Amma cavab verdi. Artıq buna dözə bilmədim. Özümdən çıxdım. Başladım kitabdan kənar suallara. Dalbadal bir neçe sual verdim ve heç birinə cavab almadım təbii ki. Bir tələbənin bunları bilməsi cox çətin idi.

Həmdə materiallarda bu haqda heç məlumat yox idi. Ona imtahandan kəsildiyini söylədiyimdə və üzündəki o məyusluğu gördükdə artıq özümə gəldim. Etiraz etdi amma boş idi dedikləri. Elebil rahatladım. Tələbənin tam gözlərinin içinə baxdım. Qələbəmi ona hiss eletdirirdim. Özümü bu qeder rahat hiss etməmişdim heç vaxt. Amma tələbə gözlərini gözlərimdən çəkmədi. Tam gözlərimin içinə baxaraq dedi.

“Müəllimə məni niyə kəsdiz imtahandan?!”

Sual həqiqətəndə qəribə sual idi. Özüm bele cavabını bilmirdim. Amma

“Özün bilmirsən niyə kəsilmisən? Suallara cavab vermədin və kəsildin. Yaxşı hazırlaşmamısan imtahana”

Tələbə qız gülümsədi, amma bu gülümsəməyindəki istehza ürəyimə xəncər kimi girdi.

“Bilirsiz müəllimə, məni niyə kəsdiz? Çünki mən sizə yüz manatı verməmişəm ona görə”

Eləbil başımdan qaynar su tökdülər. Özümü itirdim. Bu cılız qızın gözlərimin içinə baxaraq istehzalı təbəssümlə mənə belə deyəcəyini, buna cəsarət edəcəyini ağlıma belə gətirməzdim.

” Sən deyəsən tərbiyə almamısan. bu nə danışıqdı özündən böyüklə danışırsan.”

Qız dediklərimi eşitmədi elə bil. Gözləri bir anda dolmuşdu ve sadəcə danışırdı sözümü kəsərək:

”   Bilirsiz müəllimə, niyə mən o pulu sizə vermədim? Çünki söz vermişəm anama dərslərimi özüm oxuyub keçəcəm. Bütün imtahanlarımı özüm keçmişəm bu günə kimi. Heç kimə də pul verməmişəm. Amma uşaqlar mənə demişdilər ki kəsəcəksiz məni oxusam belə.(qız başladı ağlamağa) Mən anama bunu izah elədim. Dedim bax ana, oxumuşam, əla bilirəm amma müəllimə kəsəcək məni imtahandan.

Bunu anama mənə pul versin deyə demədim. Sadəcə kəsiləndə səbəbini bilsin deyə dedim. Yoxsa ona söz verdiyim halda oxumamazlıq etdiyimi düşünməsin deyə dedim. bilirəm pul olsaydı anam məni başa düşüb pul verərdi. Amma nə edək ki yoxdu. Olsa belə mən anamdan pul istəyə bilmərəm. Onsuzda tək canıyla mənə güc bəla ilə baxır. Verdiyim sözü tapdalaya bilmərəm. Utanıram anamdan pul istəməyə imtahanlar üçün.

Amma siz məndən pul istəməyə utanmırsız. (qızın yaşlı gözləri üzümə sataşdı). Heç olmasa üzünüzdəki o qırışlardan utanın.(qız gözlərinin yaşını sildi). Kəsin məni imtahandan heç nə olmaz. Anam da mən də bilirik ki mən bu imtahana yaxşı hazırlaşmışam. KƏSİN!!!”

Qız bu sözü dedi və otağı tərk elədi. Amma mən heç nə hiss eləmirdim artıq. Qulaqlarımda sadəcə bir cümlə cingildəyirdi. “Heç olmasa üzünüzdəki o qırışlardan utanın” “Heç olmasa üzünüzdəki o qırışlardan utanın…”

Bax belə, özüm ilə üz-üzə gəlməyimin səbəbi budur. Bu hadisə. İndi güzgünün qarşısında oturub əlimi üzümə çəkirəm. O qırışları hiss edirəm əllərimdə. Amma bu o vaxtkı qırışlar-əlimi müəlliməmin üzünə cəkdiyimdə hiss etdiyim qırışlar kimi deyil.

Müəlliməmin üzündəki qırışlar fərqli idi. Güzgüyə baxıram amma müqəddəs heç nə görə bilmirəm. Sadəcə adi bir sifət və o sifət üzərində adi qırışlar. Bəs mən müqəddəs birini görəcəkdim güzgüdə. Müqəddəs birinə söz vermişdim axı.

Mən də onun kimi olacaqdım, mən də müqəddəs olacaqdım. Bəs üzümdəki hər qırışda onlarla tələbənin xatirəsi olacaqdı, gül kimi açmış həyatlar olacaqdı. Amma mən nə etdim?! O qırışları ləkələdim. O qırışları sevinc əvəzinə göz yaşlarıyla bəzədim.

Güzgüyə baxa bilmirəm artıq. O qırışlara baxa bilmirəm. Müəlliməmin sifətindəki o qırışlar gəlir gözümün qabağına. Utanıram özüm özümdən. O müqəddəs insanın xəyalı daima utandırır məni…

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)