Oyunçu Aparsın

Gülara Yenisey

Azərbaycanda gözəl bir deyim var.  Oyun oynayanlara “Oyunçu aparsın” deyərlər. Bunun anlamı, tərəfini tutduğum, dostum-qardaşım deyil, oyununu qura bilən gerçək oyunçu aparsın deməkdir. Bu deyim bir yandan tərəfsizliyi, obyektivliyi göstərdiyi kimi, o biri yandan da oyunun gerçek ustası olan oyunçuya üstünlük vermənin böyüklüyünü ortaya qoymaqdadır.

İndi gələk biz Türklərin son yüzillər boyunca dünya siyasi səhnəsində oynadığımız oyunları pisi pisinə uduzmalarımıza. Nədəndir bilinməz, ancaq uzun zamandır hey uduzuruq, geriləyirik, zəifləyirik. Bu uduzmaların, geriləmələrin nədənlərini araşdırmaqdansa elə hey rəqiblərimizdən gileylənib mızıldanırıq. Qarşı tərəfi suçlayırıq, başımıza gələn haqsızlıqlardan, ədalətsizliklərdən danışıb öz özümüzü yoruruq. Ancaq ən sadə açıqlama olaraq pis oyunçu olduğumuzu, oyuna yaxşı hazırlaşmadığımızı, rəqib qarşısında çox zəif qaldığımızı danırıq, açıqca etiraf edə bilmirik.

"Qövmlər köçü"
“Qövmlər köçü”

Tarixə baxdığımızda ən şanlı, ən güclü dönəmlərimizdə çox zəif gördüyümüz rəqiblərimiz qarşısında pisi pisinə uduzmağımıza dönə-dönə tanıq oluruq. “Cırtdan” dövlətlər olan Ceneviz, Venedik kiçik də olsalar, zəif də olsalar öz güclü oyunlarını qurdular, bizi də bu oyunlara alət edə bildilər. Avropa üçün böyük təhlükə olan Osmanlı dövlətinin Batıya yürüşünün qarşısını almaq üçün ən gözəl, ən rahat yolu tapdılar. Üç yüz il boyunca Osmanlı-Səfəvi çəkişməsini qızışdırdılar, iki güclü dövləti bir biri ilə savaşdırdılar. Beləcə Osmanlının başını qatdılar, Türklərin batıya doğru yayılmasının qarşısını aldılar. İki Div bir Cırtdanın əlində oyuncağa döndü, passiv oyunçu oldu. Qısacası, o dönəmdə öz oyunumuzu qura bilmədik.

Bu uduzma, Divin Cırtdan qarşısında ilk uduzması deyildi. Yenə Osmanlının Avropaya  girişini əngəlləmək üçün Xıristiyan Türkləri sipər etdilər. “Vyana Qapısına” burnumuzu vurub qayıtdıq.  Yenə iki Div on illərlə savaşdı. İkisi də Türk : biri Xıristiyan Macar Türkləri, o biri Müsəlman Oğuz Türkləri. Macarlar Avropanın qoruyucu qalxanı, Osmanlı saldıran qılıncı oldu. Yenə boğuşduq, zəiflədik, gerilədik. Güclü savaşçılar olduğumuz halda siyasi oyunlara qurban getdik. Cırtdan,  Belqrad Qalasının o üzündən oturub qurduğu oyunların gedişini zövqlə izlədi.  Qılıncımıza söz yox, ancaq böyük oyunlarda oyunçu ola bilmədik, oyuncaq olduq, uduzduq. Necə deyərlər, “Oyunçu apardı”, Türklər uduzdu, Cırtdan uddu.

Vallah, bu Cırtdan da az aşın duzu deyil. Doğuda Türklərin yüksəlişini, gücləndiyini gördükcə çarələr axtarmağa, yeni oyunlar qurmağa başladılar. Bu yüksəlişi baltalamaq üçün dahicə bir oyun qurdular. Ucsuz-bucaqsız Türk Tayqasını seyrəltmək üçün, yox etmək üçün sapı özümüzdən olan bir “balta” yaratdılar.  Bu Tayqanın ortasına elə bir “toxum” əkdilər ki, bu mayanın tutması, bu toxumun cücərməsi inanılmaz dərəcədə çətin görünsə də, möcüzəyə bənzəsə də tutdu, cücərdi.

Roma Kilsəsi, qanı kokteyl kimi qarışıq, çeşidli Avropa irqlərinin qarışığından olan Mişeli Kiyevə göndərdi.  Müdhiş bir plan idi. Bu qatışıq Mişel gələcək Romanov xanədanının qurucusu, atası olacaqdı. “Calaq” tutdu, imkansız görünsə də cücərməyə başladı. Rus tarixçilərinin öz xalqlarının törəyişi haqqındakı hekayəni bilənlər bilir. “İsveçdən iki gəmi Vikinq gəldi, bu torpaqlarda yaşamağa başladı, Rus milləti də beləcə yarandı” deyə bir gülünc  hekayələri vardır. Hekayə nə olursa olsun, plan önəmlidir. Cırtdanın planı yenə tutdu. Bir “qatışıq” Mişeldən, iki gəmi  Vikinqdən nəhəng bir “ulus” calaq etməyi başardılar. Türk torpaqlarında, Türk qanı ilə bəslənən yeni bir “yaratıq-ulus” yaratdılar.

Rus dilində ilk şeiri yazan A. S. Puşkinin 19. yüzilin sonunda bu işi etməyi ağlına gətirməsini, Ruslar onu böyüdən Rus dayənin başarısı olaraq göstərməyə çalışsalar da əslində çox daha önəmli gerçəyin – Rus dilində ədəbiyyatın ancaq o dönəmdə yaratmağa uyğun hala gəldiyini ört-basdır edirlər.  Rus ədəbiyyatı da Rus ulusu kimi çox yenidir. Şovinist Dostoyevski Rus xalqı üçün” Boqonosnıy narod” deyərək  “Tanrı Daşıyıcı” missiyası ilə lovğalansa da, Puşkindən  öncəki Rus ədəbiyyatçılarının Derjavinə qədər Fransızca yazdıqlarını, Rus dilinin ədəbiyyat dili olaraq ancaq o tarixdən sonra yarandığını, Rus xalq ədəbiyyatına gəlincə Rus ozanlarının uzun bir dönəm iki dilli Türkcə-Rusca qarışıq əsərlər oxuduqlarını, 1. Pyotra qədər bütün Rus çarlarının kürklü Türk-Tatar tacları daşıdıqlarını, muzeylərində sərgilədikləri bütün döyüş yaraq, zirehlərinin Avropadan çox fərqli olduğunu, Türk damğasını daşıdığını bilərək “Asiya tipi” adı altında gizlətməyə çalışdıqlarını da bilməliyik.

Yaxın keçmişimizdə başqa cırtdanların oyunlarına yenə alət edildiyimizi görürük. 1980-ci ildə başlayıb 8 il sürən İran_İraq savaşında iki cəbhədə yenə Türklərin savaşdığına, öldüyününə tanıq oluruq. İran tərəfindəki ən vurucu, ən aparıcı gücü oluşduran “Ləşkəri Aşura” adlanan öncü dəstələrin içində milyon yarım Güney Azərbaycanlı yeniyetmənin, gəncin şəhid olduğunu, İraq cəbhəsində isə Türkmən gənclərin şəhid olduğunu bilmək çox acınacaqlıdır.  O dönəmdə belə bir bayatı da yaranmışdı:

Əzizim Türklə Türkdür,

Vuruşan Türklə Türkdür,

Bu yanda bir Təbrizli,

O yanda bir Kərkükdür.

Hər iki tərəf bu anlamsız savaşı illərcə uzatmaqla bilərək, istəyərək Türkləri cəbhələrdə yox etməyi, Türk gücünü, enerjisini bu şəkildə tükətməyi planlaşdırmışdı. 16-17 yaşlı Təbrizli yeniyetmələr Cırtdanın bic oyunlarına alət edilərək şəhid olduqlarında cənnət qapısını aça bilmələri üçün boyunlarına “açar” taxılıb ölümə göndərilirdilər.

Bu gün buna bənzər bir olayın Suriyada yaşandığını bilmək də çox üzücüdür. Quzey Azərbaycandan olan bəzi radikal islamçı Ərəb örgütlərinə üyə olan gənclərin Suriya müxalifəti cəbhəsində savaşa qatıldığı, qarşı tərəfdə isə Suriya iqtidarına yardım olaraq İran tərəfindən göndərilən əskərlər arasında yenə çox sayıda Güney Azərbaycanlı gənclərin savaşdığı haqda xəbərləri eşitmək dəhşət vericidir.

Uzun sözün qısası, keçmişdə də bu gün də öz gücünün fərqində olmayan, gücünü öz hədəfləri üçün işlədə bilməyən, cırtdanların oyunlarına alət olan passiv oyunçular, gücünü beləcə itirən divlər  kimiyik.  Dünya bir yarış dünyasıdır. Oyununu qura bilən udur, oyunçu olmayan isə oyundan çıxdaş edilir. Atalar demişkən : “Oyunçu aparsın”.  Cırtdan  udur, Türk uduzur. Bağışlayın,  “Div uduzur” demək istəmişdim.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq