Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim

Nisə Hacıyeva

Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim, öyrəndikcə xoşbəxtlikdən bir addım uzaqlaşmağı. Mənim üçün öyrənmək özümdən  hər dəfə narazı olmağı öyrətdi. Qərara gəldim ki, cahillik xoşbəxtliyin sinonimidir. Bəs əldə etdiklərim? Əldə etdiklərim mənim üçün əldə etmədiklərimdən nə qədər uzaq olduğumu göstərdi. Ona görə düşünürəm ki, insan nə qədər az bilərsə, bir o qədər az əldə edər. Nə qədər az əldə etsə, bir o qədər əldə edə biləcək imkanlarından xəbərsiz olar. Əldə etmək dediyimdə mən maddi dəyərlərlə yanaşı  mənəvi dəyərləri də nəzərdə tuturam.

Necə ki, kürünün dadına baxmayan kürünü xəyalına gətirməz, eləcə də azadlığın dadına baxmayan azadlıq istəməz. Öyrənmək bir növ mənə əldə edə biləcəklərimi dadızdırıb məndən aldı, bəzən hətta dadına baxmağa imkan verməyib uzaqdan göstərib peşinə düşməyimi istədi.

Kənd yerində bir cahil insan təsəvvür edin. Adamın işi inək sağıb torpaq belləməkdir. Adamın arzusu bu il də çoxlu  məhsul almaqdır. Nə qədər real bir arzudur?! Bir də indi xaricdə  yaşamış adama baxın. O adamın da xəyalı var. Misal üçün kassadan bilet alarkən hamını növbədə duran görmək. Bax mən bəzən o kəndlinin yerində olub onun xəyyalarını qurmaq istəyirəm. Adamın nə ədalətsiz seçkilər kimi dərdi var, nə  Somalidə acından ölən uşaqlar kimi. Bu arada, Somalidəkilərin də bircə dərdi acından ölməkdir. İndi o kəndliyə TV belə alıb versən, adam uzaq başı AzTv-yə baxıb alman xalqının dərdini çəkəcək.  Bəzən deyərlər ki, ağıllı olub hamının dərdini çəkməkdənsə, dəli olum hamı mənim dərdimi çəksin. Yox, mən ağıllı deyiləm. Amma problem burasındadır ki, dəli də deyiləm. Dəlilik mütləq ağıl xəstəsi anlamını vermir. Bu məsəldə məhz dəli deyib, cahili nəzərdə tuturlar.

Yazdıqlarım öyrənməyin bir tərəfini göstərmək idi. Amma bir də bunun başqa bir tərəfi var. Əslində bilik ən təhlükəli narkotik maddədir. Narkotik asılılıq yaradan hər bir maddədən qurtuluş varsa, öyrənməkdən qurtuluş yoxdur. Dadına baxdınsa bayaq dediyim şeylər kimi  yenə istəyəcəksən, yenə öyrənəcəksən. Və hər dəfəsində dozası (qədəri) sənə az gələcək. Və istədiyin həzzi almaq üçün gələn dəfə daha çox oyrənməli olacaqsan. O vaxta kimi ki… (ha ha) Yox, o vaxt olmayacaq. Axırı olmayacaq, çünkü. Və öyrəndikçə sən özündən və ətrafından narazı olacaqsan. Dünya görüşün artdıqca narazıçılığın və narahatçılığın qloballaşacaq.

Bunu yazmaqda insanları öyrənmək fikrindən daşındırmaq deyil. Sadəcə öyrənib xoşbəxt olacaqlarını düşünürlərsə, onlara  acı həqiqəti anlatmaqdır. Narkotik ağ ölümdürsə, bilik də ağdır amma üstündə qara hərfləri olan ölümdür. Niyə ölüm? Çünki yaşayaraq öləcəksən, xoşbəxtliyin dadına baxmadan.

Bu yaxınlarda “ xoşbəxtlik nədir?” sualına cavab verdiyimdə, “xoşbəxtliyin xəyallarımın həyata keçməsi deyil” dedim. Bəlkə, kəndli olsaydım, xoşbəxtlik mənim üçün inəyimin yaxşı süd verməsi olardı. Bu da mənim xəyalımın gerçəkləşməsi olardı. Amma xəyyallarım o qədər asan olmadığı üçün xoşbəxtliyi gözləmək üçün ömrüm yoxdur. Ona görə mənim üçün xoşbəxtlik hər səhər günəşdən, hər axşam əsən mehdən, göy qurşağına baxmaqdan, güllərin ətrindən, dostların gülüşündən, şokoladın dadından, kitabların sonundan həzz aldığım anlardı. Və birdə öyrəndiyimdə bilik dozasından aldığım həzzdir. O həzzi və xoşbəxtlik sandığım qalan anları görməzdən gəlsəm, uçuruma gedəcəm. Əgər, siz də öyrənmək xəstəliyinə tutulmusuzsa,  bu bəlanın qurbanı  kimi özünüzü uçurumda hiss etməmək üçün  gündəlik anlardan həzz almalısınız. Əks halda heç vaxt xoşbəxt olmayacaqsız!

Qeyd: Məndə bu fikirləri  YTT klubunda müzakirələr zamanı yarandığı üçün yazını YTT üzvlərinə həsr edirəm 🙂

Sosial Media da Paylaşaq