Orta statistik azərbaycanlının düşməni kimdir?

Nisə Hacıyeva

Orta statistik azrəbaycanlının (bundan sonra OSA) düşməni kimdir sizcə? Erməni? Yox. Tapmadınız? Rus da deyil, fars da deyil. OSA-nın düşməni daima qərbdə olan, ələxsus da okeanın o tayında yerləşən qüvvələrdir. Baxmayaraq ki, tarix boyu Azərbaycan şərqdə və elə öz ətrafında yerləşənlər tərəfindən dəfələrlə işğala məruz qalıb, OSA düşmənini ətrafında və ya şərqdə yox okeanın o tayında axtarır. Bu günə qədər, ərəblər, ruslar, farslar tərəfindan işğal olunanlar, təcavüz olunanlar, repressiyalara məruz qalanlar  üçün potensial namus-qeyrət düşməni Amerikada yerləşir.

İndi gəlin araşdıraq görək Amerikada yerləşən bu qara qüvvələr kimlərdir. Bu qüvvələrin adı OSA-nın savadından asılı olaraq dəyişir. Misal üçün, ən savadsızı  1-2 kinoya baxıb bu qüvvəyə “Massonlar”, 1-2 kitab oxumuşu “İllumunati”, 3-5 kitab oxumuşu isə “Rokfellerlər” deyir.  Bəli, OSA-nın fikrinə görə okeanın o tayında bu adların biri ilə çalışan bir gizli qruplaşma var. O qədər gizlidirlər ki, bütün OSA-lar onlar haqqında xəbərdardılar.  O qrupun üzvləri nə dəyişir, nə vəfat edir, nə qrupa xəyanət edir. Onlar daima olub, daima yaşayırlar və ən maraqlısı daima azərbaycanlılarla əlləşirlər. Nəhəng Amerikanın nəhəng təşkilatları Amerikanın bir rayonu boyda olan Azərbaycanla siçan-pişik oynayır, öz dəyərlərini sırıyıb Azərbaycanı məhv etmək istəyir.   Bu OSA-lar da o boyda təşkilata milli-mental dəyərlərini qoruyaraq qalib gəlirlər. Bəs nə? Siz nə bilmişdiniz bunları? Bambalaca boyu var, dam dolusu toyu var! Bütün Amerika birləşib gəlsə belə, bunların milli-mental dəyərlərini dağıtmağa, dağıda bilməz. Niyə? Çünki bunların milli-mental və ayaq arasına əsaslanan dəyərləri amerika dəyərlərini döyər.

İndi də gələk əsas məsələyə. Niyə amerikanlar və ya Amerikada olan bu təşkilatlar bunların mental dəyərləini sındırmaq istəyirlər? Bu sualın cavabı belədir: Elə-belə, mırta.  Bəli, bunun heç bir səbəbi yoxdur. Ən azı gedib bu OSA-lardan soruşsaz görərsiz ki, Amerikanın qorxunc dəyərlərindən danışanlar özləri də bilmir ki, o təşkilatların məqsədi nədir.  Biri idda edir ki, onlar bizim dinizimizi dağıtmaq istəyir, digəri də deyir ki mentalitetimizi dəyişmək. Soruşursan ki, axı niyə? Cavabı olmur. Bir dəfə dirəşib sorğuladım axıra kimi, OSA-nın biri dedi ki, bəs onlar şeytana qulluq edir, şeytan deyib ki, belə edin. O vaxtdan bəri çox dirəşmirəm, kiminsə qarabasmalarının səbəbi olmamaq üçün.

Hə, harda qalmışdıq? Bu mental mənəvi dəyərlərdə. Bu mental dəyərlər nədir? Çox xahiş edirəm, milli-mental dəyərlər deyəndə dünyavi dəyərlərlə səhv salmayın. Milli dəyərlərin rüşvətlə mübarizəyə, yalan danışmamağa, azadlığa, insanlıq üçün mübarizəyə heç bir aidiyyatı yoxdur. Bunların milli-mənəvi dəyərləri kiminsə yatağına burun soxmaqdır.  Yəni, bir növ bizim milli adət ənənəmizin rəmzi olan yengəlik. Yəni, kiminsə cinsi həyatı xoşuna gəlmirsə müdaxilə edib onu əxlaqsız adlandırmaq, homoseksualı döymək, söymək, geyimini bəyənmədiyinə söz atmaq, siqaret çəkən qadını, öpüşən cütlüyü mühakimə etmək. Hər dəfə “mənim həyat yoldaşım” “oğlum və qızım” sözlərindən əvvəl və sonra üzr istəməkdir.  Milli mənəvi dəyərlər odur ki, kiminsə bakirə olub olmamağı ilə maraqlanasan, kiminsə evlənib dünyaya uşaq gətirməməyini sorğulayasan. Budur bunların milli dəyərləri. Nəhəng şərəfsiz əxlaqsız Amerika da bunu dağıtmaq istəyir. Axı Amerika hardan bilsin ki, toy gecəsi qızla oğlanı qapıdan güdüb onları yönləndirmək lazımdır? Belə fantaziyalar Amerikada yalnız porno videolarda ola bilər. Bizdə isə o milli-mental dəyərdir. Ona görə Amerika Azərbaycanda korrupsiya ilə mübərizəyə, təhsil layihələrinə, qadınların hüququnun qorunmasına millionlarla qrant ayıranda olur əxlaqsız saçan qüvvə. Çünki, bizdə korrupsiya – haqq, döyülən qadın – mentalitet, təhsilsiz cahil gənc də bu dəyərləri qoruyan mühafizəkardır.  Bunları aradan qaldırmaq istəyən də olur düşmən.  Bunların milli dəyərlərinin yayıldığı cəmiyyətdə qadına, homoseksuala yer yoxdur. Bu cəmiyyət yalnız kişilər üçündür. Özü də elə-belə kişilər üçün yox ha. Əsgərlikdə özündən zəifi döyən, zorlayan, evdə arvadını döyən, işdə müdrünə yaltaqlanan tağı balta ilə ayrılmış kişilərin cəmiyyəti.  Bunun  xaricində nə varsa hamsı bunlara ziddir deyə olur milli-mənəvi dəyərlərə zidd. Çünki bilir ki, əgər liberal dəyərlər oturuşsa OSA ilk növbədə qadın üzərində idarəni itirəcək.

Gəlin qayıdaq OSA-ların milli düşməni Rokfellerlərə. OSA-lar  Rokfellər miflərini belə axıra kimi oxumayıblar. Miflərə görə bu Rokfellerlərin əsas gəlir mənbəsi silah satışındadır.  Müharibələrdən xeyir götürən Rokfellerlər. İndi özünüz düşünün,  müharibələrdən  faydalanan Rokfellerlər dünyada əlinə silah ala bilməyən homoseksualları yaymaq istəyirlər ya bunların dilində desək “kişiliyi”? Bu dini dağıtmaq istəyən Rokfeller ibn Massonlar onların bombalarını alıb özlərini partladan radikalları yaymaq istəyirlər, ya tolerantları? Və düşünün ki, indi bu Rokfellerlər hardadır, okeanın o tayında ya şərqdə? Okeanın o tayındakıların pulu homoseksuallardan və bakirəliyini itirənlərdən gəlmir. Amma bu gün minlərlə qərbdən qadınlar, insan alverinin qurbanı olub şərqdə şeyxlərə xidmət göstərirlər. Bu gün minlərlə dindarlar qonşusuna əl yetirib kömək etmək əvəzinə həccə gedib şərqdəkilərin cibini doldururlar. İndi kimə nə sərfdir özünüz aydınlaşdırın.  Və ən əsası, bu gün OSA-ların milli mənəvi dəyərlərindən istifadə edib bunların öz torpaqlarından çıxan pulu çapıb talayanlar okeanın o tayındadır ya elə burda öz öləkələrində? Sən OSA öz əməyinin haqqını tələb edəndə, hüququnun pozulmasını  qışqıranda “bizim Qarabağ boyda problemimiz var”, “sən ermənisən” deyib “kişiliyindən” istifadə edib səni ittiham edib özü xımır-xımır pulunu yeyən Rokfeller ibn Masson deyil, əzizim.  Öz ölkəndəki  Rokfelleri görməyib, başqasının gözündə (ölkəsində) Rokfeller axtarma.

Sosial Media da Paylaşaq