Orhan Pamuk qələmi ilə bir “Məsumiyyət Muzeyi” yaratdı

Xəyyam Namazov

Romanı oxuduqdan sonra Orhan Pamukun necə bir yazıçı olduğu haqqında düşündüm. Heç cür ifadə edə bilmədim fikrimi. Daha sonra New York Times’ın onun haqqında yazdığı bu sözlə qarşılaşdım, tam da demək istədiyim cümlə idi:

“O nə bir ideoloq, nə bir siyasətçi, nə də bir qəzetçidir. Orhan Pamuk böyük bir romançıdır”. (New York Times, ABŞ)

Roman yazmaq?

Hər zaman bu sualı vermişəm özümə? Romanın məqsədi nədir, daha geniş olaraq ədəbiyyatın məqsədi nədir? İstəsəm də istəməsəm də bu cür qəbul etmişəm ədəbiyyatı: “hər hansı bir ideyanın və ya ideologiyanın təbliğatıdır ədəbiyyat, dolayı olaraq da romanın məqsədi daha yaxşı ideya ortaya qoymaq, insanların cəmiyyətin həyatını daha yaxşı edəcək ideyaları təbliğ etməkdir”. Buna görə də içərisində hər hansı bir ideya, ideologiya təbliği olmayan əsərləri ciddi qəbul eləməmişəm, xüsusilə ideyadan məhrum sevgi və dedktiv romanları.

Amma “Məsumiyyət Muzeyi” bu fikrimi alt üst elədi demək olar ki. Ana xətti baş qəhrəman Kamalın sevgisi üzərinə qurulan bu roman qətiyyən ideyadan və ya ideologiyadan məhrum deyil. Kifayət qədər ideoloji bir romandır. AMMA təbliğat yoxdur. Sadəcə ideologiyalar, onların cəmiyyətdəki və insan davranışlarındakı formaları təsvir olunur romanda. Orhan Pamuku digərlərindən fərqləndirən ən əsas nöqtə də budur. O özünü nə bir ideoloq, nə də ki bir siyasətçi kimi aparır. O bir yazıçıdır və öz romanında iştirak etsə də mövqeyi bəlli deyil.

Modernizm – mühafizəkarlıq münaqişəsi

"Məsumiyyət Muzeyi" kitabının üz qabığı

Əsərin ana xətti sadəcə Kamalın sevgisi üzərinə yazılmış olsa da, demək olar ki romanda onlarla fərqli mövzu işlənib. Bunlardan ən əsası da modernizm və mühafizəkarlıq münaqişəsidir. Əsərdə liberalizm, mühafizəkarlıq və digər ideologiyalar təbliğatsız şəkildə hadisələrin və süjetin içərisinə elə bir ustalıqla nəxş edilib ki, heyrətlənməmək əldə deyil.

Yazar ustalıqla 1970-80 ci illər Türkiyəsinin, müxtəlif iqtisadi və intelektual siniflərin bu mövzular haqqındakı düşüncələrini, davranışlarını, komplekslərini göstərir. Arada bu ideologiyaları ya anlamayan, ya da anlamaqdan qorxan, bir sözlə ideyaların (həm mühafizəkarlıq həm də modernizm) ruhuna xəyanət etmiş və ya ətrafın təzyiqindən qorxan insanları – “tam olaraq nə ondan nə bundan olanları” – böyük ustalıqla təsvir edir yazar:

“Avropada varlılar nəzakətli bir formada varlı deyillərmiş kimi davranırlar… Sivil olmaq budur. Məncə mədəni və sivil olmaq hər kəsin bir-biri ilə bərabər və azad olması deyil, hər kəsin nəzakətli bir formada digəri ilə bərabər və azadimiş kimi davranmasıdır…” (səh 243)

Modernizm – mühafizəkarlıq münaqişəsi çərçivəsində bakirəlik anlayışı üzərində formalaşan “modernlik və geridə qalmışlıq” kimi məsələlər təsvir olunmaqla birlikdə həm də məsələlərin sosio-psixoloji analizi və iç üzü ortaya qoyulur. Özünü modern görsədən, ən azından belə hesab edən Kamal:

“Sibel özünü mənə ancaq “niyyətimin ciddi” olduğunu gördükdən sonra, yəni mənim “güvənilir biri” olduğuma inandığı zaman, yəni mənim sonunda onunla evlənəcəyimi dəqiqliklə anlayınca vermişdi… “bəkarətini mənə verdiyi” üçün artıq onu buraxmağım mümkün deyildi. Bu məsuliyyət hissi bizi bir-birimizə bağlayan başqa bir duyğuya evlənmədən öncə sevişdiyimiz üçün hiss etdiyimiz “azad və modern” olduğumuz yanılqısına kölgə düşürürdü, amma həm də bizi yaxınlaşdırırdı…” (Səh 20)

Arada mühafizəkar cəmiyyətin “danılmaz həqiqətləri”nə də bəlkə də “həqiqi olmayan həqiqətlər”inə də işıq tutur yazar. Sevgi və azadlıq üzərində düşünür. Azad olmayan bir insan sevə bilərmi?“Qadınla kişinin yan-yana gələ bilmədiyi, bir-biri ilə görüşüb söhbət edə bilmədiyi bir cəmiyyətdə sevgi olmaz…” (səh 499). Bu həqiqətən doğrudurmu? Bunu anlamaq üçün kitabı oxumaq lazımdır!

Bütün bunlarla yanaşı bir də insan həyatına təsir edən dövlət kimi böyük bir reallıq var ortada – avtoritar dövlət anlayışı, Türkiyədə siyasətin çətinliyi, hərbi çevrilişlər, senzuralar və s – kimi məsələlər insan həyatının içindəki izləri ilə təsvir olunur romanda:

 “Qəbul etdiyi senarinin iynələyici yerlərini düzəldir, varlı ilə kasıb, işçi ilə müdir, təcavüzkarla qurbanı, yaxşı ilə pis arasındakı sərtlikləri məsumluqla yumşaldır, əsas qəhramanın filmin sonunda senzuracıların diqqətini çəkəcək amma izləyicilərin sevəcəyi öfkəli, sərt tənqid edici sözləri balanslaşdıracaq bayraqlı, vətənli, Atatürklü, Allahlı bir neçə şirin söz əlavə etməyi hər kəsdən yaxşı bacarırdı”. (səh 370)

Məsumiyyət Muzeyi bir ilkdir

Yazar romanı yaza-yaza həm də adını “Məsumiyyət Muzeyi” adlandırdığı bir muzey qurur. Demək olar ki, ədəbiyyatda və romançılıqda bir ilk olan bu metod Orhan Pamukun dünya ədəbiyyatına gətirdiyi ən böyük töhvələrdən biridir.

Muzey romanın bütün detallarını və ruhunu özündə ehtiva edən bir komponent şəklindədir. Yazarın özünün dediyi kimi, “romanı yaza-yaza onunla birlikdə muzeyini də qurdum”. (Muzeyin rəsmi səhifəsi: http://www.masumiyetmuzesi.org/)

Məsumiyyət Muzeyinə Orhan Pamukun bələdçiliyi ilə qiyabi olaraq ziyarət edə bilərsiniz (CNN Türk):

[youtube http://www.youtube.com/watch?v=oyoe6bZSrKg]

Nəticə olaraq

“Məsumiyyət Muzeyi” bir sevgi romanı olmaqla yanaşı həm də cəmiyyətin sosial, siyasi və iqtisadi analizidir. Romanı oxuduqca həmin dövrdə Türkiyədə müxtəlif təbəqələrin ideologiyaları, həyata baxışları, iqtisadi, sosial, siyasi davranışlarını rahatlıqla anlamaq olur.

Bütün bunlarla yanaşı, əgər bir gün nəsə yazmaq istəyirsizsə bunu Orhan Pamuku oxumamış etməyin. Orhan Pamukun bu əsəri həm də “Necə Yazmalı?” ilə əlaqədar bir əl kitabıdır.

Kitab: Orhan Pamuk (2008) “Masumiyyet Müzesi”, İletişim Yayınları, 1.Baskı, İstanbul, 586 sayfa.