Onun həyat eşqi haqqında

Elnur İmanbəyli (Azərbaycan Diplomatiya Akademiyası) “Biz onlara deyə bilmərik ki, ayağa qalxın, alqışlara qoşulun. Amma deyə bilərik ki, gəlin, biz ayağa qalxaq,  onları alqışlayaq”.  Belə başladı onlarla tanışlığımız. Həmin günkü təqdimatda ADA ailəsinə iki yeni üzv qoşuldu. Bu insanlar Azərbaycanda qeydiyyatda olan yarım milyondan çox əlilliyi olan insandan yalnız ikisi – yerimə əlilliyi olan iki qadın idi. Belə böyük bir rəqəmin yanında iki nəfər az görünsədə,  onlar gəlişləriylə sanki bütün digər əlilliyi olan insanların da isti nəfəslərini,  həyata baxışlarını gətirdilər. Onlar gəlişləriylə bir daha bizə  fiziki əlilliyi olan insanların yalnız fiziki cəhətdən müəyyən çatışmazlıqlarının olduğunu, amma əqli cəhətdən, mənəvi cəhətdən heç də bizdən fərqlənmədiklərini göstərdilər. Biz həmin gün  oradaca onları tanıdıq və onların gəlişiylə həyatımıza qatılan yeni çalarlardan zövq almağa başladıq. O gün Akademiya daxilində formalaşmış kiçik (eyni zamanda böyüyən) ailəmizin yeni üzvləri olan bu iki qadından biri kamandan oxatma üzrə idmançı Zinət Vəliyeva idi. O, bu günə kimi çox uğurlar qazanıb,  iradəsini fiziki çətinlikləri üzərində qalibə çevirib. Zaman keçdikcə ərzində onu daha da yaxından tanıdım, bu əzmkar qadının həyat və fəaliyyətinin əslində çoxlarına nümunə ola biləcəyini müşahidə elədim. Elə bu səbəbdən də onun keçdiyi yolları Cəmiyyət jurnalı vasitəsilə cəmiyyətimizə çatdırmaq qərarına gəldim.

 “Bilmədim ki,  dəftərim, kitabım,  çantam harda qaldı”

Zinət Vəliyeva 1974-cü ilin may ayında Şəmkir rayonun Kişli kəndində 10 uşaqlı bir ailədə dünyaya göz açıb. Elə doğulduğu kənddə  təhsilinə başlayıb. Məktəbdə təhsilindəki uğurlardan savayı,  fəal çıxışlarına,  tədbirlərdə aparıcılıq etməsinə,  gözəl və maraqlı təşəbbüslərinə görə tanınıb hər zaman. Onun oxuduğu sinif cəmiyyətimizə Zinət xanım kimi bir idmançı ilə yanaşı vətən uğrunda şəhid də baxş edib. Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş Rövşən İsmayılov da o sinfin nüməyəndəsi olub.

Məktəbdə oxuduğu ilk illərdə hər şey öz axarında davam edib. Həyat hələ qabaqdakı çətinliklərdən onu bixəbər saxlayıb. 1989-cu ildə atasının xərçəng xəstəliyindən vəfatı isə onun taleyində ilk bədbəxt hadisə olub. Sonrakı illərdə isə özünün də dediyi kimi Qarabağ müharibəsi,  20 Yanvar faciəsi kimi hadisələrin ağrı-acıları digər bütün Azərbaycan ailələri kimi onlardan da yan ötməyib. Atasının ölümü,  bu hadisənin gətirdiyi bədbəxtliklər,  cəmiyyətin ağrı-acılı durumu 16 yaşında Zinətin sülh və sevgi dolu həyatını dəyişib. Baş verənlərin ağırlığına,  gərginliyinə dözməyən Zinətin beyin-sinir sistemi zədələnmişdir.  Bu hadisə Zinət məktəbdən evə qayıdarkən evinin qarşısında baş verib. Bu vaxt Zinət may ayında son zəng tədbirinə aparıcı kimi hazırlaşırdı. Özünün də dediyi kimi heç bilməyib dəftəri, kitabı,  çantası, qələmi harada qalıb. Hər şey bir göz qırpımında olub. Öz həyətlərində Zinəti bu vəziyyətdə görən ailə üzvləri əvvəlcə hadisənin ağırlığını dərk edə bilməyiblər. Gün keçdikcə vəziyyətinin daha da ağırlaşması, həkimlərin diaqnosu hamıya əslində vəziyyətin nə yerdə olduğunu başa salıb. Bir çıxış yolu ümidilə onu əvvəlcə regiondakı həkimlərə,  sonra isə müxtəlif yerlərə aparan ailə üzvləri hər yerdə eyni cavabla qarşılaşıblar: O bir daha yeriyə bilməz,  ona yalnız möcüzə lazımdır, yalnız möcüzə!

 Möcüzə! Bəs, bu möcüzəni elə onun özündən savayı kim yarada bilərdi?!

Düşdüyü vəziyyətlə tez barışıb o! Düzdür, əvvəllər bunu qəbul etmək onun üçün rahat olmayıb. O deyir:

“Bu hadisə mart ayında baş verdi. May ayında mən Bakıda hərbi xəstəxanada yatırdım. Otağımda televizor da vardı. Televiziyada son zənglə əlaqədər Milli Parka gəlmiş onlarla oğlanı, qızı göstərirdilər. O gün həyatdan əlimi tam üzmüşdüm. Ta ki bir hadisəyə qədər. Xəstəxanadakı  bəzi əsgər gənclər də mənim vəziyyətimi,  əgər bu hadisə baş verməsəydi, həmin gün son zəng tədbirimin olacağını eşitmişdilər. Onlar o gün mənə mənəvi dəstək olmaqçün əllərində gül qapımın ağzına yığışıblar. Bir an qapım açılanda önümdə onlarla əsgərin  əllərində gül gördüm. O gün elə düşündüm ki,  mənim son zəng günüm digərlərindən daha maraqlıdı, daha fərqlidi. O gülləri hələ də kitablarımın arasında saxlayıram. Çünki o güllər məni yenidən həyata qaytardı”.

Zinət xanımın əzmi tükənmək bilmədi heç zaman. O hər zaman özünə inandı.  Gündə 5-6,  hətta bəzən yeddi saat öz üzərində çalışaraq ayaqlarında hissiyat yaratdı. İllərlə müalicə qəbul etdi. Hər zaman, yenidən həyata qayıdıb, arzularını reallaşdıracaq günü gözlədi. Hər gün günəşdən istilik, aydan işıq aldı onun həyat sevgisi,  yaşamaq eşqi!

“İnsanlar beyni ilə düşünür, ayaqları ilə yox!”Zinət xanım hər zaman ümidlə yaşadı və heç zaman fiziki maneələrin onun qarşısını kəsməsinə icazə vermədi. Çünki onun qəlbi bütün əngəlləri aşır,  gələcəyin parlaq günlərinə qovuşa bilirdi. 22 yaşında,  azad quş kimi arzular, xəyallar aləmində süzən qəlbi onu təhsilini davam etdirməyə, ali təhsil almağa, cəmiyyətdə bir yer, mövqe qazanmağa səslədi. O qəlbinin səsini dinləyib, Bakıya gəldi,  Azərbaycan Neft Akademiyasına qəbul olundu. Özünün də dediyi kimi,  oxuduğu müddətdə müəllimlərinin onun vəziyyətinə yazığı gəlib, qiymət yazmasına heç zaman izn vermədi. Hər zaman çox oxudu ki, buna heç bir imkan,  şərait yaranmasın, heç kəs onu zəif, aciz insan bilməsin.  O buna da nail oldu,  akademiyanı nailiyyətlə bitirib,  yeni həyata başladı.

Bakıda təhsil alarkən üzləşdiyi ən böyük çətinliklərdən biri də kirayə ev tapmaq idi. Yaxınlaşdığı hər yerdə fiziki çatışmazlığından dolayı ona ev vermək istəmirdilər. Amma bir gün o ev sahibələrindən birinə “Siz yemək bişirərkən,  qab yuyarkən,  düşünərkən, qərar verərkən ayaqlarınızdan istifadə edirsiniz mi deyə?” soruşduqdan sonra, ev sahibəsi onun evində yaşamasına razılıq verir. Onun məntiqi,  əzmi burda da ona uğur gətirir.

Təhsilini bitirdikdən sonra iş tapmaqda sözün əsl mənasında çətinliklərlə üzləşir. Amma uzun çabalardan sonra özəl şirkətlərin birində iş tapır. Qısa müddətdə,  çalışdığı yerdə hər kəsin sevimlisinə çevrilir.Ətrafında fiziki çatışmazlığı olan və olmayan bir çox insana nümunə olur o!

Zinət xanım hər zaman əllillərin hüquqlarının müdafiəsinə çalışır,onların cəmiyyətdə “aciz” imici qazanmasının əleyhinə çıxış edir. Bu səbəbdən də müxtəlif yerli və xarici kampaniyalarda fəal çıxış edir.

1998-ci ildə Paraolimpiya Komitəsinə gəlişi isə həyatında yeni səhifələr açır.

“Ölkəmin bayrağını ucaltmaq üçün…”

O idmana möhkəm həvəslə sarıldıqdan sonra, çox çalışır,  çox məşqlər edir. İlk öncələr fiziki güc tələb edən bu idman növü ona asan gəlmir. Amma yorulmaq bilmədən çalışması qısa müddətdə ona ölkəmizi müxtəlif ölkələrdə təmsil etməyə imkan yaradır. O ölkəmizi özünündə dediyi kimi “bayrağımızı ucaltmaq” üçün qururla,  İtaliyada,  Çexiyada və bir çox digər ölkələrdə keçirilən idman yarışlarında kamandan oxatma üzrə təmsil edir.  Bu yaxınlarda Londonda keçirilən yay olimpia oyunlarında da ölkəmizin bayrağının ucaldılması uğrunda çox çalışıb, amma təəssüflər olsun ki, məqsədinə tam nail ola bilməyib. Amma onun orda onlarla ölkənin içərisində ölkəmizi təmsil etməsi də hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Bəlkə də arzusunun hələ tam reallaşmaması onu həyatda daha güclü edir,  arzusu uğrunda daha çox çalışmağa vadar edir.

O həm də bir sürücüdür…

 Zinət xanım deyir:

Bəzən öz maddi imkanlarım hesabıma bahalı otellərdə keçirilən tədbirlərdə içtirak edirəm,  cəmiyyətin müxtəlif təbəqələrinin həyatında iştirak etməyə çalışıram. Amma hər zaman bunları etməkdə bir məqsədim var-cəmiyyətdə “əllillər acizdir” fikrinə son qoymaq, onların heç bir fiziki qüsuru olmayan insanlardan əskik olmadığını göstərmək!”

Elə həm bu səbəbdən,  həm də öz gediş-gəlişini daha da rahatlaşdırmaq məqsədilə Zinət xanım əl əyləcləri quraşdırılmış bir maşının sürücüsüdür. Onunla müsahibəmdə cəmiyyətdə qadın sürücülərin qəzalara səbəb olması ilə bağlı yaranmış fikrə münasibətini öyrəndim. O bununla qəti razılaşmadığını,  qadınların daha ehtiyyatla və səliqəylə maşın idarə etdiyini dedi.

“ADA məndə yeni ümidlər yaradır…”

O Azərbaycan Diplomatik Akademiyasında yenicə fəaliyyətə başlamasına baxmayaraq,  artıq bir çoxlarına nümunə olub. Çalışma əzmi,  həvəsi, gülərüzlüyü ilə  ADAda çox əvvəlcədən mövcud olan rəngarəng həyata yeni çalarlar gətirir o. ADA haqqında fikirləri isə çox maraqlıdı:

Mən xaricdə olanda əlil olduğumu hiss eləmirəm. Çünki orda-metroda,  küçədə,  binada hər yerdə yaradılmış şərait insana fiziki çatışmazlıqlarını unutdurur. Xarici ölkələrdən qayıdanda isə təəssüflənirdim ki,  niyə mənim sevimli ölkəmdə bu şərait yoxdu.

ADA-ya ilk dəfə gələndə sanki bu arzumun reallaşdığının şahidi oldum. İstər girişdə,  istər liftdə,  istər maşınsaxlama üçün nəzərdə tutulmuş məkanda, bir sözlə,  binanın hər bir yerində əllillər üçün şərait nəzərə alınıb. Hər gün burda olduğum müddətdə əlil olduğumu unuduram,  çünki həm cəmiyyət, həm də binada olduğum müddətdə maneəsiz hərəkət bunu mənə qətiyyən xatırlatmır.

Belə bir deyim var, deyirlər ki, bir ölkənin mədəniyyət səviyyəsi onun cəmiyyətində əlillərə olan qayğıyla ölçülə bilər. ADA-da yaradılmış şərait burdakı mədəniyyətin yüksəkliyinin bariz nümunəsidir. Bu həm də Azərbaycanda əlillərə qarşı müsbət mənada dəyişən münasibətə işarə edir.

Zinət xanım,  həm də ADA tələbələrinə olan heyranlığını dilə gətirir:

“Tələbələr çox aktivdirlər,  mənə müəyyən hadisələr baş verməzdən əvvəl məktəbdə fəallığımı yada salırar. Kövrək, amma gözəl hisslər keçirirəm. Onların üzündəki təbəssüm,  əllillərə qarşı hörmət məni sevindirir,məndə onlara qarşı sevgi yaradır. Nəinki tələbələrdə, ö cümlədən işçilərdə,  ADA ailəsinin bütün üzvlərində bu hörməti müşahidə edirəm. Mən hər zaman Paraolimpia Komitəsinin prezidenti Ilqar Rəhimova, baş katibi Afiq hüseynov təşəkkür edirəm. Onların mənim üzərimdə çox əməyi var. İndi həm də,  bu akademiyanın rektoru, səfir Hafiz Paşayev başda olmaqla, ADA ailəsinin bütün üzvlərinə təşəkkür etmək istəyirəm ki,  bu qayğını əsirgəmirlər. ADAda olmaq həm də məndə yeni ümidlər yaradır. Yeni güc, iradə tapıram özümdə. Bu məkana da töhfələr vermək, ideyalarla çıxış etmək istəyirəm. Artıq ağlımda müəyyən ideyalar da var.  O zamana uyğunlaşmadı, zamanı öz istəklərinə uyğunlaşdırdı…”

Zinət xanımın həyat eşqi tükənmək bilmir. O hər gün sanki həyata, taleyə, zamana, bəxtə, qismətə  meydan oxuyarcasına bir təbəssümlə gəlir insanların görüşünə. O təbəssüm nəinki, onlarla insanı daha da əzmkar olmağa, məqsədlər uğrunda savaşmağa şövq edir, eyni zamanda neçə şeir, sənət dolu qəlbə yaz deyir.

Bir təbəssümün, bir həyat eşqinin,  bir əzmkar vətəndaşın şərəfinə, hünərinə yaz,  qoy hamı oxusun, bilsin,  həyata daha sıx bağlansın deyir!

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq