Ölü Dəniz əlyazmaları və İsa Məsih

Sura Su

Haqqında danışılacaq mövzu Ölü dənizin şimal-qərb sahilində Kumran mağaralarında tapılan əlyazmalardan bəhs edir. Tarixçilər bu əlyazmaları “Ölü dəniz əlyazmaları” (meqilot yam ha melekh) adlandırırlar. Ümumiyyətlə, kiçik işarə verə bilərəm ki, bu əlyazmalar çoxlarının Dan Brawn-nun “Da Vinçi şifrəsi”ndə adı çəkilən II məbəd dövrünə aid olan əlyazmalardır ki, onları qorumaq üçün xüsusi dəstə təşkil olunmuşdu. Çünki, onlar özlərində bir çox gizli məqamları saxlayırdı (II Məbəd Süleyman şahın hakimiyyəti illərində inşa edilmişdi e.ə II əsrin sonu eramızın I əsrinin sonuna kimi)

Tam təsadüf nəticəsində aşkar olunan əlyazmalar tarixçilər və teoloqlar arasında böyük əks-səda doğurur. Çünki tapılan əlyazmaların böyük əksəriyyəti dini mətnlər idi. Bu tapıntıya olan hərtərəfli maraq hətta iudaistikada kumranşünaslıq adlı bölmənin yaranmasına gətirib çıxarır. Aparılan tədqiqatlar əlyazmaların bir neçə aspektdən öyrənilməsinin vacibliyini irəli sürür.

Ölü Dəniz ƏlyazmalarıƏvvəla,  onların sayəsində e.ə IV-III minilllikdən İsa Məsihin tarix arenasında peyda olmasına qədər olan dövr haqqında müəyyən biliklər əldə olundu. İkincisi, Bibliyanın daha qədim variantları  tapıldı. Və onun sadəcə olaraq dini rəvayətlər toplusu deyil, tarixi abidə olduğu sübuta yetirildi. Belə ki, 1947-ci ilə kimi, yəni  əlyazmalar aşkar olunana kimi Bibliyanın ən qədim variantı Britaniya əlyazması (895 ci il), Leninqrad ictimai kitabxanasının iki əlyazması (916 və 1088-ci illər) və Aleppo əlyazması (Aharon ben Aşerin kodeksi eramızın X əsri) olub. Yerdə qalan əlyazmalar eramızın 12-15-ci əsrlərini əhatə edir. Bu əlyazmaların həqiqiliyi və yaşı radiokarbon analizi üsulu ilə dəqiqləşdirilir və məlum olur ki, onlar e.ə II əsrdən eramızın I əsrinin birinci yarısına qədər olan bir dövrü əhatə edir.

Üçüncüsü, həmin dövrə kimi Bibliyanın ancaq qədim yunan və roma dillərində tərtib olduğu düşünülürdü. Əlyazmalar isə göstərdi ki, Müqəddəs kitabın ən qədim versiyaları ibri və arami dillərində yazılıb, ancaq kiçik bir hissə yunan dilində təşkil olunmuşdu. Və nəhayət, ən əsas səbəb o idi ki, bu tapıntılar İsa Məsihin kimliyi və onun həqiqətən tarixi şəxsiyyət olub-olmaması kimi sualları cavablandırmağa imkan verirdi.

Əlyazmaların tapılma tarixinə gəlincə, 1947 ci ildə Vadi Murabaat adlanan yerdə Muhamməd əd-dib adlanan balaca bədəvi oğlan öz keçilərini otarmağa çıxır. Keçilərdən biri dəstədən ayrılaraq mağaraların birinə qaçır. Onun dalınca mağaraya girən oğlan orda saxsı küplər tapır. Tapdığı küplərin içərisində dəri parçaları olduğunu görən uşaq əvvəlcə onlardan ayaqqabısı üçün qaytan düzəltmək istəsə də, havaya çıxan kimi dərilər ovulub tökülür. Bunlardan bir xeyir gəlmədiyini görən Muhamməd saxsı qabları əntiq əşyalar satan tacirə satır. Əslində bu uşaq bu tapıntıların necə böyük əhəmiyyətə malik olduğunu anlamırdı. Həmin dövrdə o, 7 belə saxsı qab tapmışdı. İki-üçünün içində olan əlyazmaları yerindəcə məhv etmişdi, qalanları isə tacirə vermişdi.

Küplərin içində qədim əlyazmalar olduğunu görən tacir bunu bahalı tapıntı zənn edib elə həmin ilin noyabrında arxeoloq Sukeniklə görüşür və tapıntıları ona göstərir. Alim bu yazıları XIX əsrin əvvəllərində Qüds və onun ətrafında tapılan eramizin 66-73 ci illərini əhatə edən üsyandan bəhs edən yazılara bənzədir, lakin onu heyrətə gətirən o olur ki, əvvəlki yazılardan fərqli olaraq bu yazılar dəri üzərində yazılmışdı və bu fakt yazıların daha qədim olduğunu sübüt edirdi. Beləliklə, Ölü dəniz regionu geniş tədqiqat obyektinə çevrilir və 1952-1956 ci illərin axtarışları nəticəsində Vadi-Kumran ərazisində 11 mağara aşkar olunur ki, buradan 11 bütöv dürüm əlyazma və 25 min fraqment tapılır. Bu fraqmentlərin böyüklüyü adi poçt markasından fərqlənmirdi. Mürəkkəb təhlillər və oxşatmalar nəticəsində bütün bu hissəciklərdən 900 qısa mətn fraqmentləri  aşkar edilir.

Məzmununa görə əlyazmalar iki hissəyə bölünür: Dini əlyazmalar və Qədim Kumran tayfalarına məxsus əlyazmalar.

Kumranşünasların çoxu Kumran haqqında essey nəzəriyyəsini irəli sürmüşdülər. Belə ki, onlar düşünürdülər ki, Kumran mağaralarında yaşayan icma essey  tayfalarının bir hissəsidir. Onlar sadukeylərlə müharibə nəticəsində bu mağaralara çəkilib tərki-dünya olmuşdular. Mağaralarda tapılan İcma nizamnaməsi (sherek ha yahad), Dəməşq sənədi, “Müharibə” dürümü, (meqilat milxemet), Himnlər adlı sənədlər onların həyat-tərzini və ideologiyalarını təsvir edir. Xüsusilə  “İcma nizamnaməsi” adlı sənəddə onlar özləri “işıq övladları”, düşmənlərini isə ”qaranlıq övladları” adlandırırlar.

İndi  isə essyelərin kim olduğuna nəzər salaq: Esseylər II məbəd (e.ə II sonu eramızın I əsrinin sonu) dövrünün sonunda mövcüd olan yəhudi dini sektasıdır. Əsasən İosif Flavi, İsgəndəriyyəli Filonun əsərlərində təsvir edilmişdilər. İosif Flavi “İudey müharibəsi” adlı əsərində esseylərlə sadukeylərin müharibəsindən bəhs edir. Say etibarilə də onlar çox olmamışlar. Filon məlumat verir ki, onun vaxtında (eramızın I əsrinin birinci yarısında) 4000 essey yaşayırdı. Esseylər müqəddəs kitabın qanunlarına, müqəddəs ayinlərə və təmizliklə bağlı məsələlərə ciddi əməl edirdilər. Onlar ölülərin fiziki olaraq yenidən dirilməsinə inanırdılar. İcma üzvləri fiziki əməklə və əkinçiliklə məşğul olurdular.

Ümumi mülkiyyəti bölüşən və rahib həyatı keçirən esseyləri bu cəhətlərinə görə xristianların sələfləri adlandırmaq olardı. Elezer Sukenik və daha sonra fransalı  alim Rolan de Vu bu ideyanı ciddi müdafiə edirdilər. Onlar qeyd edirdilər ki, esseylər maddi olan hər  şeydən imtina edir, dini mərasimlərdə xüsusi ağ geyimlərdən istifadə edir, qüsul ritualına ciddi əməl edirdilər. Həmçinin essey icmasında ancaq kişilərdən ibarət bir qurumun yaşadığı iddia edilirdi. Müasir xristian monastrlarının və rahiblərin timsalında olduğu kimi esseylər  də cinsi əlaqədən imtina etmişdilər.

Lakin sonrakı onillikdə bu nəzəriyyə ciddi tənqidlərə məruz qaldı. Belə ki, bu nəzəriyyənin banisi olan Rolan de vu özü bu nəzəriyyəyə şübhə ilə yanaşmağa başladı. Və  onun tədqiqatının böyük hissəsi çap olunmamış qaldı.  Kumranist İzxar Xrifşeld yazır ki: “Kumran qəsəbəsində qadınların mövcudluğunu sübut edən daraqlar, kosmetik vasitələr və bəzəkli əşyaların tapılması asket esseylər haqqında nəzəriyənin üzərindən çarpaz xətt çəkir.”

İsa Məsihin tarixi şəxsiyyətinin araşdırılmasına gəlincə isə, tapılan sənədlər arasında “Həqiqət müəllimi” (More ha tsedek) adlı birinin adı çəkilir. O Kumrandakı dini icmanın banisi və nizamlayıcısı idi. Bəzi alimlər onun məhz İsa Məsih olduğunu iddia edirlər. Çünki baxışlar və ayinlər üst-üstə düşür. Lakin əlyazmların tarixini araşdıqdıqdan sonra sübut edilmişdir ki, “Həqiqət Müəllimi” İsa Məsihdən bir neçə onillik öncə yaşamışdır. İsa Məsihdən fərqli olaraq onun tarixi şəxsiyyət olduğu tam sübuta yetirilmişdir. Daha sonra İsa Məsihin çarmıxa çəkilməsi faktı da tarix baxımından sübuta yetirilə bilmir, əksinə əlyazmalarda Şimon adlı birinin adı çəkilir. Digər bir mənbədə İsa Məsihin atası və anası olduğu iddia edilir və onların dəfn olunduğu yerlər tərif edilir.

Məhz İsa Məsihin dövründən və şəxsən onun özündən qalma əlyazmaların olmaması bu faktların doğru olmasına  zəmin yaradır, digər tərəfdən isə bir çox əlyazmların itməsi və hələ çox hissəsinin açıqlanmamış qalması onların hələ çox sirlər gizlətdiyindən xəbər verir.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq