İcbari Tibbi Sığorta QHT təcrübəsində


Sağlamlıq hüququ
. Birləşmiş Millətlər Təşkilatının və ÜST-nin bir üzvü kimi və beynəlxalq müqavilələrə imza atmış bir ölkə olaraq, Azərbaycan öz üzərinə səhiyyə ilə bağlı öhdəliklər götürmüşdür. Ümumdünya Səhiyyə Təşkilatının Əsasnaməsinə əsasən, səhiyyənin əldə edilə bilən ən yüksək standartı hər bir insanın fundamental hüququdur. Sağlamlıq hüququna lazım olan anda əlçatan, münasib və keyfiyyətli səhiyyə xidmətləri daxildir. Bu, o deməkdir ki, dövlətlər hər kəsin mümkün qədər sağlam yaşaya bilməsi üçün lazımi şəraiti yaratmalıdır. Sağlamlıq hüququ, beynəlxalq və regional insan hüquqları konvensiyalarında, eləcə də, Azərbaycan Respublikasının Konstitusiyasında (41 Maddə) da əks olunmuşdur.

Səhiyyədə islahatların vəziyyəti. Azərbaycan Respublikasının səhiyyə sistemi sovet dövründən miras qalmışdı. 90-cı illərin sonlarından bəri hökumət səhiyyədə islahatlar üçün bir sıra addımlar atmışdır. İqtisadi sistemi dəyişən – sosializm quruluşundan bazar iqtisadiyyatına keçid edən bir ölkə üçün səhiyyənin maliyyələşdirilməsi sistemində islahatların aparılması mühüm əhəmiyyət daşıyır. Bu cür islahatların gecikməsi keçid sürəcinin sosial yükünü daha da artırır. Səhiyyənin maliyyələşdirilməsi sistemində islahatların keçirilməsi həm də lazımi iqtisadi potensialın yaranmasdan asılı idi. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 760 №-li sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradılmışdır. 1999-cu ildə “Tibbi sığorta haqqında Azərbaycan Respublikası qanun”unun qəbul olunmasına baxmayaraq, qanunun icrasının prezident tərəfindən dayandırılmasının səbəbləri sırasında lazımi iqtisadi potensialın olmaması, yoxsulluğun yüksək olması dayanırdı. Lazımi iqtisadi potensial isə 2005-ci ildən milli gəlirlərinin artması ilə yaranmışdır. Keçən 10 il ərzində dövlət büdcəsinə gələn gəlirlərinin artması dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin də artmasına səbəb olmuşdur. 2002-ci ildə səhiyyəyə dövlət büdcəsindən ayrılan xərclər 44.8 mln manat olduğu halda, bu rəqəm 2012-ci ildə 658.7 mln manata çatmışdır.

Səhiyyənin maliyyələşdirilməsi sistemində islahatlar, icbari tibbi sığorta ilə bağlı 2007-ci ildən 2008-ci ilin ortalarına qədər bir sıra mühüm sənədlər qəbul edilmişdir. 2007-ci ilin dekabrında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında Prezident sərəncamı imzalanmışdır. 2008-ci ilin yanvarında isə “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası” təsdiq edilmişdir. 2008-ci ilin avqustunda Nazirlər Kabineti bu Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planını təsdiq etmişdir. “Tədbirlər Planı”nda bütün işlərin 2012-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulurdu. Bu işlərin icrası nəticəsində ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanmalı və bununla da, səhiyyənin maliyyələşdirilməsi sisteminin yeni iqtisadi əsasları formalaşmalı idi. Lakin “Tədbirlər Planı” həyata keçirilməmiş və ya çox cuzi məsələlər həyata keçirilmişdir. Həmin vaxtdan bəri beş il ötməsinə baxmayaraq heç bir irəliləyiş olmamışdır.

Səhiyyənin maliyyələşdirilməsi sistemində islahatlar ölkədəki səhiyyə xidmətinin keyfiyyətinin yüksəlməsi üçün mühüm əhəmiyyət daşıyır. Prezident tərəfindən 2008-ci ilin yanvar ayında təsdiqlənən “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”nda bu barədə belə qeyd edilir:

səhiyyə sisteminin maliyyələşdirilməsi prinsipləri üzrə köklü islahatlar həyata keçirilmədən əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin arzuolunan səviyyəyə çatdırılması mümkün deyildir”.

2000-ci illərin əvvəllərindən bəri ölkədə səhiyyə islahatlarının aparılması üçün beynəlxalq təşkilatlar tərəfindən də dəstək göstərilmişdir. ABŞ İnkişaf Agentliyi (USAID) (İlkin Səhiyyə xidmətlərinin inkişafı layihəsi, Təcili Yardımın İnkişafı layihəsi, Reproduktiv Sağlamlıq və ailə Təbabəti layihəsi və s.), BMT Uşaq Fondu (UNICEF) (Azərbaycanın regionlarında tibbi xidmətin gücləndirilməsi və s.), Dünya Bankı (Səhiyyədə İslahatlar, Tədris, İnnovasiya layihəsi (5 mln AZN) və Səhiyyədə Sahəsində İslahatlar (50 mln AZN)) , Ümumdünya Səhiyyə Təşkilatı (Səhiyyə Siyasəti layihəsi) və Oksfam Humanitar təşkilatı tərəfindən səhiyyə sisteminin gücləndirilməsi, islahatların keçirilməsinə dəstək məqsədi daşıyan çox sayda böyük büdcəli layihələr həyata keçirilmişdir.

Sözsüz ki, bu layihələrin islahatlar prosesinə əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Onu da qeyd etmək lazımdır ki, hökümətin də bu layihələrin icrası zamanı əldə edilmiş təcrübə və biliklərdən islahatların davam etdirilməsi üçün yararlanmasına ehtiyac vardır.

Təcrübədən nümunə. Bu fikri daha da genişləndirmək üçün nümunə kimi yuxarıda qeyd edilən təşkilatlardan Oksfamın həyata keçirdiyi layihələri nəzərdən keçirək. 2001-ci ildən Oksfam Azərbaycanda səhiyyə sahəsində layihələr həyata keçirir. 2005-2007-ci illərdə “Sağlam İcmalara doğru” layihəsi, 2007-2012-ci illərdə isə əvvəlki layihənin davamı olan “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsi yoxsul və ya azgəlirli əhalinin ən çox yaşadığı rayonlardan Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy və Oğuz rayonlarında həyata keçirilmişdir. Layihələrin məqsədi ucqar kəndlərdə yaşayan insanların öz ilkin səhiyyə xidməti (İSX) hüquqları ilə bağlı qərarqəbuletmədə iştirakını və onların ucuz və keyfiyyətli xidmətlərə çıxışını təmin etmək,  hökumətin bu sahədə səylərinə dəstək vermək, islahatların aparılmasına təsir göstərmək məqsədi daşıyırdı.  Bu layihələr çərçivəsində görülən işin əsasını İlkin Səhiyyə Xidməti Modeli təşkil edir.

Model nədən ibarətdir? Model layihənin həyata keçirildiyi hər bir kənddə İcma Səhiyyə Komitəsinin qurulmasını nəzərdə tutur. İcma Səhiyyə Komitəsi kənd sakinləri arasından seçilir. Kənd tibb məntəqəsinin həkimi və kənd bələdiyyəsi də bu komitəyə daxildir. Modelin idarəçiliyi bu komitə tərəfindən həyata keçirilir. İcma Səhiyyə Komitəsi isə İcma Səhiyyə Fondunu idarə edir, bu sığorta modelini icma üzvləri arasında təbliğ edir. Könüllülük əsasında modelə üzv olan kənddəki ailələrinin hər biri ayda 1 AZN kənd tibb məntəqəsinə verir və bu ödəmələrin əsasında İcma Səhiyyə Fondu formalaşır. Ödəmələrin əvəzində həmin ailələr ilkin səhiyyə xidməti üçün kənd tibb məntəqəsinə müraciət etdikləri zaman kənd həkimi tərəfindən İcma Səhiyyə Fondu hesabına alınan dərmanlarla təmin olunurlar. Kənd tibb məntəqəsinin tibbi heyətinə isə həvəsləndirmələr – kiçik həcmli ödənişlər təmin olunur. Tibb məntəqəsinin və məktəbin su xətləri və kanalizasiya qurğuları da bu fond hesabına İcma Səhiyyə Komitəsinin qərarı ilə ya təmir olunur, ya da yenidən çəkilir. İcma Səhiyyə Komitəsinin qərarı ilə icmanın həddən artıq yoxsul insanları bu mödelə üzvlük haqqından azad olunurlar. Bu cür ilkin səhiyyə xidməti sığortası modeli model üzvlərini sayının genişlənməsi ilə daha da dayanıqlı hala gəlir.

Modelin üstünlükləri. Modelə üzv olan insanlar üzvlük haqqı ödədikləri üçün göstərilən xidmətin keyfiyyətinə təsir göstərə bilirlər. Ucqarlarda yerləşən insanlar üçün səhiyyə xidməti almamaq riski ortadan qalxır. Beləliklə də, insanlar lazım olan anda əlçatan, münasib və keyfiyyətli səhiyyə xidmətləri ala bilirlər. Bir çox ucqar ərazilərdə yerləşən kənd məntəqələri istifadəyə yararsız olduğu üçün, Rayon Mərkəzi Xəstəxanasına və ya ən yaxın tibb məntəqəsinin yerləşdiyi kəndə getmək əhali üçün ilkin səhiyyə xidməti xərclərinin yüksəlməsinə səbəb olur. Halbuki, ilkin səhiyyə xdməti lazım olan anda əlçatan, münasib və keyfiyyətli olmalıdır.

Model həm də icma mülkiyyətçiliyi, yerli idarəetmənin inkişafına tövhə verilmiş olur. Eyni zamanda, tibbi məntəqəsində model korrupsiya ehtimallarını aradan qaldırır, dövlətin yükünü azaldır. Onu da qeyd etmək lazımdır ki, model layihənin icra oluduğu icmaları İcbarı Tibbi Sığortanın təqdim olunmasına hazırlamış olur.

Oksfam modelin formalaşması üçün nə edib?

Modelin qurulduğu icmalarda kənd tibb məntəqəsinə və məktəbə su xəttlərinin və sanitariya qurğularının təmiri və ya yenidən qurulması Oksfam tərəfindən həyata keçirilib. Layihənin icrası müddətində icmaların hər biri 80 mühüm dərman və tibbi təchizatdan ibarət dərman ehtiyatı hər rüb Oksfam tərəfindən təmin olunmuşdur. İcma Səhiyyə Komitələrinin üzvləri və hər bir icma tibb məntəqəsinin tibbi heyəti üçün bir sıra təkmilləşdirici təlim sessiyaları təşkil olunmuşdur. Bununla yanaşı, səhiyyə sahəsində kənd sakinləri arasında müxtəlif səhiyyə mövzuları üzrə ictimai məlumatlandırma kampaniyası aparılmış, məktəblərdə bu mövzular üzrə dərslər keçirilmişdir. Beləliklə də, icma fondlarında toplanan vəsait layihənin başa çatmasından sonra da modelin davam etməsinə əsas yaratmış olur.

Layihənin həyata keçirilməsi, xüsusilə, İcma Əsaslı İlkin Səhiyyə Xidməti modelinin tətbiq olunması ilə bağlı əldə edilən nəticələr təhlil olunmuş və sənədləşdirilmişdir. Bütün bunlardan bir daha belə bir qənaətə gəlmək olar ki, qeyri-hökümət təşkilatları tərəfindən bu sahədə görülmüş işlər səhiyyədə islahatların davam etdirilməsi üçün yaxşı töhvə verə bilər. İcbari Tibbi Sığorta gecikdirilməməli və tezliklə təqdim olunmalı, hökumət qurumları isə qeyri-hökumət təşkilatlarının təcrübəsindən yararlanmalıdır.

Foto: Validə Babayeva (1), Gülnaz Quliyeva (2, 3, 4)

Yazıda Azər Mehtiyevin “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrasının monitorinqi hesabatından yararlanılmışdır.

Oxfam Azerbaijan’s Facebook Page

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.