Niyə Sosial Liberalizm?

Azadlıq niyə lazımdır?

Nisə Hacıyeva

Sosial Liberalizmin ən böyük dəyəri insandır. İnsan olan yerdə heç bir şey ondan vacib deyil. Bir dövlət onun ərazisində yaşayan insanı xoşbəxt edə bilmirsə, nə güclü xarici siyasəti, nə regiondakı avtoriteti artıq əhəmiyyətini itirir. Sosial Liberalizmin ali məqsədi ölkəsindəki insanları xoşbəxt etməkdir.  Bunun üçün də o fərdi azadlığı və sosial təminatı ön plana çəkir.

Azadlıq niyə lazımdır?

Mühafizəkarlardan fərqli olaraq Liberallar məhz insan azadlığını öndə tutur.  Liberal dəyərlər birdir. Amma mühafizəkar dəyərlər fərqli.  “Öz dəyərlərimiz” altında yeridilənlər çox vaxt mühafizəkar dəyərlərin bir tipidir. Çox vaxt mühafizəkarlar məhz xalqa xoş olsun deyə “öz dəyərlərimiz, öz yolumuz” adı ilə mühafizəkar dəyərlərinə milli don geyindirirlər.  Burada “öz” daha çox hakimiyyətdəki elitar gücün, bir tək fərdin və  ya bir neçə fərdin dəyəri deməkdir. Və bu “öz” mühafizəkar dəyərlərin bir tipidir. “Öz” adı ilə bir toplumun dəyərlərini müəyyən etmək mümkün deyil. Çünkü toplum fərdlərdən və fərdi dəyərlərdən ibarətdir.  Ələxsus da Azərbaycan kimi fərqli bir toplumlardan ibarət bir dövlət yaınız individual azadlıqları təmin edərək hər bir vətəndaşının xoşbəxtliyinə nail ola bilər.  John Stuart Mill demişdir ki, hər bir İnsan hər bir hakimiyyətdən daha yaxşı bilir ona nə lazımdır.

John Stuart Millin fikrinə görə individual azadlığın qorunması ona görə vacibdir ki, əgər insanlar istədiyi həyatı sürə bilməsə, o zaman sivilizasiya inkişaf edə bilməyəcək; əgər insanlar azad şəkildə öz fikirlərini paylaşmasa o zaman, doğrular üzə çıxmayacaq; insanlar şəxsiyyətini, orjinallığını, dahiliyini,  ağlını və cəsarətini inkişaf elətdirə bilməyəcək.  Onun fikirlərinə görə azadlıq olmasa, cəmiyyət kütləvi şəkildə adiləşəcək.; fərqlilik rəngarənglik itəcək; itaət etmək ənənəsi yalnız  çərçivələnmiş və tükənmiş insanlar yaradacaq. Liberal dəyərləri daşıyan dövlətin rolu  burda nəyinki azadlıq vermək həm də bu azadlığı idarə etməkdir ki, biri digərinin azadlığını pozmasın, özündən asılı etməsin. Əks halda bərabərlik yox,  yalnız güclülərin və ya çoxluğun azadlığı hökm sürər.

Sosial təminatlar niyə lazımdır?

Alman filosofu Ferdinand Lassalle dövlətə “gecə gözətçisi” adı vermişdi. Bununla da Liberal dəyərləri daşıyan hakimiyyətin funksiyalarını və əhəmiyyətini azaltmışdır. Amma SOSİAL Liberalizm dəyərlərini daşıyan hakimiyyətin əslində  heç də Lassalle dediyi qədər az rol oyanmır.  Sosial Liberallar üçün daha bir önəmli dəyər var o da, azadlıqdan öncə insanlar üçün yaradılmış şərait. Xəstəlikdən əziyyət çəkən, təhsil ala bilməyən bir insan üçün azadlıqdan daha önəmli şeylər var. Ona azadlıq verməmişdən öncə girişimci iqtisadiyyat şəraitində başlanğıc şansları vermək üçün, təhsilinin və səhhətinin ön plana çəkilməsi çox vacibdir. Məhz bunun üçün dövlətin rolu hər bir vətəndaşına bərabər şərtlər yaratmaq gələcəkdə azadlığından istifadə etmək üçün təməl ehtiyaclarını ödəməkdir. Yalnız bunları təmin edəndən sonra hər bir vətəndaş öz azadlığından istifadə etməyə  hazır ola bilər.

Sosial Liberalizm Azərbaycana nə verə bilər?

Bu gün Azərbaycanda nə azadlıqlar, nə də sosial təminatlar var. Minlərlə insan  ölkədə tibbi sığorta olmadığı üçün müalicə ala bilmir.  Bir çox səbəblərdən insanlar istədiyi keyfiyyətdə təhsilini də ala bilmir. Bu gün hər kəs özəl universitetlərdə, özəl məktəblərdə tədris almaq istəyir, çünkü pulsuz dövlət təhsil ocaqları keyfiyyətli təhsil vermir. Dövlət xəstəxanaları belə pulsuz yardım göstərməli olduqları halda bunu etmir. Bir çox inkişaf etmiş ölkələrdə əgər dövlət xəstəxanası ilə özəl xəstəxana arasında fərq məhz lüks xidmətlə fərqlənirsə Azərbaycanda bu keyfiyyətli müalicə və həkimlərin  savadı ilə fərqlənir. Nəticədə dövlət xəstəxanasında müalicə alan şəxsin həyatı, dövlət təhsil müəssəsində təhsil alan insanın isə təhsili risk altındadır.

Azərbaycanda iqtisadi vəziyyətindən asılı olmayaraq hər bir fərd üçün nəyinki bəbabər başlanğıc şərtlər hətta insan haqqlarını təmin edəcək şərtlər belə yoxdur. Azadlıq baxımından da, Azərbaycan cəmiyyəti sıxılıb. Söz azadlığı, mülki azadlıq kimi azadlıqlar daima pozulur. Fərqli toplumlardan və fərqli fərdlərdən ibarət olan Azərbaycan çoxluğun fikri ilə üst üstə düşməyən fikirlərin sahiblərinə  daima “vətən xaini” kimi baxıblar.

Halbuki, Azərbaycan kiməsə ( çoxluğa və ya azlığa) məxsus deyil. Azərbaycan hər birimizindir. Bundan əlavə hər bir cəmiyyət olaraq azad olmadığımız üçün məsuliyyəti də boynumuzdan atmışıq. Bir qul heç bir zaman məsuliyyət daşıya bilməz. Azadlıq insanlara nəyinki xoşbəxt, həm də məsuliyyətli etmək üçün vacibdir. Yalnız fərdi və siyasi azadlıqları insanlara verdikdən sonra onlar öz məsuliyyətini dərk edə bilər.  Ona görə də məqsədimiz: Azad fərd, Xoşbəxt insan və məsuliyyətli vətəndaşdır.

Sosial Media da Paylaşaq