Niyə sırada dura bilmirik?

Xəyyam Namazov

Bir sırada durmamaq var, bir də dura bilməmək. Biz sırada durmuruq yox, sadəcə dura bilmirik…

Hadisə:

Bakı, 60-70 nəfərlik bir sıra. Sonlara yaxın bir yerdə durmuşam. Ən azı bir neçə saat burada olacağımı anlayıram və işimi buna görə planlamışam. Bu sıra səfirlik önündə olduğu üçün səfirliyin təhlükəsizlik heyyəti tərəfindən təşkil olunub. Yəni sıranı özümüz qurmamışıq. Bizim üçün qurublar…

Sıra bir nizamdır

Sıra bir nizam deməkdir, dövlət və cəmiyyət kimi. Qaydaları vardır, hüquq sistemi kimi. İştirakçılarına məsuliyyətlər yükləyir, cəmiyyətdə yaşamaq fərdlərə müəyyən məsuliyyətlər yüklədiyi kimi.

Sırada durmaq bir mədəniyyət və davranış vərdişidir. Həm də bir cəmiyyət və onun fərdlərinin sosio-psixoloji vəziyyətini anlamaq üçün əlverişli bir yer.

Hadisə:

Bir neçə dəqiqə gözlədikdən sonra sıranın yaxınlarında, yol kənarında bir maşın dayandı. İçəridən ata və aralarında bir-iki illik yaş fərqi olan iki qardaş düşdü. Təhlükəsizlik xidmətinə yaxınlaşdılar, onlara 70 nəfərlik sıranın sonu göstərildi. Ata və oğulları həvəssiz şəkildə sıranın arxasına doğru addımladılar. Mənim yanımdan keçəndə atanın uşaqlarına dediyi bu sözləri: “Fürsət düşən kimi qabağa keçin, çox gözləməyin eşitdim. Ata tərbiyyəsini verdi, maşınına oturdu və getdi.

Fürsətlər və ya hüququn işləksizliyi

Fürsət düşən kimi qabağa keçin…” bu cümlə həmin sıra (nizam), sıradakı insanlar o cümlədən sıranın qaydaları haqqında insanların nə düşündüyünün ifadəsidir. Fürsət nə deməkdir? Fürsət sıradakı nizamın yüksək faizli pozulma ehtimalıdır və ya cəmiyyətdəki qanunun işləksizliyi, əhəmiyyətsizliyi. Ata bu cəmiyyətin üzvüdür. O daima “fürsət”lərdən – rüşvət, korrupsiya, tanışlıq, qaydaları kobudca pozma və bunun kimi vasitələrdən istifadə edib. Bu sıra da həmin cəmiyyətin kiçik bir modelidir. Ata anlayır ki, bu sıra uzun sürməyəcək, mütləq bir fürsət yaranacaq və bu sıranın iştirakçıları və ya bu cəmiyyətin üzvləri mütləq bu fürsətdən istifadə etməyə çalışacaqlar. Bu sıranın pozulacağını bilir ata və istəmir ki oğulları geridə qalsın. Bir sözlə haqqın pozulmaqdansa, digərlərinin haqqlarını poz deyir. Oğullarına cəngəllik mədəniyyətini aşılayır…

Hadisə:

Sırada durduğum bu müddət ərzində nə qədər insan bu fürsətlərdən yararlanmağa çalışdı. Bir müddətdən sonra (yəqin ki, səbr kasası daşmışdı artıq) bir Türkiyə vətəndaşının səsi eşidildi. “Ayıp ya, bir saygın olsun. Hepimiz bekliyoruz işte, sıranı neden bozuyorsun. Anlıyorum bana saygın yok, bu kadar insana neden saygısızlık yapıyorsun?!”… Bununla yanaşı məndən öndə gedən insanlar arasında da bir kiçik münaqişə yarandı sıra üzərində. Qabağa keçməyə cəhd edən insanlar durmadan artırdı. Sıra pozulmaq üzrə idi, bir nizamsızlıq yaranırdı. Hər kəs qabağa keçmək üçün öz FÜRSƏTini yaradırdı.

“Fürsət”cil  zehniyyətimiz

Bu insanlar niyə sıranı pozurlar? Çünki hər kəs fürsət gözləyir və hər kəs də digərlərinin fürsət gözlədiyinin fərqindədir. Heç kimin sıra  nizamına (cəmiyyət/dövlət) və sıra qaydalarına (hüquq) inamı yoxdur. Bununla yanaşı, heç kim bir-birinə gövənmir. Nəticədə bu ümumi güvənsizlik halı sıranın pozulması və ya heç qurulmaması ilə nəticələnir.

Sistem insanları fürsətcil və məsuliyyətsiz öyrədir. Çünki qayda yoxdur və cəngəllik mədəniyyəti hakimdir. Belə bir vəziyyətdə isə sadəcə “bacarıqlılar” (bacarana can qurbanmı?! – xəstə bir təfəkkür), “fürsətləri” dəyərləndirə bilənlər qalib çıxacaq və ya əzilməyəcək.

Belə bir sosial-psixoloji mühitdə insanların “sıra” və “qaydalar”a hötməti və bir-birinə qarşı “məsuliyyət”ləri yoxa çıxır. Hər kəs başqasının haqqı bahasına olsa belə önə keçmək ehtirası ilə alışıb yanır. Cəmiyyətimizdə də belə deyilmi?! Hər birimiz başqalarının canı, haqqı hesabına olsa belə, digərlərinin başlarından tapdalayıb üstə çıxmaq ehtirası içində boğulmuruqmu?! Sistem bunu tələb edir və ya belə tərbiyyə edir.

Hadisə:

Artıq bir neçə dəqiqə idi ki içəridə idik. Sənədlərimi səfirliyə təqdim etmək üçün mənə 4-cü stand qarşısına getməyim söylənildi. Amma orada hələ bir adam vardı deyə, həmin adamın arxasında, bir metr aralı dayandım. Bir dəqiqə sonra bayaq yolda atası tərəfindən “tərbiyyələndirilimiş” qardaşlar 4-cü standın yanına gəldilər və mənim yanımda durub gözləməyə başladılar. Vurnuxurdular. Bir neçə saniyyə sonra böyük qardaş mənim qabağıma keçdi, ardı ilə də kiçik tayı. Heç nə demədim onlara (bu məqaləyə material toplayırdım deyə, sadəcə seyr edirdim). Nə edəcəklər deyə baxdım. Stand-ın qarşısındakı şəxs sənədlərini təqdim edib bitirdikdən sonra səfirlik nümayəndəsi bizə baxıb: “Sırada hanginizsiniz?” dedi (bizimkilərin davranış psixologiyasına bələd idi, yəqin ki). Mən arxadan “mən” deyə bildirdim. Həmin dəqiqə kiçik qardaş qarşımdan çəkildi və mənə yol verdi. Böyük qardaş da ona baxıb çəkilmək məcburiyyətində qaldı.

Önə keçdim və sənədlərimi təqdim etdim və arxamdakı qardaşları da dinləməyi unutmadım. Böyük qardaş aşağı səs tonunda “qoyunsan sən? Niyə tez qabağa keçib sənədlərini qoymursan?” deyə kiçik qardaşa təpindi. Kiçik qardaş isə ağlamsınaraq və günahkar bir səs tonu ilə “niyə camaatın haqqına girim ee” deyə cavab verdi.

Sistem əxlaqsızlaşdırır

İnanıram ki, bu böyük qardaş da bir zamanlar atasına bu sözü deyib “ata, bəs insanların haqqları?!” İnanıram ki, o da bir zamanlar kiminsə qabağına keçəndə vicdanı sızlayıb, bunun doğru olmadığını anlayıb və bəlkə də buna qarşı çıxıb. Amma indi? İndi isə sadəcə fürsət axtarır. Çünki sistem onu əxlaqsızlaşdırıb. Onun vicdanını məhv edib, öldürüb və çox dərinlərə gömüb.

Bilirəm ki, kiçik qardaş əgər bir müddət də bu cəmiyyətdə yaşasa o da öz vicdanını göməcək dərinliklərə. İnsanların haqqları bahasına qabağa keçməyə, üstə çıxmağa çalışacaq. Bilirəm, o da bir gün əxlaqsızlaşacaq və ya bizlərdən biri olacaq.

Son olaraq

Sırada durmaq bir mədəniyyətdir. Bunu bacarmaq üçün “nizam”, “qanun”, “məsuliyyət”, “insanlara güvən” və bütün bu anlayışlara “hörmət”, o cümlədən “düzgün davranış vərdişləri” tələb olunur. Elə bunların əksikliyinə görədir ki, biz sırada dura bilmirik.

Əgər bu gün sistematik dəyişiklik edə bilmiriksə də, belə kiçik kimi görünən məsələlərdə daim qaydalara əməl edək. Sırada duraq, qaydanı pozmayaq, sıranı pozan olarsa biz də onlara qoşulmayaq, qarşısını almağa çalışaq, bir sözlə insanlara güvən aşılayaq.

Qoy insanlar bilsinlər ki, bu cəmiyyətdə güvənə biləcəkləri heç olmasa beş-on gənc var. “Fürsət” düşsə belə digərlərinin haqqlarını tapdalayıb qabağa keçməyən, sırasını gözləyən, insanlara və onların haqqlarına hörmət edən, bir sözlə yeni mədəniyyətin daşıyıcısı olan gənclər.