Necə vətəndaş olunur?

Vətəndaşlıq hüquq və azadlıqlara sahib olmaqla yanaşı vətənə – yaşadığın cəmiyyətə öhdəlik daşımaq təcrübəsini də əhatə edir. Əslində, vətəndaş olmağın, vətəndaş cəmiyyəti qurmağın ən böyük çətinliyi bu təcrübəni yaratmaqdır. Başqa sözlə əsl vətəndaş cəmiyyəti o zaman yaranır ki, vətəndaşlar özlərinin sosial (və həm tə təbiətə) məsuliyyətini hiss edir, qəbul edir və buna uyğun davranır. Bəs, yenicə vətəndaş hüquq və azadlıqları almış insanlar necə vətəndaşa çevrilir? Sosial məsuliyyət daşımaq və buna uyğun davranmaq təcrübəsi necə yaranır?

Bir tərəfdən düşünmək olar ki, bazarda olduğu kimi tələb təklifi formalaşdırdığı kimi təklif də tələbi formalaşdırır. Yəni, insanlara təklif olunan hüquq və azadlıqlar onlarda social məsuliyyət hissi yaradır və vətəndaşlar hiss etdikləri sosial məsuliyyətə uyğun davranmağa çalışırlar. Digər tərəfdən öz ölkəmizin təcrübəsi göstərir ki, bu heç də həmişə hər kəsin başına gəlmir. İnsanlar təklif olunan hüquq və azadlıqlarına etinasız da yanaşa bilərlər. Hətta bəzən vəzifələrinə də. Bu etinasızlığın yaranması insanların içində olduqları yerli durumdan da qaynaqlana bilər.

Bu halda insanları sosial məsuliyyəti hiss etmək, qəbul etmək və buna uyğun davranmağa təşviq edən amillərə baxmaq lazımdır.   Birincisi, insanlar yaşadığı yerli icmaların deyil, böyük bir cəmiyyətin bir parçası olduqlarını gördükdə bu məsuliyyət yaranır. Demək ki, insanlara böyük şəkli və ya şəklin ayrı-ayrı fərqli hissələrinin də olduğunu göstərmək lazımdır. Yəni, insanlar babalarının da yaşadığı öz kiçik icmalarından çıxmalı, yalnız sosial bağlarla (yerlilik, qohumluq, tayfalıq münasibətləri) deyil, sosial körpülər qurmaqla toplaşmalıdır.  İqtisadiyyatın inkişafı, yeni iş yerlərinin açılması, xüsusilə də, kiçik fermerlərin öz qazanc fəaliyyətlərini kəndlər, rayonlar və şəhərlar arasında aparması, böyük sənayə mərkəzlərinin yaranması, urbanizasiya sosial körpülərin qurulmasına xidmət edir. Bununla yanaşı və ən əsası, könüllü təşkilatların, qeyri-rəsmi şəbəkələrin, həmkarlar ittifaqlarının fəaliyyəti də sosial körpülərin qurulmasına xidmət edir.
Bunu, başqa sözlə, mühitlərin qarışması, böyük bir mühitin – gerçək (vətəndaş) cəmiyyət(in)də yaranması da adlandırmaq olar. Bunun üçün kommunikasiya vasitələrinin də inkişafı çox vacibdir. Bu, insanların bağlarının artması, bir insanın daha çox insandan, amma az dərəcə asılılığının yaranması deməkdir. Sosial bağların artması həm də cəmiyyətdə yolxuculuğun, risklərin, fəaliyyətin  və ətraf mühitin insan üzərində təsir gücünün artması deməkdir.

Bu halda insan istəsə də, istəməsə də sosial məsuliyyətli olur. Bu sosial məsuliyyətlilik insanın öz marağı doğrultusunda rasional davramaq istəyi ilə üst-üstə düşür. Məsələnin “püf” nöqtəsi budur. İnsanın maraqlarının cəmiyyətin maraqları ilə üst-üstə düşməsi. Artıq bu vətəndaşdır. Vətəndaş bu zaman fikirləşir: “Mənin doğulacaq övladım hansı məktəbdə təhsil alacaq, məktəbəqədər təhsili olacaqmı? Bu, mənə neçəyə başa gələcək? Təhsilin keyfiyyəti necə olacaq? Onun təhsilini sığorta edə bilərəmmi? Bu sualların sonu yoxdur və hər biri vətəndaşın marağı ilə cəmiyyət maraqlarını birləşdirir.

Bu, mənim vətəndaşlıq nəzəriyyəmdir. Sosial məsuliyyəti vətəndaşın təhsilinə bağlayan cərəyana alternativ olaraq təqdim edirəm. Vətəndaşın təhsili heç də onun sosial məsuliyyətli olmasında və buna uyğun davranmasında ən vacib amil deyil.  Məsələ insanların vətəndaş olması üçün münbit mühitin yaranmasından ibarətdir.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq