Müasir müxalifət və Dekabristlər

Toğrul Vəliyev

Bu yaxınlarda Bakıda yerli müxalifətin bir neçə etiraz aksiyası keçirilmişdir. Bu mitinqlər özünə görə tamaşaya oxşayırdı. Lakin yaxşı tamaşaya yox, sadə, az kütlənin istifadəsi ilə qeyri-peşəkar aktyorlu tamaşaya. Hətta əgər bütün iştirak edən etirazçıların, polislərin və jurnalistlərin sayını cəmləşdirsək, ümümən 0,0(0)1% də təşkil etməzdi. Əgər onlar hətta öz partiya üzvlərinin onda birini yığa bilmirlərsə (Müsavatda 20 min üzv, AXCP-də bir neçə min və s.) belə bir aksiyalardan sonra belə müxalifəti biz necə adlandıra bilərik?

Həmçinin onların fəaliyyətini müqayisə də edək, çünki hər bir işin və ya əşyanın keyfiyyəti yalnız müqayisə vasitəsilə müəyyən oluna bilər. Son vaxtlar (elə yerli forumlarda) dekabristlər haqqında bir sıra maraqlı materiallar tapmaq olar. Bununla belə, biz məhz 19-cu əsrin inqilabçıları ilə müqayisə edək. Eyniliklə burada biz bir neçə şərti də nəzərə salmalıyıq. Bu şərtlər heç də indiki müxalifətin xeyrinə deyil. Birincisi, dekabristlər irticaçı çar rejimi dövründə yaşayırdılar. İkincisi, onların dövründə ən azı bizdə olan azadlıqlar da yox idi. Onlar hakimiyyəti heç bir üsul ilə tənqid edə bilmirdilər, biz isə indi hər bir addımımızda hakimiyyəti danlaya bilərik.

Karl Kolman "Dekabristlər"

Biz iki dövr üçün səciyyəvi olan xüsusiyyətlər əsasında müqayisə etməliyik. Belə ki, dekabrist fəaliyyətinin aktiv dövründə Rusiya regionlarının yarısında aclıq başladı. Bu aclıq problemini hakimiyyət və iri zadəganlar həll edə bilərdilər, amma onlar bu problemlə heç də maraqlanmırdılar. Əsas əhalinin problemləri nə o vaxt, nə də ki indi, heç kimi maraqlandırmırdı. Məhz o zaman dekabrist təşkilatlardan birinin iki üzvü Smolensk quberniyasına göndərilmişdi. Bu quberniya aclıq problemindən ən zərər çəkən quberniya idi. Şahidlərin sözlərinə görə, insanlar küçənin ortasında yıxılıb, aclıqdan ölürdülər. Ən qısa zaman ərzində onlar böyük material yığıb, Peterburqa qayıtdılar. Peterburqda (onların təşkilatının birinci ilində bütün Rusiya üzrə 1000 üzvləri var idi) üzvlər tərəfindən ictimai hərəkət başlandı (qeyd etmək lazımdır ki, təşkilat məxfi idi). Onlar fəaliyyətlərinin iki istiqamətini müəyyənləşdirdilər: ictimai – fondların yaradılması və ictimai rəyin formalaşdırılması, və ikinci istiqamət – hakimiyyət orqanlarına tələblərin göndərilməsi. Məktub və tələblərin nəticəsində, Rusiya daxili işlər nazirliyi bu quberniyada aclıq probleminin həlli üçün 1 mln. rubl ayırmağa məcbur oldu. 19-cu əsrin əvvələri üçün bu çox böyük bir məbləğ idi (1000 rubla insan bir il sərbəst yaşaya bilərdi). Bundan əlavə, müxtəlif fondlar vasitəsilə də az olmayan məbləğlər yığılmışdı. Dekabristlər müxtəlif variantlar vasitəsilə bu məbləğin xərclənməsinə nəzarət edirdilər. Nəticədə, hətta imperator onların qarşısında qorxmuşdu və demişdi ki, əgər onlar “Smolensk quberniyasını yedizdirdilərsə” (onlar isə onu məhz “yedizdirdilər”), deməli onlar çox təhlükəli bir gücə malikdilər.

Bir neçə il bundan əvvəl Kür çayının yanında axırıncı illərin ən böyük daşqını baş vermişdi. Nəticədə çoxlu sayda evlər, məktəblər, körpülər dağılmışdı, vəba xəstəliyi yayılmışdı və s. Bu rayonlardan ən zərərçəkəni isə Sabirabad rayonu oldu. Dekabristlər ən zərərçəkmiş region ilə məşğul oldular. Bizim vəziyyətimizdə, imkanları əhalinin əsas hissəsindən bir neçə dəfə artıq olan müxalifətə dövləti aktiv fəaliyyətə məcbur etməyə nə mane olurdu? Fondlar yaratmağa, hökuməti məktub və tələblər ilə “doldurmağa” nə maneçilik törədirdi? Axı hökumət özü rəsmi olaraq yardım göstərirdi, sadəcə xərclənən pullara ictimai nəzarət lazım idi. Bu nəzarətin olmaması ona gətirdi ki, məhz bu rayonun bərpa edilməsinə pullar iki dəfə ayrılmışdı, amma nəticədə hər iki dəfə pullar bilinməyən istiqamətdə gedib, daha qayıtmamışdı. Demək olar ki, 2 il ərzində rayonda hələ heç nə normal səviyyədə bərpa edilməyib. Nəsə mane olurdu? Qəzetlərdə yazmaq, ictimai fondların yaradılması, hesabların açılması, dövlət hakimiyyət orqanlarına yüzlərlə məktub və tələblərin yazılmasına heç kim maneə törətmirdi. Hətta özləri də yardım göstərə bilərdilər, amma bunu da etmədilər.

Başqa bir nümunə isə təhsildir. Məhz indi müxalifətin çoxu şikayət edirlər ki, “dövlət təhsilin səviyyəsini aşağı salaraq, əhalinin öz ideyalarına tərəfdar edir”. Ümumiyyətlə hər bir inkişafın əsasında təhsil dayanır, çünki təhsilin inkişafı nəticəsində əhalinin düşüncə tərzi dəyişəcək və nəticədə fikirlər daha azadlıqsevər olacaq. Buna görə bütün maarifçilər bilikləri əhaliyə aşılamaq istəyirdilər və məhz buna görə əhali arasında inqilabçılar yaranırdı. Dekabristlər haqqında danışsaq, qeyd edə bilərik ki, təhkimlər üçün yaradılmış məktəbləri, universitetlərə təsiri (Qercen, Oqaryov, Lermontov məhz dekabristlərin təsiri altında olan universitetlərdən çıxıblar) saymasaq, 4 il ərzində onlar 2,5 min əsgərə bilik və azadlıqsevər düşüncə tərzi verdilər.

Müasir müxalifətçilər bütün rayonlarda və müxtəlif mövzularda treninqlərin keçirilməsi ilə buna nail olmaq istəyirlər. Qeyd etmək lazımdır ki, çoxunun natiqlik məharətindən başqa heç bir qabiliyyəti olmur. Həmçinin bu qabiliyyət əsas məsələ də deyil (kim deyir ki, natiqlikdən çox şey asılıdır?). Əsas məsələ bu treninqlərə gələnlərdədi. Bakıda əgər hansısa mühazirəyə və ya treninqə 100 nəfər gəlsə, bu artıq böyük bir nailiyyətdir. Ümumiyyətlə bizim müasir texnologiyalar dövründə isə ümumi say bir neçə minə çatır. Belə baxanda treninqlərin çoxusuna eyni adamlar gəlir. Əsas kütlə – fəhlələr, kəndlilər, nəqliyyatçılar isə ümumiyyətlə cəlb edilmir. Bu treninqlər əsasən məhz Müsavatın, AXCP-nin və ya başqa QHT-nin üzvləri iştirak edir. Əhali arasında “təhsil”in yayılmasının nəticəsi – şifrdir. Çünki ən azı, evdə kompüter qabağında oturmaq ilə, qrantlar vasitəsilə pul almaq ilə və ya “Makdonalds” və “Zara”nın qabağında mitinq təşkil etmək ilə uzağa getmək çətindir.

Bununla bərabər dekabristlər ictimai fikir vasitəsilə idarə etməyə çalışırdılar. I Aleksandrın fikrincə buna onlar nail oldular. Amma onlara qarşı imperatorun bütün aparatı, Üçüncü bölmə, çar rejimi idi. Onların düşmənlərini sadalamaq daha çətindir. Bəs indikilərində? Açıq şəkildə düşmənləri yoxdur, açıq yazıb, hakimiyyəti “bünövrəsinə” kimi söymək və danlamaq qadağan deyil. Amma fəaliyyət də yoxdur. Əhalinin çoxu Müsavatı və AXCP-ni yalnız vaxtilə hakimiyyətdə olduqlarına görə tanıyırlar. Misal üçün, dekabristlərin özləri məhz fəaliyyətləri ilə məşhurlaşdılar. Məsələn, Pestel və Muravyev (ən aktivlərdən biriləri) öz polklarının səviyyəsini elə yüksəyə qaldırdılar ki, keçmişdəki ən pis polklar, az qalıb nümunəvi polklara çevrildilər. Eyni fəaliyyət ilə müxtəlif dövlət orqanlarında işləyən maarifpərvərlər edə bilərlər. Amma Azərbaycanda heç bir orqanı nümunəvi adlandırmaq olmur…

Vətəndaş pozisiyasının başqa bir nümunəsi isə məhkəmələrdə fəaliyyət ola bilər. Həm o zaman, XIX əsrin əvvəlində, həm də XXI əsrin əvvəlində məhkəmələrin səviyyəsi çox aşağı idi. Hamı məhkəmələri satqınlıqda, baxılma müddətinin uzun olmasında, hakimlərin aşağı ixtisasa malik olmasında və s. ittiham edirdi. 200 il keçib, ittihamlar isə səngiməyib. Belə bir situasiyada, “Səadət İttifaqı” (ilk dekabrist təşkilatlarından biri) qərar gəldi ki, “məhkəmələrə getmək” lazımdır. Dərhal, Rileyev, Puşin və daha bir neçə dekabrist hakimliyə verdilər. Öz ədalətli qərarları ilə, işlərə tez baxılması ilə, satqın olmaması ilə onlar sadəcə öz prestijlərini yox, həmçinin məhkəmələrin səviyyəsini də qaldırdılar. Artıq hüquqşünas üçün hakim olmaq eyibli deyildi.

İndiki situasiya, yuxarıda qeyd etdiyimiz kimi, heç nə ilə fərqlənmir. Və bu vəziyyətdə 50% hüquqşünaslardan təşkil olunmuş müxalifətə məhkəmələrə müraciət etməyə nəsə mane olurmu? Məhkəməyə daxil olmaq isə elə də çətin deyil. Əlbəttə, mərhələlərin sayı artıb, amma professional hüquqşünaslara bunu etmək çətin olmaz. Məlum olmayan səbəblərə görə onlar belə tipli məqsədləri qarşılarına qoymurlar (fərq eləməz, məhkəmə olsun və ya kənd təsərrüfatı nazirliyi). Nəticədə bizim məhkəmələrimiz qanunsuzluqda və korrupsiyada boğulurlar. Axırı da o olur ki, hakimiyyətə qarşı hər hansı leqal üsullar öz effektivliyini itirir.

Beləliklə, XIX əsrin əvvəllərinin müxalifətini və XXI əsrin əvvəllərinin müxalifətini müqayisə edəndə belə bir yekun çıxarda bilərik ki, dekabristlərin fonunda, indiki müxalifət heç nə ilə məşğul olmur. Dekabristlərin fikirləri inqilaba gətirib çıxartdı, müasirlərin fikirləri nəyə gətirəcək məlum deyil…


mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq