Mixaylo şəhərdədir, yoxsa Mixaylo hamilədir?

Rafiq Vəliyev

Diqqət çəkməyin ucuz və ya bahalı üsulları 

Sosial şəbəklələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qərbdən ixrac olunan sosiallaşma bizdə o qədər dərinə gedir ki, hərdən fikirləşirsən ki, günlərin bir günü facebook bağlansaydı nə olardı? Qərb “vur” deyəndə şərq “öldürüb” həmişə. Qərbdəki bu sosiallaşma dalğası şərqə doğru transfer olduqca inkişaf edib-edib bizi asosiallaşmağa aparacaq, deyəsən. Fikirləşək, görək facebook bağlansaydı həqiqətən nə necə olardı?

 – Facebook olmasaydı biz dostlarımızın, tanışlarımızın sabah ad günü olduğunu bilib gecədən ona təbriki necə yazardıq? Və bununla da necə də diqqətcil olduğumuzu necə göstərərdik?

 – Facebook olmasaydı, adamın mobil telefonuna zəng edib cavab almayanda onun facebookda nələrisə paylaşdığını görüb, geri smslə ona “bizi niyə saymırsan” sözünü əminliklə yaza bilərdikmi?

 – Facebook olmasaydı, axtarmaq istədiyimiz adamı şəbəkədə tapıb necə məcburi dost olardıq. Üstəlik məqsədli dostluğumuzu necə sui-istifadə edərdik. Məsələn, facebook olmasaydı, reklam təklif etmək istədiyimiz adamı gecə 1-də şəbəkədə on-line görüb ona yığılıb qalan təklifləri bir mesajda necə göndərərdik?!

 – Facebook olmasaydı, başa düşdüyümüz və düşmədiyimiz statusları like etməklə necə ağıllı görsənə bilərdik?

 – Facebook olmasaydı, bəzi qızlar görəsən harda profil şəkillərinə ördəkdən, qazdan, kəpənəkdən qoyardılar və bununla da “abırlı” olduqlarını göstərməyə çalışardılar?

 – Facebook olmasaydı, biz ayaqyolunda gücəndiyimizi belə bir statusla fəxrlə dostluğumuzda olan hamıya necə çatdıra bilərdik?

 – Facebook olmasaydı, bəzi oğlanlar “onun-bunun bacısının” şəkillərinə harda baxa bilərdi?

 – Facebook olmasaydı cəmiyyətdə, realda sözünü deyə bilməyənlər, sosial meydandan necə bayraqdar kimi görünə bilərdi?

 – Facebook olmasaydı, bəzi qızlar “evdən podruqasız çıxmağa anam qoymur” deyib, axşam podruqası ilə getdiyi çimərlikdə çəkdirdiyi lübürt şəkilləri harada rahatlıqla yaya bilərdi?

 – Facebook olmasaydı, real həyatda küçənin divarlarını cılız sözlərlə zibilləyən, virtual məkanda onun-bunun profilini necə zibilləyərdi və s. və s.

 Siyahını bir az çox uzatdım, deyəsən, amma istənilən qədər də uzatmaq olar, məncə. Əslində demək istədiyim bu deyil və ya demək istədiyimlə birbaşa bağlı deyil bu facebook mövzusu. Sadəcə KVN-də deyilən kimi “yadıma düşdü dedim”.

 Uzun girişdən qısa mətləbə keçirəm. Girişi bəlkə də facebookdan verməyimin səbəbi bu günkü yazımı yazma səbəbinin facebookla bağlı olmasıdır. Belə ki, son 1 həftədir xüsusilə diqqətimi çəkən facebook xəbər başlıqlarıdır. Səhər-səhər açırsan facebooku və bir çox xəbər saytlarının qısa xəbər başlıqlarını öz səhiflərində paylaşdığını da görməyə bilmirsən. İnsanların çox ucuz və cılız yolla diqqət çəkmə çabalarını elə buradaca hiss edirsən. Məsələn, İrana göndərilən yardım karvanı sərhəddə gömrük üçün dayanır, xəbər saytı yazır ki, “yardım karvanını İran ölkəyə buraxmadı”. O səhifənin izləyiciləri də bildi-bilmədi başlayır sözdən (ancaq söz) “guppuldatmağa”. “Bəxtiyarın “xala”sı Hillari nə bilim nə etdi” deyə əxlaqsız başlıqları oxuyanda da onu yazanın “xala”sını söymədən işə başlaya bilmirsən. Və ya baxırsan xəbər paylaşıb, adını da qoyub “nazir soyundu”. Bir azərbaycanlı kimi avtomatik olaraq ağlına min fikir gəlir ki, görən hansı nazirdi o elə, açıb xəbəri baxırsan ki, nə bilim hansısa cənubi amerika ölkəsinin baş naziri soyunub videoya çəkib özünü. Elə burda itirdiyin vaxta görə müəllifə bir-iki xoş söz göndərirsən ki, başqa xəbər başlığı qabağına çıxır – “metro 5 gün bağlı olacaq”. Yenə dözməyib açırsan ki, görəsən niyə bağlı olacaq, baxanda görürsən ki, bəs bütün metro yox, 5 stansiya müvəqqəti təmirə bağlanacaq. Di gəl indi döz buna. Bir dəfə yenə öz fb statusunda Qan Turalı yazmışdı ki, facebook bağlansa, bir çox xəbər saytları avtomatik bağlanacaq. Bu həqiqətən də belədir. Çünki indi bu cür ucuz diqqət çəkmə vasitələrindən istifadə edən xəbər saytları facebookdakı 800 minlik toplumdan nə bacardı çəkir özünə (öz səhifəsinə), sonra da başlayır o yazıqları bu cür xəbərlərlə bombalamağa. Statistikasına da baxsan, trafikinin 80%-i facebookdan gəlir bəlkə də.

 Nə isə ki, bağlayırsan facebooku və açırsan bir-iki xəbər saytını ki, görəsən nə var nə yox ölkədə. Burda da səni məcburən saytın facebookunu like etməyə sövq edən banner çilədən çıxardır. Hələ hansısa musiqini yükləmək üçün girdiyin saytın səni birdən-birə hansısa “bikinili qızların” olduğu saytlara yönləndirməsini demirəm. O saytlardan bir yazıya da “təsadüfən” klikləyəndə səni www.day.az –a gətirib çıxardığını isə heç demirəm. Sonra da deyirlər ki, filan saytın girişi filan qədərdir.

 Başqa bir məsələ isə daha. Sayt məşhurdur, girən-çıxan çoxdur, reklam vermək istəyirsən, amma bannerə sayğac sistemini yerləşdirməyə icazə vermir. Məsələn, ANSPress və Navigator. Saytın məşhur olduğuna şübhəm yoxdur, amma statistikanı açıq etməməsi şübhə yaradır.

 İndi gələk yazılı və onlayn mediyası olanlara. Onların da diqqət çəkmə metodları çox maraqlıdır. Maraqlıdır deyəndə, əsasən, bir iki saytdır ki, yazılı mediyasını tam öldürməmək və parallel onlayn mediyasını da saxlamaq üçün maraqlı üsullardan istifadə edir. Məsələn, Müsavat bildiyimiz kimi onlayn qəzet kimi də kifayət qədər oxunur, amma son dizayn dəyişikliyindən sonra (hansı ki, heç bəyənmirəm son dizaynı) saytın ana səhifəsində qəzetin ön səhifəsini yerləşdirməsi, günün yazılarından bir hissəsinin saytda verilib, qalanının qəzetdə olmasına istinad verilməsi, mənə görə, uğurlu çıxış yoludur. Çünki qəzetin çıxdığının növbəti günlərində əvvəl natamam olan yazını tam da oxumaq olur.

 Yuxarıda bəzi kommunikasiya vasitələrinin necə ucuz və ya hansınınsa nisbətən uğurlu diqqət çəkmə üsullarından nümunələr verdik. Ümumən isə PR mütəxəssisləri daha yaxşı bilir ki, xəbər yazmada məşhur olan, xəbəri “oxunaqlı” etməyin bir neçə ənənəvi üsulları var. Aşağıda onlardan bəzilərini sadalaya bilərik.

 Xəbər yazma taktikaları 

1. Tərs Piramida taktikası – bu üsul ən qədim və günümüzdə ən çox istifadə olunandır. Mahiyyəti ondan ibarətdir ki, xəbər məqaləsi mövzunun ən maraqlı, diqqətçəkən hissəsi ilk paraqrafda, az önəmli hissələri isə 2-ci, 3-cü paraqraflarda verilməklə yazılır. Bu üsulda xəbərin qısa xülasəsi girişdə verilir. Oxumanı asanlaşdırıb təkrara yol verməyən, maraq kəsb edən, səhifənin quruluşu və mətnin formasını asanlıqla dəyişməyə imkan verən bu üsul çox geniş yayılıb.

2. Dördbucaqlı taktikası – bu üsulda NİYƏ sualının cavabı girişdə verilir. Əlavələr isə azalan sıra ilə düzülür, paraqraflar sanki bir-birilə eynihüquqlu izaha malik olur. Burada özəllik ondan ibarətdir ki, oxuyucu bütün paraqrafları oxumadan mətnin tam mənasını başa düşə bilmir. Bu üsuldan ən çox jurnal xəbərlərində istifadə olunur.

3. Düz Piramida taktikası – bu üsulda xəbər sanki nəyisə izah edərcəsinə başlayar və öz önemli hissələr ön paraqraflarda, xəbərin əsas mahiyyəti isə son hissədə verilir. Bu üsul da əsasən jurnal xəbərlərində istifadə olunur..

4. Danışıq Dili taktikası – qarşındakı bir nəfərlə səsli danışırmış kimi istifadə olunur. Əsasən radio və televiziyada aparıcılar tərəfindən istifadə olunur. Bəsit və qısa cümlələr istifadə olunur.

5. Sərbəst Yazı taktikası – bu üsul da son zamanlar yayılmağa başlayıb. Yazar tərəfindən ənənəvi qaydalara tabe olmayıb ürəyi istəyən tərzdə xəbəri qurma növüdür. Əsasən son zamanlar güclü rəqabət aparan sahələrdə yazarlar reytinq qazanmaq üçün istifadə edir.

Ümumən isə PR mütəxəssislərinin press-relizlər zamanı istifadə etdiyi məşhur bir formul var ki, o formul üzrə də əksərən yazılar yazılır. Bu 4N1H1K formuludur. Yəni, NƏ, HARADA, NƏ VAXT, NİYƏ, NECƏ və KİM suallarının cavabı əsasında mətn qurulur.

İndi gələk bu yazının adına. Yəqin ki. Ilk oxuyanda çoxumuz düşündük ki, görəsən adın fərqliliyi nədədir. Əgər mən bir yazar olaraq xəbər yazmanın qaydalarına tam riayət edirəmsə, bununla belə yaradıcı başlıq seçmək istəyirəmsə, məsələn, bu nümunədəki kimi, məşhur kinodan olan məşhur frazanı istifadə edərdim (Mixaylo şəhərdədir) və bu frazanın məntiqi mənasına uyğun yazı qurub daha maraqlı edə bilərəm. Burada türklər demiş bir “sakınca” yoxdur. Yox, əgər, bəzi ucuz diqqət çəkənlər kimi hərəkət etmək istəsəm, hamının diqqətini ucuz yolla ələ almaq istəsəm və bu cür başlıqları sevənləri daha da maraqlandırmaq istəsəm, gərək ki, yazının adını Mixaylo şəhərdədir yox, Mixaylo hamilədir qoyam ki, adam Mixaylo hara, hamilə hara desin, ürəyində bəlkə də nəsə var deyib yazını açıb baxsın. Sizcə hansı üsul daha uyğundur?