Milliləşmə amma necə?

Toğrul İsaoğlu

1918-20-ci illərdə Azərbaycanın millət kimi ilk bünövrəsi qoyuldu ancaq bu bünövrənin üstünə inşa ediləcək bina 70 il təxirə salındı. İndi isə YAP hakimiyyəti bu bünövrəni anti-milli olaraq görür həmçinin onu mühafizəkarlıq ilə əvəzləyərək “Heydər Əliyev Mərkəzi” kimi büdrək bir Azərbaycan inşa etmək istəyirlər. Kommunist rejimində olduğu kimi demokratiya və söz azadlığı YAP tərəfindən anti-milli olaraq görünür ancaq öz millətinin “seçki səslərini” oğurlamaq isə çox “milli” qəbul edilir. Həmçinin, 15 illik nazirlərimiz bu ölkənin əvəz olunmaz şəxsiyyətinə çevrilməsi onları “milli toxunulmaz” edir. Tariximizin təzahürünü 1993-də əks-inqilab ilə hakimiyyətə gələn kommunist məmurların zehniyyətlərinin hələdə dəyişməməsin də görürəm.

Milliləşmə təcrübəsi

Millətləşmə dünyada ilk olaraq “Fransa İnqilabı” ilə başladı artıq bu dövrdə dövlətin ictimai şüurlu sakinləri “millət” adlandırıldı. Onların nəyinki, ortaq dilləri mədəniyyətləri vardı, həmçinin fərqində olduqları bərabər hüquqları vardı ki öz istək və arzuları idarəçiliyə əks etdirə bilsinlər.

Həmçinin, xalq kütlələri aydınları ilə birgə dövləti bir neçə ailənin himayəsindən çıxarıb bütün fərdləri (vətəndaşlarını) əhatə edən daxili birliyə çevirdi. Əlbəttə ki, bu birlik Əhməd bəy Ağayevin “Sərbəst İnsanlar Ölkəsində” əsərində dediyi kimi liberal dəyərlər və demokratiya ilə gücləndirildi. Ancaq Azərbaycanda vəziyyət əksinədir, daxili birliyi demokratiq dəyərlərdə və söz azadlığında görənlər dövlət başçısı tərəfindən anti-milli elan edilirlər. Sual çıxır onda məhz hakimiyyət üçün hansı dəyərlər Millidir?

Azərbaycan sağ və sol müxalifəti olmaqla 1918-20 Azərbaycan Cümhuriyyətinin dəyərlərini əsas milli meyar olaraq qəbul edirlər ancaq o dövrdə olduğu kimi mühafizəkar baxış bu dəyərləri inkar edir. YAP iqtidarı da bundan məharət ilə istifadə edir lakin unudur ki bundan istifadə edən bir tək onlar deyil İranın təsirində olan dini kəsimdə məhz mühafizəkar baxış ilə təşkilatlanır.

Halbuki, YAP hakimiyyətinin və İranın yaratdığı “doqmalar” (ehkamlar) liberal və demokratiq dəyərlər ilə toqquşur. Bu “doqmalara” istər “milli mənəvi” ənənə deyin istərsə də “namus” “qeyrət”, heç birinin müdafiə edən günümüzə məntiqli arqument yoxdur. Yalnız, bunlara geyindirilən dini libas millətin bunlara qarşı çıxmasına çəkindirir və islam dinin mürəkkəbliyi bunu daha da çıxılmaz edir.

İslam dinin qadağanmı etməli?

Fransa inqilabında olduğu kimi Azərbaycanda mühafizəkarlar zireh olaraq dini sui-istifadə edirlər ancaq çox təəssüf ki, gənc aydınlar Axundovdan gələn ənənə: “din və maarifçilik qarşıdurmasın” davam etdirir. Avropada bir ölkə göstərin ki orda xalqı dindar olduğu üçün demokratiq və liberal dəyərlər olmasın.

Əlbəttə ki, bütün dinlərin qədim tarixdən gələn dövlət idarəsi iddiası olmuşdur və xristianlıq 4-5 əsr əvvəl bütün cəmiyyətin normalarını müəyyən edən və idarəçilikdə böyük nüfuzu olan dindi. Ancaq Lutherdən başlayaraq din ictimailiyikdən fərdiliyə doğru dəyişdi və Kalvinisim kimi şərhlərlə kapitalizm və demokratiya uyğun şəkilə gətirildi. Halbuki bunların hamısını məhz din adamları ilə olmadı Russo, Volter, Weber Mill kimi aydınların dəstəyi ilə oldu. Ona görə də Şimali Avropaya, İngiltərəyə, Almaniyaya və İsveçrədə ki inkişafa həsrət ilə baxırıq.

İslam dinində islahatlar edilə bilməz deyənlərə də Atatürk Türkiyəsini göstərirəm. Əlavə edirəm ki, nə zamana kimi dünyada şəriət ilə idarə edilən dövlətlər mövcud olacaq o zamana qədər dövlətin din üzərində kontrolu olmalıdır ki din Azərbaycanda olduğu kimi xarici ölkələrin nüfuz dairəsinə girməsin. Qaldı ki süni yaradılan “doqmalara”, onlar söz azadlığı (azad mətbuat əsasən) bərqərar olduğu zaman tarixin dibində “Molla Nəsrəddin eşşəyi” kimi lətifə olaraq yadda qalacaq çünki onların bir çoxunun əslində din ilə əlaqəsi olmayan içi boş axmaqlıqdır.

Sonda, bir cümlə əsil milli dəyərlərimiz haqqında danışmaq istərdim. Torpaqlarımız da sülhü bərqərar edəcək və ədaləti təmin edəcək bütün dəyərlər Azərbaycan üçün millidir, yoldaş Prezident!

mm
İsaoğlu “Nümayəndə Əsaslı Modelləşdirmə və Simulyasiyanın Dinamik Rəqabət Strategiyası” mövzusu üzrə tezisi ilə Boğaziçi Universitetindən məzun olub. Və həmçinin, Toğrul İsaoğlu Türkiyənin aparıcı konsultant şirkətində Biznes Zəkası Konsultantıdı
Sosial Media da Paylaşaq