M.Ə.Rəsulzadəni ideyaya sadiq hesab etmək olarmı?

Toğrul Vəliyev

Uzun müddət Rəsulzadəyə münasibətdə qara rəngli boyalardan istifadə olunurdu. İndi isə hadisələr dəyişib. Onu siyasi təsisçi, bütün sahələrdə ideal hesab edirlər və onu əsasən yanvar ayının sonu – ad günü ərəfəsində yada salırlar. Onun özünü inkar edib xalqı əsas seçməsi, xalqa sadiqliyi və onun yaratdığı Müsavat İDEYAsı haqqında danışırlar. Lakin bu belədirmi?

Məlumdur ki, Rəsulzadənin siyasi bioqrafiyası 1902 yaxud 1903-cü illərdə başlamışdır. Həmin vaxt o və bir neçə gənc “Gənc müsəlmanlar” təşkilatını yaratmışlar. Həmin təşkilatın fəaliyyəti haqqında nə isə dəqiq bir şey deyə bilmirik. Hal-hazırda bəzi tədqiqatçılar onu Müsavatın əsasını qoyan təşkilat hesab edirlər.

Bu dövrdə “Hümmət” partiyasının əsası qoyulmuşdu və onun fəaliyyətində Rəsulzadənin də özünəməxsus yeri vardı. Hazırda bir çox tarixçilər hesab edirlər ki, o həmin partiyanın əsasını qoyanlardandır. Bunun belə olub olmamasını dəqiq deyə bilmərik, lakin partiya yaradılandan bəri Rəsulzadə onun fəaliyyətində çox fəal rol oynamış və İran inqilabına qədər də orada çalışmışdır.

Sovet dönəmində “Hümmət” partiyasının bolşevik təşkilatı olduğu söylənilirdi, hazırda isə bir çox tarixçilər sübut etməyə çalışırlar ki, o nə bolşevik, nə də menşevik partiyası deyil – o sosial demokratiya dəyərlərini özündə ehtiva edən bir partiya olub. Lakin bu fikir kökündən düz deyil. Aydın məsələdir ki, bolşevizm ideyaları qadağan idi, həmçinin bir çoxları xalq tərəfindən qəbul olunmurdu. Buna görə də “Hümmət” partiyası xalqa bu və ya digər dərəcədə yaxın olan sosial demokratiya, sosial ədalət ideyalarını təbliğ etməyə başladı. Lakin öz mahiyyətinə görə “Hümmət” partiyası bolşevik təşkilatı idi. M. Əzizbəyov, S. M. Əfəndiyev və digər onun üzvlərinin xatirələrinə əsasən, “Hümmət” həmişə bolşevik partiyası olmuşdur, lakin kütlə qarşısında onlar bunu gizlədirdilər.

Aydın məsələdir ki, bütün proqressiv gənclik birlik yolunu axtararkən ilk öncə təşkilatlar yaradır, sonra isə ideyalarını müəyyən edirdilər. Bu ideyalar ilə razılaşmayanlar isə təşkilatı tərk edirdilər. “Hümmət”-dən də həmçinin bolşevik ideyaları ilə razılaşmayanlar getmişdilər. Məsələn: A. Ağayev, Q. Qarabəyov və başqaları. Rəsulzadə isə onlarla razı idi və onun Birinci rus inqilabına dair məqalələrində də bu haqda yazılar var. Onların birində Rəsulzadə deyir:

Müsəlmanlar üçün onların dini bütün sinfi mübarizələrdən öndədir – bəziləri belə, türklər yalnız türk adı altında birdirlər. Başqaları isə deyir – onlara sinfi mübarizə yaddır. Lakin bütün ardıcıl hadisələr bunun əksini sübut etdi. Faktlar cəmiyyəti əmin etdi ki, müsəlmanların ən yaxşı inkişaf etmiş hissəsi üçün ümumi insan ideyaları yad deyil və onlarda da elə qruplar mövcuddur ki, həyata dair sualları oktyabristlərlə (17 oktyabr 1905-ci ilin manifesti nəzərdə tutulur) müqayisədə tamamilə ayrı cürə qoyurlar, yəni onlar yalnız burjualara məxsus olan yalançı nasionalizm (milliyyətçilik) və utopik panislamizmi sinfi mübarizəyə qurban verirlər ( “Bakı həftəsi” qazetindən sitat olaraq bizim tərəfimizdən ayrılmışdır).

Hazırda Rəsulzadənin “Hümmət” partiyasından getməsinin partiyanın sinfi mübarizə mövqeyində durmasına görə olması fikri möhkəmlənib, lakin, öncəki sitata əsasən həmin mövqeyin, yəni bolşevizm mövqeyin əsasında 1907-ci ildə Rəsulzadənin özü dayandığı məlum olur.

Onun siyasi fəaliyyətinin sonrakı mərhələsi “Müsavat” partiyası ilə əlaqədardır. Partiya 1911-ci ildə yaradılıb. O zaman Rəsulzadə burada deyildi. O İstanbulda məcburi emiqrasiyada idi. Düzdür, mövcud polis raportunda deyilir ki: “rus səfirinin tələbinə əsasən İrandan yollanıldı (Rəsulzadə nəzərdə tutulur- Т.М.) və yenidən Bakıya gənc türk dövlətinin tapşırıqları ilə gəldi, oradan da həmin tapşırıqlara əsasən Konstantinopola getdi. (M. D. Hüseynovun “Türk demokratik federalistlər partiyası “Müsavat” keçmişdə və hazırda” kitabından 1927-ci il )

Bunun nə tapşırıq olduğu aydın deyil, ola bilsin ki, o “Müsavat” partiyasının yaradılmasında iştirak üçün gəlmişdir. Lakin “Müsavat”ı yaradan 3 nəfərdən biri olan onun əmioğlusu M. A. Rəsulzadə yazır ki, M. Ə. Rəsulzadə partiyanın yaradılması haqqında xəbəri İstanbulda onun məktubundan almışdır və “partiyanın yaradılmasını təntənəli şəkildə təbrik etmişdir” Demək ki, bizim qəhrəman onun yaradılmasında iştirak etsə də, etməsə də bu hadisəni məmnuniyyətlə qarşılamışdır, bu partiyanın nizamnaməsi isə həm pantürkizmi, həm də panislamizmi məmnuniyyətlə qəbul edirdi. Üstəlik bu hadisədən bir neçə il qabaq o yazırdı: aldadıcı milliyyətçilik və utopik panislamizm yalnız burjualara məxsusdur (yuxarı bax). Təsadüfi deyil ki, M. D. Hüseynov M. Ə. Rəsulzadəni “panislamizm, pantürkizm və 180 dərəcəlik bolşevizmdən çevrilmə”də ittiham edirdi. (bizim tərəfimizdən ayırd edilib-T.M.)

Lakin burada M. Ə. Rəsulzadə davamçıl deyildi. Balkan müharibələri zamanı “Müsavat” partiyası Türkiyəni tərifləyir və ona tərəfdar çıxırdı, həmçinin onu türk dünyasının inkişaf etməsi və irəliləməsinə yardım edə biləcək yeganə dövlət elan edirdi. Lakin birinci dünya müharibəsi zamanı nəşr edənlərindən biri də Rəsulzadə olan “Açıq söz” qazeti tamamən əksini yazır.

2 oktyabr 1915-ci ildə “Açıq söz”dəki məqaləsində Rəsuladə yazır: “Biz bütün vətəndaşlarla birgə Rusiyaya uğur və qələbə arzu edirik” (bizim tərəfimizdən ayırd olunub T.M) yəni, həmin mübarizədə Türkiyə də iştirak edirdi. Bu isə, artıq pantürkist ideyalarına dönüklük demək idi və yaxud qısa şəkildə desək, o ideyaca pantürkist deyildi. Həmin “Açıq söz” qazeti 3 min azərbaycanlının hərbi işlərə görə mobilləşdirilməsi qərarı ilə əlaqədar yazırdı: “müsəlmanların borcu dövlətin tələbinə uyğun olaraq lazımi miqdarda işçini təqdim etməkdir” və bu bolşeviklərin əhalinin bütün hərbi işləri boykot etməsini, müharibəyə getməməsini tələb etdiyi zamanlar idi. Həmçinin M. Ə. Rəsulzadə öz partiyasının üzvü olan və Türkiyədə yaşayan mübarizədə də Türkiyənin qələbəsini arzulayan A. Hüseynzadəyə (Azərbaycanda pantürkizminin əsas ideoloqu) qarşı çıxırdı.

Ən maraqlısı isə odur ki, Hüseynzadə ilə mübahisəyə o ilk dəfə qoşulmurdu. Əli bəy Hüseynzadənin sosial demokratların Azərbaycan xalqına düşmən olmasına dair məqaləsi hamıya məlumdur. M. Ə. Rəsulzadə bundan əvvəl, bir neçə il öncə nəşr etdiyi məqaləsində yazırdı: “Bəli, sosial demokratlar millətin düşmənləridir. Lakin onlar tanrılıq iddiası edən, digər millətləri əzib incidən millətin düşmənidirlər” (Təkamül 1906-cı il)

Ən əsası “Müsavat” partiyasının proqramında əsas məqsəd – müsəlman millətlərinin azadlıq əldə etməsi idi. Lakin həmin partiya nə I Dünya müharibəsi dövründə, nə də ona qədər millətlərin hətta mədəni muxtarlığını da tələb etmirdi. Yalnız 1917-ci il fevral inqilabından sonra müsəlmaların mədəni muxtariyyəti olmasına dair rica müraciətləri başlamış oldu. Yalnız federalistlər partiyası ilə birləşdikdən sonra onlar öz nizamnamələrinə federasiya tələbini daxil etməli oldular. M. Ə. Rəsulzadə Şaxtaxtinski, Şıxlinski və digər bu qəbildən olan şəxslərlə birgə Rusiyanın bölünməsinə qarşı çıxırdı.

Rusiya Federasiyası ideyasını M. Ə. Rəsulzadə Oktyabr inqilabından sonra irəli sürməyə başladı, hökumət bolşeviklərin əlinə keçdikdə onlar artıq hər bir millətin müstəqilliyə qədər öz müqəddəratını təyin etmək hüququnun olduğunu bəyan etdilər. Burada da onun fəaliyyəti məntiqi deyildir. O gah ümumrusiya federasiyasının olmasını, gah da ayrıca Zaqafqaziya federasiyasının yaradılmasını tələb edirdi. Heç bir zaman da Azərbaycanın müstəqilliyi haqqında danışmırdı. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin tərəfdarı nə M. Ə. Rəsulzadə, nə də digər respublika “ata”ları deyildirlər. Bundan əmin olmaq üçün sadəcə müstəqillik haqqında bəyannaməni oxumaq kifayətdir. Orada dəqiq və açıq şəkildə yazılıbdır ki, onlar Azərbaycanın müstəqilliyini elan etməlidirlər, çünki Gürcüstan və Ermənistan artıq bunu ediblər.

İndi isə bir tezisə nəzər salaq, M. Ə. Rəsulzadə Azərbaycan millətinin firavanlığı üçün fəaliyyət göstərib. Hamıya məlumdur ki, həmin dövrdə Azərbaycan millətini kəndlilər təşkil edirdi, daha sonra çalışanlar, zadəgan və burjuaziyalılar gəlirdi. Məntiqi olaraq, o əhalinin əksəriyyətinin xeyri üçün çalışmalı idi, amma əksinə. ADR Bakıya gələn kimi (15 sentyabr) Bakı Sovetinin bütün islahatlarının ləğv olunmasını tələb etdi, həmçinin aqrar səlahiyyətlərin də. Bəyəm əhalinin əksəriyyəti məhz kəndlilər deyildirmi? Deməli o, millətin xeyri üçün yox, əksinə çalışırdı. Axı ADR tərəfindən (məhz onun da əsas ideoloqu Rəsulzadə hesab olunur) torpaqlarını geri qaytardığı zadəganlar və fabriklərinin geri verildiyi burjuaziya millətin cəmi bir neçə faizini təşkil edirdi. Məgər onların xeyrinə fəaliyyət Azərbaycan millətinin firavanlığı üçün görülmüş iş hesab etmək olar?!

Beləliklə, nəticələrə baxaq. 1907-ci ilə qədər M. Ə. Rəsulzadə bolşevizm ideyasına uyğun fəaliyyət göstərirdi, lakin sonra onlara xəyanət etdi. 1911-1913-cü illər pantürkizm və panislamizm ideyalarına tərəfdar idi, sonra onlardan da imtina elədi. 1914-17-ci illərdə mühüm rus derjava şovinisti idi və Türkiyənin I dünya müharibəsində darmadağın olmasını tələb edirdi. 1918-ci ildə isə Azərbaycanın müstəqilliyi ideyasına tərəfdar çıxdı? Bu ideyaya o, 1918-ci il 28 may tarixinə qədər qarşı çıxdı. O heç Azərbaycan xalqının firavanlığı ideyasını da dəstəkləmirdi. Hakimiyyətə gələn kimi xan, bəy, burjua və digərlərinə torpaqların və sənaye müəssisələrinin geri qaytarılmasına tərəfdar çıxdı.

M. Ə. Rəsulzadənin  xəyanəti sadalanmış ideyalarla bitmir. Sonradan o, Sovet hökuməti orqanlarında fəaliyyət göstərib, sonra isə ailəsini taleyin ümidinə buraxaraq qaçıb. Sonradan nasist rejimi ilə əməkdaşlıq edib, sonra bu fəaliyyətin də üzərinə xətt çəkərək, “qərb dəyərlərinin” tərəfdarı oldu.

Və belə bir xadimi hazırda hədsiz dərəcədə tərifləyirlər. M. Ə. Rəsulzadənin  Azərbaycan millətinin siyasi xadimi olmasına dair heç bir şübhə yoxdur. Lakin hamını həqiqi fəaliyyətinə uyğun olaraq və həqiqi sözlərlə qiymətləndirmək lazımdır. Həmçinin, obyektiv qiymətləndirmək lazımdır. Əfsuslar olsun ki, bizdə əsasən siyasi xadimləri ya ideallaşdırmaq, ya da onları çirkabda batırmağa adət edilib…

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq