Mən bu yola varam. Bəs, sən?

 Oxuyaq. Dəyişək. Yaradaq. Yüksələk. Yüksələk ki, yüksəldək. Yüksəldək ki, yüksələk.  Biz yüksələk. “Millətimiz” adlandırdığımız cəmiyyətimiz yüksəlsin. Övladlarımız yüksəlsin.

Oxuyaq. Millətcə oxuyaq. Hamımız oxuyaq. Küçədə avtobus gözləyərkən oxuyaq. Parklarda, metrolarda oxuyaq.  Gecələri yatağımızda və ya qaranlıq otağımızda masaüstü lampanın işğına oxuyaq. Sabahları işə gedərkən oxuyaq. İşdə oxuyaq. Geri dönərkən oxuyaq. Kitabxanalarda, kafelərdə oxuyaq. Bu Millətin nicatı oxumaqdadır.

Oxuduğumuz havayı getməsin. Dəyişək. İşdə, əməlimizdə dəyişək. Zatən, oxuduqdan sonra bu sürəc başlamışdır. Oxuyub dəyişməmək mümkün deyil. Oxumaq bizə bilik verir. Bilik güc, güc cəsarətdir. Güclü, cəsarətli insan dəyişdirməkdən özünü çəkindirə bilməz. Biz dəyişirik, biz dəyişdiririk.

Dəyişdirmək həm də yaratmaqla mümkündür. Yaradaq. Bu dünyanın mənası dəyişdirməkdə – yaratmaqdadır. Bizim yaratdığımız bizim gələcəyimizi gətirəcək. Dünəndən bu günə heç nə dəyişməyibsə, yeni heç nə yaradılmayıbsa, bu gün dünənin gələcəyi deyil. Bu gün elə dünəndir. Yaşamamışıq. Özümüzü ölü saya bilərik. Biz dəyişməsək, yaratmasaq, sabah olmayacaq.

Yüksəliş yolu oxumaqdan, dəyişməkdən, dəyişdirməkdən – yaratmaqdan keçir. Özünüz üçün bunu edin. Övladlarınız, dostlarınız üçün bunu edin. Ölkəmiz üçün bunu edin. Mənalı həyat sürmək üçün bunu edin. Yoxsa həyat çox mənasızdır.

Bu yolda özümüz özümüzlə mübarizə aparacağıq. İçimizdə mübarizə gedəcək, aramızda mübarizə gedəcək. Qalib gələn yenə biz olacağıq. Sözsüz ki, bu, az vaxt almayacaq. Saçlarımız ağaracaq, kimimizi yarı yolda itirəcəyik, kimimiz geri dönəcək. Sonda özümüzü tapacağıq. Bu “özümüz” əvvəlki özümüzdən fərqli olacaq. Bu yoldan ələnib, təmiz çıxacağıq. Layiqlilər qalacaq. Təbii seçim edəcək həyat.

Mən bu yola varam. Bəs, sən?

Bolero (Maurice Ravel)

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.