Mədəni cəmiyyət haqqında

Ad tale kimi

Ad sanki taledir. Bir şeyə necə ad qoydunsa, taleyi də elə olur. Bizim vətəndaş cəmiyyəti kimi. Sovetlər dağılandan sonra bu fenomen bizə ayaq açanda adını ruscadan kalka edib “vətəndaş cəmiyyəti” qoydular, bununla da hər şey bitdi. Vətəndaş cəmiyyətindən kənarda vətəndaşımız qalmadı, AzTV planı artıqlaması ilə yerinə yetirdi. Vətəndaş cəmiyyətindəkilərin də Vətən daş olub başına düşdü, qəbul etmədi onları. İndi vətənpərvərlərimiz ölkədə “daxili düşmənlər”, “düşmən dəyirmanına su tökən” deyən kimi ağla birinci vətəndaş cəmiyyəti nümayəndələri gəlir.

Amma medalın ikinci üzü də var – bu transformasiya vətənpərvər sözündən də yan keçmədi. Vətən daş olub əsl vətəndaşların başına düşsə də, həqiqətə üstün gələ bilmədi. Ona görə də vətənin daşı olan vətənpərvərlər yalanın, zülmün, ikiüzlülüyün, şarlatanlığın ümidinə qaldılar. Bu gün Azərbaycanda “vətənpərvər” sözü qədər neqativ konnotasiya qəbul edən ikinci müsbət söz bəlkə də yoxdur. “Qarabağ boyda dərdimiz var” deyib ölkədəki bütün haqsızlığa, ədalətsizliyə, zülmə, ikiüzlülüyə göz yumursunuzsa, siz vətənpərvərsiniz. Və bu vətənpərvərlikdən hamıya nəsə çatır. Kiminə bahalı tenderlər, kontraktlar, kiminə də Rihannanın, Şakiranın Bakı aeroportunda çəkilmiş şəklinə Facebook’da CAPS Lock və qrammatik səhvlərlə “Yaşasın Azərbaycan” yazmaq ekstazı.

Vətəndaş cəmiyyətindən mədəni cəmiyyətə

Əslində Azərbaycan dilində “vətəndaş cəmiyyəti” ifadəsinin ən düzgün alternativi “mədəni cəmiyyətdir”. Yəni civil society. Bəs niyə mədəni cəmiyyət?

Vətəndaş cəmiyyəti sözünün xarici dillərdəki versiyalarında rast gəldiyimiz civil, zivil, civile, burger və hətta rus dilindəki гражданское sözlərinin kökü latınca şəhər, şəhərli sözündən gəlir. Hələ qədim Yunanıstanda dövlətlər şəhər formasında idi və vətəndaşlar da şəhərlilər olurdu. Buradan da vətəndaş-şəhərli anlayışı yaranır. Bizim dildə də bu konsepsiyanın ən dəqiq qarşılığı “mədəni” ifadəsidir. Bu gün civil sözü kültürlü mənasında işləndiyi kimi, mədəni sözü də oxşar mənanı daşıyır. Amma mədəni həm də şəhərli deməkdir! Ərəbistanda erkən orta əsrlədə mövcud olan şəhər dövlətlərin – mədinələrin sakinlərinə, vətəndaşlarına mədəni deyirdilər. Bir də şəhərdən olmayan, çöl ərəbləri var idi – bədəvilər. Mədənilər isə şəhərlilər, vətəndaşlar idi.

Civil sözünün qarşılığı mədəni olduğu kimi, civil society sözünün qarşılığı da mədəni cəmiyyət olmalıdır.

Bizə hansı mədəni cəmiyyət lazımdır?

Dünyada mədəni cəmiyyətə üç yanaşma var.

Biri katolik ölkələrindən gəlir. Bu yanaşmaya görə mədəni cəmiyyət dövlətin yedəyində getməlidir, dövlətə yardım etməli, onun məqsədlərinə və niyyətlərinə xidmət etməlidir. Çünki dövlət a priori yaxşıdır. Dövlət Allahdan gəlir, o pis ola bilməz. Amma dövlət bütün işlərə çarə tapa bilməz. Tapsa da təkbaşına həll edə bilməz. Burada mədəni cəmiyyət köməyə gəlir. Xeyriyyə tədbirlərindən tutmuş məktəb və xəstəxanaların işlədilməsinə kimi. Bizim hökumətin də yanaşması budur. Azərbaycan dövləti mədəni cəmiyyəti yalnız qocalar və uşaqlar evində, xeyriyyə tədbirlərində, xaricdəki konfranslarda Azərbaycan həqiqətlərini, Qarabağ dərdini əcnəbilərə çatdıran yerdə görmək istəyir. Mədəni cəmiyyət sual verməməli, tənqid etməməlidir, dövlətin tapşırıqlarına sidq ürəklə əməl etməlidir. Əməl etdisə, sadiq oldusa, xaricdəki konfranslara Azərbaycan həqiqətlərini təyyarənin biznes klasında apara bilər. Qayıdanda da həmin boşalmış çemodanları  ticarət mərkəzlərindən aldığı pal-paltar və texnika ilə doldura bilər.

İkinci yanaşma protestant və anqlo-sakson ölkələrdən gəlir. Bu yanaşmaya görə dövlət şərdir, amma o ictimai sazişin məhsuludur. Onun əmələ gəlməsi üçün biz bəzi qurbanlar versək də, o, bizi daha artıq qurbanlardan qorumaq üçün buradadır. Amma dövlətin də öz işləri var, dövlət hər məsələyə, hər sahəyə baş qoşmalı deyil. Bir çox işləri sırf mədəni cəmiyyət görməlidir, dövlətin burada nə işi? Ona görə də belə yanaşmanı nəzərdə tutan mədəni cəmiyyətlər öz fəaliyyətlərini elə qururlar ki, sanki dövlət yoxdur. Biz öz işimizi görürük və tələb edirik ki, dövlət müdaxilə etməsin. Necə ki, biz dövlətin funksiyalarına müdaxilə etmirik. Biz əlimizə silah alıb vergi toplamadığımız kimi, dövlət də seminar, konfrans təşkil edib hansısa mistik “Azərbaycan həqiqətlərini” təbliğ etməməli, əhalini indoktrinasiya etməməlidir.

Üçüncü yanaşma şərti olaraq marksist adlandırıla bilər. Bu yanaşmaya görə dövlət şərdir, mütləq şərdir. O siyasi hakimiyyətin təşkilatlanmış zorakılıq alətidir. Dövlət güc tətbiq etməklə, ictimai malı özünküləşdirməklə bir qrup qoluzorlunun yaratdığı təsisatdır. O yıxılmalıdır – ya ləğv edilməlidir, ya da daha ədalətli təsisatla əvəz edilməlidir. Ona görə də mədəni cəmiyyətin vəzifəsi dövlətə qarşı çıxmaq, onun sui-istifadəsinə mane olmaq, onu daim nəzarətdə saxlamaq və xalq qarşısında hesabatlı etməkdir. Dövlət öz əlində müthiş qüvvə toplayıb və güc tətbiqini inhisara alıb. Onun fəaliyyətinə nəzarət edilməsə, dövlət “ağını çıxara” bilər.

Azərbaycana görəsən hansı yanaşma lazımdır? Mədəni cəmiyyət hansı yolu seçsə uğur qazanar? Mədəni cəmiyyətin işi harada bitir və siyasi mübarizə harada başlanır?

Mədəni cəmiyyət və müxalifət

Mədəni cəmiyyət baxımından üç Cənubi Qafqaz ölkəsində fərqli mənzərə var.

Məsələn, Ermənistanda çox güclü mədəni cəmiyyət var. Prezidentlər, hökumətlər gəlib-gedir, amma mədəni cəmiyyət öz yerindədir. Onlar hökuməti bəyənmirlər, amma müxalifəti də eyni dərəcədə sevmirlər. Onlar fikirləşirlər ki, hakimiyyətdə kim olur olsun, hamısı səlahiyyətlərindən sui-istifadə edəcək. Ona görə də hamını çək-çevirə salmaq lazımdır. Heç kim yaxşı, ətrafı pis, ya özü pis, ətrafı yaxşı deyil. Hamı pisdir və biz onların pislik etməsinə mane olmalıyıq.

Gürcüstanda isə mədəni cəmiyyət siyasi mübarizənin avanqardındadır. Məhz onlar hakim qüvvəyə qarşı mübarizəni təşkil edir, aparır və sonda hakimiyyəti dəyişir. Bir çox QHT rəhbəri, fəalı sonda hökumət postunda, siyasi və qeyri-siyasi vəzifələrdə oturur, parlamentdə deputat olur. Hər hakimiyyət dəyişikliyindən sonra mədəni cəmiyyət seyrəlir, yenidən formalaşmağa başlayır və yenidən siyasi mübarizəyə qoşulur.

Azərbaycanda isə vəziyyət daha çətindir. Mədəni cəmiyyət müxalifətlə eyni kamerada oturub. Zaman-zaman türmə nəzarətçisi – hökumət kameraya daxil olur, hər ikisini döyür, əzir və çıxır gedir nahar etməyə. Bizdə kim müxalifətçi, kim vətəndaş fəalıdır, bilmək olmur. Bəzən eyni adam həm siyasi mübarizə aparır, həm də mədəni cəmiyyətdədir. Həm də hökumətin gözündə hamı eyni cəbhədəndir onsuz da. “Avtobus niyə vaxtında gəlmədi?” sualını verdinsə sən İsa Qəmbər və Əli Kərimli ilə eyni kateqoriyadansan. Və sən dövlətə, dövlətçiliyə, Azərbaycana qarşısan. Uğurlarımıza sevinə bilmirsən. Sənin üçün bulvarda konsert, şəhərdə veloyürüş təşkil edirik, sən isə tıxacda oturub bizi söyürsən. İmkan vermirsən ki, pulumuzu sayaq, naharımızı edək. Azərbaycan cəmiyyətində və rəhbərliyində hələ də dövlət və hökumət anlayışlarını ayıra bilmirlər. Ona görə də hökumətə müxalif olmaq dövlətə müxalif olmaqdır. Çünki hökumətdə olanlar dövləti özünkü hesab edirlər. Dövlətin bir tərifini də mən verim. Dövlət – hökumətdə oturanların şəxsi əmlakıdır.

Bəs çıxış yolu?

Çıxış yolu varmı? Var. Zatən hər situasiyadan çıxış yolu olur. Amma onu mən bilmirəm, bilsəm 2 milyona satardım.

Hazırda görünən odur ki, nə təkbaşına siyasi mübarizə, nə də mədəni cəmiyyətin təkbaşına maarifçiliyi bizi “ağ günə” çıxarmayacaq. Maarifçiliksiz siyasi mübarizə qalib gəlsə, hökumət dəyişsə, yenə hər şey olduğu kimi sıfırdan eyni ssenari ilə başlayacaq. Siyasi mübarizə olmadan maarifçilik isə döyüş meydanında toxum səpməyə bənzəyir. Sən toxum səpib becərəcəksən, əkin vaxtında bir dəstə atlı gəlib məhsulu tapdalayacaq. Eyni zamanda həm siyasi mübarizə, həm də mədəni fəaliyyətlə məşğul olmaq da mümkün deyil. Səhər konfrans, axşam mitinq və ya səhər mitinq, axşam konfrans təşkil edirsinizsə, biri mütləq baş tutmayacaq. Əksər hallarda isə hər ikisi.

Bir sözlə, bu ölkədə həm normal siyasət, siyasi mübarizə olmalıdır, partiyaları və liderləri ilə, həm də normal mədəni fəaliyyət olmalıdır, QHT-ləri, konfransları ilə. Və bir də xalqından qorxmayan, ona qulaq asan, onu rəiyyət, təbəə kimi yox, vətəndaş kimi görən hökumət. Vətəndaş əvəzinə təbəəsi olan dövlətdə hər şeyin sonu qulların üsyanı ilə bitir. Onda keçmiş quldarları kotana qoşub yer şumlayırlar. Keçmiş qullar isə yeni quldarlar olur.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.