Lous Althusser, İdeologiya və Sistem Analizi

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)

Fransız marksist Louis Althusser (Luiz Altusser) ideologiya nəzəriyyəçiləri arasında ən çox tənqid edilənlərdən birisi olmağına baxmayaraq, bir çox alimlər tərəfindən “Althusser’siz ideologiya yoxdur” fikri şərhsiz qəbul edilir.

 

Özünün ideologiya haqqında fikirlərinə “İdeologiya və Dövlətin İdeoloji Alətləri”, “Marx üçün”, “Kapitalı oxumaq” əsərlərində yer verən Althusser bu haqda düşüncələrini sistemləşdirmiş və tezislər şəklində oxucularına çatdırmışdır.

İdeologiya sistemi yenidən istehsal edir.

Althusser bu tezisi izah edə bilmək üçün cəmiyyəti üçlü sistemə bölür və bu sistemlərin qarşılıqlı münasibətini izah edərək ideologiyanın funksiyasını açıqlamağa çalışır. Belə ki, özü bir sistem olan cəmiyyət 3 əsas alt sistemdən – iqtisadi, siyasi və ideoloji sistemlərdən – ibarətdir. İqtisadi sistem dedikdə cəmiyyətdə baş verən istehsal prosesi yəni, müəyyən bir maddənin cəmiyyətin ümumi ehtiyacına uyğun olan maddə halına gətirilməsi və ya istehsal edilməsi anlaşılır. Bundan sonra, istehsal olunmuş maddələrin insanlar arasında necə bölünəcəyini isə siyasi sistem müəyyənləşdirir. Belə ki, istehsaldan kimə nə qədər pay düşəcəyi, işçi və işə götürənlər arasındakı münasibətlər siyasi sistemin təşkil etdiyi hüquq tərəfindən legitimləşdirilir.

Beləliklə, iqtisadi və siyasi sistem birlikdə hər hansı bir cəmiyyətdə tarixin müəyyən bir zamanındakı mühiti və şəraiti ehtiva edir. Artıq bu mühitin sonrakı tarixə ötürülməsini isə ideoloji sistem öz üzərinə götürür. Bunu başqa cür ifadə etsək, ideologiya cəmiyyətin iqtisadi və siyasi münasibətlərini yenidən istehsal etmək və yaxud gələcək nəsillərə daşımaq funksiyasını həyata keçirir.

Sistemin yenidən istehsalı dedikdə istehsal münasibətləri – yəni işçi və işverən arasındakı münasibətlər, istehsal vasitələrinin kimin əlində olması, istehsal olunmuş maddələrin bölünməsi prinsipləri və s nəzərdə tutulur. Əgər liberal cəmiyyətdə bu proseslər azad iqtisadiyyat və bərabər fürsətlərə əsaslanırsa, bir avtoritar-sosialist sistemindəki istehsal münasibətləri mərkəzdən idarəyə əsaslanacaq. Amma sistemin hansı ideyalar əsasında formalaşmasına baxmayaraq bütün cəmiyyətlərdə ideologiyanın funksiyası birdir, o mövcud şəraiti növbəti nəsillərə keçirir başqa cür desək, mövcud olan sistemi yenidən və dayanmadan istehsal edir. Cəmiyyətlərin davamlılığının və mövcudluğunun ən əsas səbəblərindən birisi də elə budur. Althusser’in də dediyi kimi “əgər bir toplum istehsal prosesi zamanı, istehsal münasibətlərini yenidən istehsal etməzsə həyatını bir il belə davam etdirə bilməyəcəyi bir uşağın belə bilə biləcəyi bir şeydir”. Bəs istehsal mühitinin yenidən istehsalı necə olacaq? Althusser bunu izah etmək üçün Dövlətin Təzyiq Alətləri (DTA) və Dövlətin İdeoloji Alətləri (DİA) anlayışlarından istifadə etmişdir.

DTA və DİA

Marksist ideologiyada dövlətə hakim sinfin digər sinifləri əzmək üçün istifadə etdiyi bir alət kimi baxılır. Elə buna görədir ki, Althusser ideologiyanın funksiyasını izah edərkən dövlətin bu funksiyasına xüsusi fikir vermişdir. Althusser’ə görə dövlət hakim sinifin maraqlarına uyğun olan mövcud vəziyyətin saxlanılması üçün vardır və bu prosesdə dövlət müxtəlif alətlərdən istifadə edir. Althusser bu alətləri Dövlətin Təzyiq Alətləri (DTA) və Dövlətin İdeologiya Alətləri adlandıraraq iki hissəyə bölür. DTA’a əsasən hökumət, idarə, ordu, polis, məhkəmə, həbsxana və s aid edilir ki, burada alət vasitəsi ilə dövlət “güc”dən istifadə edir və  status quo nu saxlamağa çalışır.

DİA isə dövlətin başqa bir alətidir ki, burada daha yumşaq vasitə olan ideologiyadan istifadə edilir. Althusser DİA sırasında “Dini DİA (fərqli kilsələrin təşkil etdiyi sistem,Təhsilə aid DİA (özəl və dövlət təhsil ocaqlarının təşkil etdiyi sistem),Ailə DİA-ı, Hüquqi DİA, Siyasi DİA (müxtəlif siyasi partiyalar tərəfindən təşkil edilən sistem), Sendika DİA-ı, Media DİA-ı (mətbuat, radio-televiziya),Mədəniyyət DİA-ı (ədəbiyyat, incəsənit, idman və.s)”* aid edir.

Buradan da göründüyü kimi Dövlətin İdeoloji Alətlərin insanların bütün həyatını əhatə edir. İnsan anadan olduğu andan Ailə DİA-sı, sonra Təhsil DİA-sı daha sonra İşyeri ilə əlaqədar DİA-lar, həyatının bütün sahələrini əhatə edən Sendika, Siyasi, Media, Mədəniyyət DİA-ları ilə əhatə olunmuşdur. Bütün bu DİA-lar mövcud sistemin saxlanılması və mövcud düşüncə tərzinin, istehsal münasibətlərinin saxlanılması üçün fəaliyyət görsədir və insanı mövcud sistemə uyğunlaşdırır, bununla yanaşı sistemi gələcəyə daşıyır başqa bir deyişlə sistemi yenidən istehsal edir. Bu prosesdə ideologiyanın fərdlər üzərindəki ümumi və sistematik bir ideraetməsindən danışmaq olar. Belə ki, Altehusser ideologiyanın insanlar vasitəsi ilə sistemi bir zamandan başqa bir zamana ötürdüyünü söyləyir. Bəs bu proses necə baş verir?

İdeologiya fərdi subyekt (subject) olaraq çağırır.

Terminoloji mənada fərd (individ) dedikdə sadəcə olaraq cəmiyyəti təşkil edən və kimliyi məlum olmayan birisidir. Subyekt isə hər hansı obeykt üzərində iş görən məlum olan birisi mənasına gəlir. Sosial mənada fərd sadəcə ölçü vahidi kimi işlədilir, belə ki onun kim olduğu, cəmiyyətdə rolu, məsuliyyətləri və vəzifələri məlum deyil. Subyekt isə tam tərsinə, məsuliyyətləri məlum olan üzərinə müəyyən vəzifələr (götürmüş) yüklənmiş və cəmiyyətdə müəyyən rola sahib birisidir.

Althusser ideologiya fərdi subyekt kimi çağırır dedikdə onu subyektə çevirir, yəni cəmiyyətdə ona müəyyən vəzifələr və rol verir demək istəyib. Başqa bir deyişlə, özünü hər hansı ideologiyadan sayan birisi bu ideologiyaya uyğun rola sahib olur üzərinə məsuliyyətlər və vəzifələr götürür. Məsələn, əgər bir insan özünü müsəlman, xristian və yaxud başqa bir dinə mənsub sayırsa, bu dinin şərtlərinə uyğun konkret vəzifələri həyata keçirəcək, dua edəcək, ibadət edəcək və s. Həmin ideologiya ona özünə məxsus rollar verəcək.

Althusser’ə görə ideologiya fərdləri daim çağırır və onları subyektə çevirən elə bu çağırışlardır. Bu tezisi Althusser polisin çağırması səhnəsi ilə belə izah edir.

“Çağrılan adamın səsə doğru döndüyünü təsəvvür edək. Bu zaman çağrılan adam bədəninin 180 dərəcəli dönüşü ilə subyektə çevrilir. Niyə? Çünki çağırmanın tamamilə onu hədəflədiyini və ona səslənildiyini anlamaqdadır…”**

Bir dəqiqə əvvəl yolda sadəcə yürüyən birisi, heç bir məsuliyyət və haqq düşünməyən birisi bu çağırış ilə bir anda “dövlət ideologiyası” altında subyektə çevrilir, məsuliyyətlər, haqqlar, vətəndaşlıq, dövlətin gücünü və.s düşünməyə başlayır, hüquq pozuntusu edib etmədiyini fikirləşir. Belə ki, bayaq heç bir şey düşünməyən fərd bir anda məsuliyyətləri və cəmiyyətdə müəyyən rolu olan bir subbyektə-vətəndaşa çevrilir. Althusser müxtəlif ideologiyaların insanları daima, elə həyata gəldiyi andan, çağırmaqda olduğunu deyir. Bu məntiqə əsasənda bütün fərdlər elə daima subyektdirlər deyir.

“… doğulacaq uşağı gözləyən ailə, ata, ana, həyat yoldaşı, qardaş ideologiyası formalarını bir qırağa qoyaraq, uşağın atasının soyadını alacağının, bir kimliyinin olacağının və yeri tutulmaz olacağının əvvəlcədən bilindiyini açıq aşkar söyləyə bilərik. Doğumunun planlaşdırılmasından yəni, anasının hamilə qalmasından etibarən, daha dəqiq desək, daha doğulmamışdan əvvəl belə uşaq onu “gözləyən” xüsusi bir ailə ideologiyası tərəfindən olması gözlənilən subyektdir.”***

Althusser insanın bütün həyatı boyu müxtəlif ideologiyalar içərisində yaşadığını, dolayı olaraq bütün həyatı boyu subyek olaraq yaşadığını və bunu heç vaxt hiss etmədyini  deyir və ideologiyanı “balığın içində yaşadığı su”ya bənzədir. Belə ki, su balığın varlıq səbəbidir. Balıq üçün su hər yerdir və hər şeydir amma o yaşadığı suyun fərqində deyil. Onunla əlaqə hər şey həm də su ilə əlaqəlidir. Sadəcə olaraq suyun kənarına çıxdıqda suyu anlaya bilər. Amma çıxarılmadığı təqdirdə heç bir zaman suyun kənarına çıxa bilməz. Suyun kənarında yaşaya bilməsi üçün balıqdan başqa bir şey olmalıdır. İnsan və ideologiya arasındakı münasibət də buna bənzəyir.

İdeologiyanın varlığı maddidir. (Idéologie a une existence matérielle)

Althusser tərəfindən ideologiyanın varlığı maddidir tezisi nəzəriyyəçilər içərisində şok effekti yaratdı. Bu ideologiyaya tamam fərqli aspektdən baxmaq, onu fərqli şərh etmək demək idi. Amma bunu da diqqətdən qaçırmamaq lazımdır ki, Althusser “maddi” sözünü fərqli cür izah etmiş onun fərqli formalarından bəhs etmişdir:

“İdeologiyanın bir alət və bir alətin praktikasında maddi varlığı bir daşın və ya bir tüfəngin var olması ilə eyni deyildir təbbi ki… Maddə sözü bir çox mənalarda işlədilir və maddə fizikanın maddəyə təmasının müxtəlif formalarında mövcud olur…  Ayinə qatılmaq üçün bir yerdən başqa yerə getməyin maddiliyi, sıra ilə hərəkət etməyin maddiliyi, tövbə etməyin, salamlaşmağın maddiliyinin eyni cür olmayacağı acıq aşkar bəllidir.”****

Althusser insanların inandıqları ideologiyalara görə öz həyatlarının maddi yönünü müəyyənləşdirdiklərini deyir. Belə ki, insanın ideologiyası onun bütün həyatında maddi olaraq özünü görsədir.

“insan tanrıya inanarsa, ayinə qatılmaq üçün kilsəyə gedər, diz çökər, dua edər, rahibə günah çıxartdırar, tövbə edər, cəzasını çəkər, əfv olunar və həyatına davam edər… Əgər insan ədalətə inanarsa hüquq qaydaların sözsüz boyun əyər, bu qaydalar pozulduğunda qarşı çıxar, hətda bu işi ərizələr yazmağa, mitinqlərə qatılmağa qədər aparar…”*****

Althusser ideologiyanın maddi varlığı onun insan həyatındakı ayrılmaz yerini belə ifadə edir və bu nümunələrlə ideologiyanın maddi varlığını sübut etməyə çalışır.

İdeologiyanın tarixi yoxdur.

İdeologiyanın tarixi olmaması sözü ilə Althusser ideologiyanın bir başlanğıcı və sonun olmadığını bildirir. Belə ki, tarix müxtəlif zamanlarda müxtəlif siniflərin mübarizəsindən ibarətdir. Tarix boyu və tarixin bütün nöqtələrində ideologiya eyni formatda var olmuş, fərdi çağıraraq subyektə cevirmiş və insanların maddi həyatında daim var olmuşdur. İdeologiya tarixin bütün anlarında eyni formada və eyni funksiyaları yerinə yetirmişdir. Dolayı olaraq ideologiyanın tarix boyu bir inkişaf xətti və dəyişim xətti yoxdur. O insan var olduğu gündən dəyişməz olaraq mövcuddur. Belələliklə ideologiyanın bir tarixi yoxdur.

Althusser bu tezisi izah etmək üçün Freudun nəzəriyyəsinə istinad etmiş və onu ideologiyaya tətbiq etməyə çalışmışdır. Belə ki, Freudun “təftəlşüurun tarixi yoxdur” tezisini Althusser ideologiyaya tətbiq etmiş və onu belə izah etmişdir.

“Öncəsiz və sonrasız olmaq tarixin kənarında olmaq yox yəni hazır və nazır olmaq, tarixin bütün zamanlarında forması dəyişməz olmaq deməkdirsə mən də Freudun sözünü hərfinə qədər götürüb təftəlşüur kimi ideologiyanın da öncəsiz və sonrasız olduğunu deyəcəm”******

Buradan da göründüyü kimi heç vaxt forması dəyişməyən ideologiya özlüyündə sistemləri onların işləyiş şəklini və tarixin müxtəlif dövürlərində sadəcə olaraq mühiti ehtiva edir.

Sonsöz əvəzi

Öz nəzəriyyələri ilə “Althussersiz ideologiya yoxdur” fikrini yaradan, marksist olmasına baxmayaraq ideologiya haqqında tezislərinə görə daima digər marksistlər tərəfindən tənqid atəşinə tutulan Althusser öz nəzəriyyələri ilə “marksist nəzəriyyələrə marksist baxış gətirdi”. Bu isə böyük bir yenilik, bir ideologiyanı öz prinsipləri ilə tənqid etmək demək idi.

İstinadlar


* Louis Althusser, İdeoloji ve Devletin İdeolojik Aygıtları, Çeviren: Alp Tümertekin, İthaki yayınları, 1. Baskı İstanbul, 2003 (səh 169).

** Louis Althusser, (səh 200)

*** Louis Althusser (səh 202)

**** Louis Lathusser, (94, 97)

***** Louis Lathusser, (95)

****** Louis Lathusser, (186)

 

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)

10 Responses to Lous Althusser, İdeologiya və Sistem Analizi

  1. Pingback: vagragenericaar.org

  2. Pingback: doctor7online.com

  3. Pingback: generic albuterol inhaler

  4. Pingback: ciproxine

  5. Pingback: viagra samples

  6. Pingback: tylenol buy on line

  7. Pingback: generic cialis 20mg

  8. Pingback: brand viagra professional

  9. Pingback: buy hydroxychloroquine online

  10. Pingback: mymvrc.org