Linç etmək?!

özbaşına kimisə cəzalandırmaq

Nisə Hacıyeva

Linç etmək, yəni məhkəmənin qərarı olmadan, özbaşına kimisə cəzalandırmaq.

“Xocalı’ya ədalətdən çox, qisas lazımdır! Bu cinyayətin əsas iştirakçıları – Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan – öldürülməlidir. Bu işi xüsusi xidmət oqranlarımız çoxdan etməliydilər. Texniki baxımdan mümkündür. Görüntülü qisasa ehtiyac yoxdur. Məsələn, yeməklərinə zəhər qatılırsa, yetər. Sonra bunu dana, lap baş sağlığı da verə bilərik. Uzaqbaşı, “radikal müxalifət”, “xalq qisasçıları”, nə bilim daha kimdirsə, (yoxdursa, uydurarıq) üstünə atıb, görkəzmə məhkəmə qura bilərik (məhkumlara içəridə xüsusi qayğı, sonradan isə amnistiya). Hətta ermənilərin və ya üçüncü tərəfin əliylə də bunu etmək olardı. Təki onların təbii ölümlə həyatdan getmədiklərinə əmin olaq.” Erkin Qədirli.

Bəli, ilk başda Erkin Qədirlinin bu fikri çox gözəl səslənir . Amma gəlin bu fikirlə bağlı iki məqama toxunaq:

1. Reallıqda bu necə gərçəkləşə bilər?

2. Bu fikrin gətirə biləcəyi fəsadlar.

Mənim Erkin Qədirlinin statusuna  qarşı  çıxmam  bu cinayətkarlara mərhəmət və humanistlik hissindən irəli gəlmir. Əksinə,mən cinyətkarların gizli zəhərlənməsini yox, məhz cəzalandırılmasını istəyirəm. Amma oxuduqda gözəl səslənən bu fikir reallıqda nə qədər gözəldir? Gəlin bir düşünək görək,  bir gün adı çəkilən cinayətkarlardan birinin zəhərlənmə xəbərini eşitdikdə bizim qisas hissimiz yatacaqmı? Yəni bu əgər gizli zəhərləmə olacaqsa, o zaman bizim bixəbər xalq necə əmin olacaq ki, onlar təbii ölümlə yox, məhz bizim xüsusi orqanların əli ilə həyatdan gediblər? Aydındır ki, bizə qarşı  törədilən vəhşiliklərdə əli olan bir insanın sadəcə ölüm faktı  bizi qisas hissindən xilas etməyəcək. Hətta zəhərlənmə yox, gizli güllələmə olsa belə, insanlarımız düşmənlərinin başqası tərəfindən öldürüldüyü üçün özünü qisas almış sanmayacaq.  Əks halda bu gizli yox, açıq olmalıdır. Ya da Erkin bəy düşünür ki, bunu dünya üçün gizli, bizim xalqın isə qulağına pıçıldamaq lazımdır.  Mən bir azərbaycanlı kimi günahsız insanlarımızı öldürən cinayətkarın hər kəsin gözü qarşısında məhkəmə vasitəsi ilə dünyaya bunu göstərərək  cəzalandırılmasını istəyirəm. O zaman mən qisasımı almış, gücümü və haqqlı olduğumu hər kəsə sübut etmiş olacağam.

Məni ən çox çaşdıran Erkin Qədirlinin beynəlxalq tribunalı yox, məhz bu qanunsuzluğu çıxış yolu kimi təklif etməsidir.  Erkin Qədirli daha sonra qeyd etdi ki, bunu hüquqşünas kimi yox bir siyasətçi kimi yazıb. Amma burda bir məqam var: qanun  çərçivəsində davranmaq üçün hüquqşünas olmaq gərəkmir. Və bununla yanaşı, Erkin Qədirli məhkəməni inkar edərək  “Məhkəmə var bizdə?” deyə soruşur. Bizdə məhkəmə yoxdur, amma hazırkı zamandan söhbət gedirsə bizdə onun təklif etdiyi metodu gerçəkləşdirmək üçün nə xüsusi orqan var, nə də güc. Demək bu sadəcə təklif olaraq gələcək üçün nəzərdə tutulub. Gələcək üçündürsə niyə  Beynəlxalq Tribunal yaratmaq əvəzinə  qanunsuz olan bir yolu seçirik? Beynəlxalq Tribunal barədə ətrafli yazmaq istəmirəm. Daha öncə də bu barədə yazmışam. Sadəcə qeyd etmək istəyirəm ki,  məhz  müharibə cinayətlərindən sonra cinayətkarları məsuliyyətə cəlb etmək üçün dövlətlərin özləri tərəfindən BMT ilə əməkdaşlıq edərək qarışıqtipli xüsusi məhkəmələrin yaradılması təcrübəsi var.  Misal üçün Ruanda və Keçmiş Yuqoslaviya üzrə  Beynəlxalq Tribunallar sayəsində  əlini günahsız insanların qanına bulayan prezident, baş nazir, generallar, zabitlər və bir çox məmurların cəzalandırılmasına nail olundu. Beynəlxalq Tribunalı yaratmaq gələcəkdə daha realdır nəinki, MOSSAD kimi bir təşkilatı yaradıb cinayətkarları cəzalandırmaq.

Erkin Qədirli bu təklifin cəmiyyət üçün nə qədər zərərli olduğunu anlamadan, “ən yaxşı halda, Xocalı qatillərinə Breyvikə verilən şərait verəcəklər” deyir. Bu, o deməkdir ki, Erkin bəy həm hüquqşünas kimi, həm siyasətçi kimi, həm də bir vətəndaş kimi ümumiyyətlə məhkəməni ədalətli saymır və dünyanın ən qorxunc yuxusu olan “linç etməni” nəinki qəbul edir, hətta təklif edib təbliğ edir. O zaman belə çıxır ki, hər bir vətəndaş məhkəmə tərəfindən onun düşmənini (bu düşmən şəxsi düşmən də ola bilər) yetərincə cəzalandırmayacağını düşünürsə, məhkəmədən imtina edərək onu özü cəzalandıraraq “ədaləti” bərqərar edə bilər. Və kimsə də onu durdura bilməz, çünki deyəcək ki, mənim yaxınımı öldürən filankəsi məhkəməyə versəm Breyvikə verilən şərait verəcəklər, bu da “haqlı qisas” olmayacaq.

Məhkəmə niyə lazımdır?

–      İnsanların öz aləmlərindəki ədalət naminə düşmən saydıqları hər kəsi özbaşına cəzalandırmamaq (linç etməmək) üçün;

–   Cinayətləri şəffaf şəkildə araşdırıb, cinayətkarları hamının qarşısında cəzalandıraraq haqqlı tərəfin doğrularını ictimaiyyətə çatdırıb ədalətə nail olmaq üçün;

–      Cinayətkarları açıq şəkildə cəzalandıraraq (daha gizlincə zəhərləyərək yox) digər insanlara və gələcək nəsilə dərs vermək üçün.

Erkin Qədirlinin bu metodu nə qədər gözəl, vətənpərvər səslənsə də, bir o qədər də təhküləlidir.  Mənim düşmənimin zəhərlənərək ölməsi və mənim bundan bixəbər olmağım məni heç qane etmir. Amma bu metodu yerinə yetirməkdən daha pis, bu metodu dilə gətirməkdir. Bir siyasətçinin məhkəməni inkar edib, ədalətsiz sayıb, linç etməyi təklif etməsi və bu təhlükəli fikri, minlərlə insan tərəfindən oxunduğunu bilərək paylaşması dəhşətli fəsadlara səbəb ola bilər.

Sosial Media da Paylaşaq