Kimlik qeyri-müəyyənliyi?!

Murad Nəsibbəyli  (Mançester Universiteti)

Azərbaycanda kimlik mövzusunda aparılan müzakirələrdə çox zaman “yol”umuzun “Avropa”ya və ya “Asiya”ya doğru olmasından bəhs edilir. Təsadüfi deyil ki, XX əsr Azərbaycan mühacir ədəbiyyatının ən dəyərli nümunələrindən biri olan “Əli və Nino” romanında da bütün süjet boyu bu mövzuya toxunulur. Aşağıdakı yazıda bu mövzuda müzakirələrin yaranma səbəblərinə, “Avropalı” və ya “Asiyalı” olmağımızın əsaslarına az da olsa aydınlıq gətirilməyə çalışılmışdır.

Bu növ müzakirələrdə Avropa, Avropalı və ya Asiya, Asiyalı ifadələrinin arxasında nəzərdə tutulan məna bu coğrafi ərazilərdə formalaşan sivilizasiya(lar) – mədəniyyət(lər)dir. Bu səbəbdən də bu yazıda “Avropa” və ya “Asiya”ya aid olmağımız barədə müzakirələrə mədəni-kimlik qeyri müəyyənliyinin təzahürü kimi yanaşılmışdır. İlk öncə onu qeyd etmək lazımdır ki, nə Avropa, nə də Asiyada yalnız bir mədəniyyət beşiyi deyil, müxtəlif mədəniyyət beşikləri mövcud olmuşdur.

Lakin, Avropada müxtəlif mədəniyyət beşiklər arasında artan əlaqə və qarşılıqlı-asılılıq nəticəsində vahid Avropa sivilizasiyası formalaşmışdır. Bu prosesi formalaşdıran və sürətləndirən müxtəlif səbəblər olmuşdur. Bu səbəblər yazının əsas mövzusundan kənar olduğu üçün burada onlar haqda bəhs edilməmişdir. Onu qeyd etməklə kifayətlənmək olar ki, Avropa ərasizinin kiçik və əlaqələr üçün coğrafi maneələrin az olması da bu prosesdə mühüm rol oynamışdır.  Avropadan fərqli olaraq Asiya qitəsinin ərazisi daha böyük və keçilməz maneələrlə zəngindir. Müxtəlif mədəniyyət beşiklərinin fərqliliklərini bu günə qədər qoruyub saxlamalarının səbəblərindən biri də məhz Asiyanın bu coğrafi keyfiyyətidir.

İndiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazilərində ərəb işğalına qədər yerli mədəniyyətlər hakim olmuşdur. Albaniya dövləti Bizans və Xəzərlər, Atropatena isə daha çox Sasani mədəniyyəti ilə “alış-veriş”də olmuşdur. Albaniya dövlətinin Ərəb xilafəti tərəfindən işğal olunmasından Şimali Azərbaycanın Türkmənçay müqaviləsi ilə Çar Rusiyasının tərkibinə keçməsinə qədər olan bir dövr ərzində Azərbaycan Yaxın və Orta Şərqdə, həmçinin Mərkəzi Asiyada formalaşan İslam mədəniyyətinin tərkib hissəsi olmuşdur. Çar Rusiyası özü ilə Avropasayağı təhsil, yaşayış, yaradıcılıq və idarəçilik mədəniyyətin gətirmişdir.

Neft istehsalı, sənayeləşmə və beləliklə də, Rus imperiyasının mərkəzi və Avropa kompaniyaları ilə daha sıx münasibətlərin qurulması bu yeni mədəniyyətin elementlərinin ərazidə güclənməsinə səbəb olmuşdur. Mədəni-kimlik qeyri-müəyyənliyinin formalaşması məhz bu dövrdən başlamışdır. Yuxarıda adını çəkilən “Əli və Nino” romanında da əks olunduğu kimi insanların bir qismi Avropasayağı təhsil, yaşayış, yaradıcılıq və idarəçilik mədəniyyətinə sahibləndiyi halda, bir qism insan kiçik dəyişikliklərlə əsrlərdir mövcud olanların davam etdirilməsinin tərəfdarı olmuşdur. İslam və Türk dünyasında bir çox ilklərin Azərbaycanda yaşanması Azərbaycandakı cəmiyyətin Çar Rusiyasının tərkibinə daxil olduğu 90 ilə yaxın bir müddət ərzində sürətlə sosial dəyişikliyə məruz qalmasının – Avropa mədəniyyətinin (Rus mədəniyyəti simasında) Azərbaycana genişlənməsinin sübutudur.

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan üçün verdiyi töhvələrdən biri də mədəni-kimlik qeyri-müəyyənliyinin həll olunması və milli kimliyin tərkibinə çevrilməsidir. Yuxarıda bəhs etdiyimiz sosial dəyişiklik Azərbaycan Xalq Cümhuriyyətinin bayrağında da öz əksini tapmışdır. İslam və Türk mədəniyyətlərinin bir parçası olaraq qalmağımızla yanaşı, “Müasirlik” anlam yüklü qırmızı rəngin bayrağımıza daxil olması Avropa mədəniyyətinin təsirinin nəticəsində mümkün olmuşdur.

“Müasirlik” adı altında Avropa cəmiyyətlərinin təhsil, yaşayış, yaradıcılıq və idarəçilikdə sahib olduqları mütərəqqi nailiyyətlər nəzərdə tutulmuşdur. Bununla da, Azərbaycan Rus işğalına məruz qalmayan Yaxın və Orta Şərqin  digər dövlətlərindən fərqlənməyə başlamışdır. Müqayisə üçün qeyd etmək olar ki, qonşu Türkiyədə bu proses Avropa ilə artan münasibətlər və daxili islahatlar zəmnində hələ 17-ci əsrdə başlamış, Cümhuriyyətin yaranmasına qədər zəif sürətlə davam etmişdir. Türkiyə Cümhuriyyətinin yaranamasında sonra isə daha da sürətlənmişdir.

Azərbaycanın SSRİ-nin tərkib hissəsinə çevrilməsindən sonra mədəni-kimliyin axtarışı arxa plana keçmiş və artıq milli kimliyin tərkib hissəsi olan Türklük, Müsəlmanlıq və “Müasirlik”dən uzaqlaşma baş vermişdir. Müstəqillikdən sonra yenidən kimlik qeyri-müəyyənliyinin meydana gəlməsi 70 il ərzində baş vermiş sosial dəyşikliyin nəticəsidir. Bu qeyri-müəyyənliyin həlli növbəti sosial dəyişikliyin nəticəsində mümkün olacaqdır.

Bu yazıda Azərbaycanda mədəni-kimlik tarixi-institusionalist nöqteyi nəzərdən keçirilmiş, mövcud qeyri müəyyənliyin səbəbləri ortaya çıxarılmağa çalışılmışdır. Çar Rusiyası tərəfindən Şimali Azərbaycanın işğalından başlayaraq Azərbaycana Avropa mədəniyyətinin təsiri genişlənmiş və 90 ilə yaxın müddət ərzində baş vermiş sosial dəyişikliyin nəticəsində yeni bir kimlik formalaşmışdır. Bu kimliyin tərkib hissəsinə Avropa cəmiyyətlərinin təhsil, yaşayış, yaradıcılıq və idarəçilikdə sahib olduqları mütərəqqi nailiyyətləri bölüşmək və inkişaf etdirmək istəyi dayanır. Buradan aydın olur ki, “Avropa” və ya “Asiya”ya mənsubiyyətimiz haqda müzakirələr əslində 90 il əvvəl nail olunmuş kimliyə sahiblənməyimiz yoxsa yeni bir kimlik axtarışına çıxmağımızın müzakirəsidir.

Murad Nəsibbəyli  (Mançester Universiteti)

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.