İqtidarın qorxu siyasəti – Əkrəm Əylisli məsələsi

Əkrəm Əylisli Azərbaycan türklərinin erməniləri vəhşicəsinə qətl etdiyini öz əsərində göstərirsə bu onun ifadə azadlığıdır. Ümumiyyətlə, ədəbi yaradıcılıqda tarixi faktların heç də böyük əhəmiyyəti yoxdur, yazar istədiyi obrazı yarada bilər. Bu obraz kimə görə inandırıcı olar, kimə görə isə uğursuz bir təşəbbüs. Halbuki, bir yazarın əsəri üzündən yaranan qalmaqal əsərin keyfiyyətinə və tarixi əsaslığına baxmaqsızın onu uğurlu edir, çünki əksər yazarlar əsərlərinin cəmiyyətə təsir etdiyini görmək istəyir, həm də ən qısa zamanda. Əkrəm bəyə də bu qismət oldu.

Bəs deyirdiniz “Azərbaycanda ermənifobia yoxdur”

Çox maraqlıdır, 21 yanvar 2013 tarixli ANS-də ki Açıq söhbət verilişində iddia edilirdi ki, Azərbaycanda ermənifobia yoxdur. Acı həqiqət olsa da bunu qəbul etməliyik ki, Azərbaycanda uğursuz siyasət nəticəsində ermənifobia yaranıb və artmaqdadır. Hətta, Azərbaycanda əksəriyyət ermənilərin ədəbi obrazından da qorxur. Çünki haqlı olmamıza baxmayaraq torpağımızın 20% itirmişik, bəs haqsız olsaq nə qədər torpaq itirərik sualı içimizdə xof olaraq qalır.

“Xocalı faciəsi millət olaraq bizdə travma yaradıb”

Əslində bu xofu yaradan YAP-ın ağlaşma siyasəti deyilmi? “Xocalı Soyqırımı”nı edənlərin əsas məqsədi o idi ki, hər iki etnik qrup bir daha bir yerdə yaşamasınlar, tərəflərdə bir-birilərinə qarşı qorxu (fobia) yaransın. Hər gün televizorda “ermənilər bizi  belə qırdı, belə təcavüz etdi” deyən cəmiyyətdə erməniyə qarşı fobia  yaranması normaldır. Nəticədə anlamalıyıq ki, ermənilərə qarşı edilən hər bir propaqanda bizi Qarabağdan bir az daha uzaqlaşdırır.

“İfadə azadlığının olmadığı yerdə hansı tolerantlıqdan danışmaq olar”

Digər tərəfdən, YAP başbilənləri bütün dünyaya car çəkmişdilər ki, Azərbaycan etnik və dini baxımdan tolerant ölkədir. Ancaq necə olurki ifadə azadlığına qarşı tolerantlıq yoxdur. Hökumətin medallarla təltif edilən yazarının belə ifadə azadlığına tolerantlıq göstərilmirsə, düşmən adlandırılan etnik  azınlığa qarşı tolerantlığın “t”-si belə göstərilməyəcəyi məlumdur.

Azərbaycanda iqtidar vətəndaş üzərində hər cür qorxu mexanizmasından istifadə edir. Bunlardan biri də erməni qorxusudur. Və bunun nəticəsidir ki, rejim Əkrəm Əylisli kimi  “prezident təqaüdlü ziyalısını” da qurban verir. Problemlərin həlli idarəçilik sistemini “qorxu” üzərinə quran mövcud iqtidarın getməsidir, yoxsa sıradakı qurban hər kəsimdən ola bilər. Növbəti qurban sən ola bilərsən!

Toğrul İsaoğlu

mm
İsaoğlu “Nümayəndə Əsaslı Modelləşdirmə və Simulyasiyanın Dinamik Rəqabət Strategiyası” mövzusu üzrə tezisi ilə Boğaziçi Universitetindən məzun olub. Və həmçinin, Toğrul İsaoğlu Türkiyənin aparıcı konsultant şirkətində Biznes Zəkası Konsultantıdı
Sosial Media da Paylaşaq