İnsan hüquqları və fəlsəfi əsasları

Aygül Pəncəliyeva

İnsan hüquqları şəxsin sırf insan olduğu üçün sahib olduğu hüquqlardır. Yəni, hər kəs insan olduğu üçün zəruri, əvəzsiz, bölünməz hüquqlara sahibdir və bu hüquqlar insanın tutduğu mövqe, şəxsiyyəti, hər hansı səlahiyyətindən asılı deyil. İnsan hüquqlarının tanınması və qorunması demokratik sistemin təməlini təşkil edir. Bu baxımdan o həm də iki əhəmiyyətli funksiyanı yerinə yetirir.

İlk olaraq, insan hüquqları dövlətin səlahiyyətlərinin məhdudlaşdıraraq insan azadlıqlarının sərhədlərini genişlənməsinə xidmət edir. İkincisi isə, insan hüquqları insanların neqativ hüquqlardan (fərdin dövlət tərəfindən toxunulmaz hüquqları) sonra pozitiv hüquqları (fərdin dövlətdən müsbət davranış, xidmət, yarddım və s istəmə hüququ) tələblərinin də yerinə yetirilməsi  üçün dövlətin fəaliyyət dairəsini genişəndirməsilə bağlı tələb və iddialarının əsasını təşkil edir.

İnsan hüquqlarını əsas götürən dövlət və onun təmsilçisi olan hakimiyyətin insan haqlarına qarışmamaq və istifadəsi üçün münbit şərait yaratmaq öhdəlikləri konstitusiyada öz əksini tapır. Dövrümüzdə insan hüquqlarını qorumaq, hörmət etmək əxlaq məsələsinə çevrilib və dövlətin qanuniliyinin əsasıdır.

İnsan hüquqlarının mənbəyini araşdırmaq və nə üçün üstün əxlaqi dəyər olduğunu müəyyənləşdirmək üçün bir çox anlayışlardan (konsepsiya) istifadə olunur. Bu anlayışlardan ən əhəmiyyətlisi təbii hüquq, insan təbiətiinsan dəyəri anlayışlarıdır.

"İnsan Hüquqları Bəyannaməsi"nin ilk nüsxələri
“İnsan Hüquqları Bəyannaməsi”nin ilk nüsxələri

Təbii hüquq

Təbii hüquq hər hansı ölkə və ya cəmiyyətdə tətbiq olunan yox, tətbiq olunması lazım olan ideal hüququ ifadə edir. O, insanın ədalət standartları axtarışları nəticəsində yaranıb və sosial ehtiyacları ən ədalətli formada təmin edəcəyinə inanılır. Təbii hüququn mərkəzində insan – fərd dayanır. Onun üçün insan tək həqiqi həqiqətdir. Təbii hüququn bir neçə əsas xüsusiyyətləri var:

  1. Təbii hüquq doğulan andan sahib olduğumuz ayrılmaz, zəruri hüquqlardır.
  2. Təbii hüquq cəmiyyətdən öndədir və onun mövcudluğundan asılı deyil.
  3. Təbii hüquq mütləqdir. Heç bir halda etibarsız sayıla, istifadəsi dayandırıla, əhatə dairəsi məhdudlaşdırıla, yaxud danışıqlar mövzusu ola bilməz.
  4. Təbii hüquq dünyəvidir. Zaman və məkandan asılı olmayaraq bütün insanlar təbii hüquqlara sahibdirlər.

Dövrümüzdə təbii hüquq dövlət və beynəlxalq müstəvidə hüquqa yol göstərən qanunlar və siyasi hakimiyyətin təsirindən qoruyan birmənalı güc olaraq tanınır. Bir sözlə təbii hüquq və haqlar insanı idarə olunmadan qorumanın ən effektiv yoludur.

İnsan təbiəti

Bəzi nəzəriyyəçilər insan təbiətinin insan hüquqlarının mənbəyi olaraq görür və bu ifadəni insanın ehtiyacları anlayışı ilə eyniləşdirirlər. Lakin insanların ehtiyacları fərqli mədəniyyət və şəxsiyyət baxımından dəyişdiyinə və həqiqi ehtiyaclar siyahısını müəyyənləşdirməyin mümkünsüz olduğuna görə daha çox əxlaqı anlayış kimi qəbul olunur. Yəni insan hüquqlarının mənbəyi olaraq insan təbiətindən danışılarkən nəzərdə tutulan daha çox insanın əxlaqi təbiətidir.

İnsanın əxlaqı təbiətinin nə olduğu barəsində müxtəlif nəzəriyyələr mövcuddur.

Ayn Rand insanın əxlaqı təbiəti deyərkən iki əsas xüsusiyyət – məcburiyyətdən uzaqlıqrasionallıq nəzərdə tutur. O insanın məcburiyyət altında müvəffəqiyyətsizliyə uğrayacağını hesab edir. Rasionallıq (insanın fəaliyyət zamanı ağıla əsaslanması, ağıl sahibi olması) isə insanın təbiətindədir. Ağıllı insan isə məqsədlərə malikdir və seçim edə bilir.

Jack Donnelly insan hüquqlarının mənşəyində insanlıq və insan təbiətinin dayandığını deyir və insan təbiətinin əxlaqi aksioma kimi qəbul edir.

İnsan dəyəri

Malik olduqları xarakter və üstünlüklərdən asılı olmayaraq hər bir insan sırf insan olduğu üçün bir dəyərə sahibdir. İnsana dəyər verməksə onun üçün əhəmiyyətli şeyləri (azadlıq, yaxşılıq) dəyərləndirmək məcburiyyəti qoyur.

İnsan hüquqlarının bütün insanların paylaşdığı dəyər, güc və etibar mənbəyi olması uzun və tarixi mübarizənin nəticəsidir. Yalnız bu mübarizə nəticəsində o, hüquqi və siyasi baxımdan hazırki mövqeyini qazana bilib.

Qədim dövrlərdə insan hüquqları

Azadlıq, fərd, bərabərlik, hüquq kimi düşüncələr qədim dövr insanına yad olmasına baxmayaraq  azad düşüncə, humanizm kimi fikirlərin kökü qədim Yunan sivilizasiyasına gedib çıxır. Belə ki, insana, insanların problem və tələblərinə laqeyd qalaraq uzun müddət təbiətin necə yaranması kimi suallara cavab tapmağa çalışan Yunan fəlsəfəsində yeni cərəyan – Sofizm peyda oldu. Sofistlər kainatın yaranması haqda bitməz-tükənməz fərziyyələri araşdırmağın mənasız olduğuna inanır və düşüncənin mərkəzində insanın dayanmalı olduğunu hesab edirdilər. Onlara görə dövlət insanlar tərəfindən onları təmin etmək üçün qurulub, yəni dövlət insanın xöşbəxtliyini təmin etmək üçün vasitədir.

Sofistlər elmin öyrədilə bilən olduğunu və onun aristokratların anadangəlmə xüsusiyyəti olmadığını deyirdilər. Bununla da onlar aristokratik düşüncəyə ciddi zərbə vurmuş və demokratik düşüncənin əsasını qoydular.

Sofitslərdən Protogaros dövlət biliyinin bəlli bir qrupda deyil bütün vətəndaşlarda olmasının vacibliyini bildirir, Antiphon aristokrat – avam ayrı-seçkiliyinə qarşı çıxır, hər kəsin doğuşdan bərabər olduğu iddiasını irəli sürür. Alkidamas isə “Tanrı hər kəsə azadlıq verib, təbiət heç kimi qul etməyib” fikri ilə sahibkar-qul anlayışına etiraz edir. Sofistlərin düşüncəsində ən əhəmiyyətli iki nüans vurğulanır:

  1. İnsan ən önəmli məqsəddir. İnsanın məqsədləri üçün dövlət sərhədlənə bilər.
  2. İnsanlar bərabər və azaddırlar. Onlar arasında ayrı-seçkilik etmək düzgün deyil.

İnsan hüquqlarını əhatə edən bu iki nüans Yunanıstanda artıq oturuşmuş həyat tərzinə təhdid idi və nifrətlə qarşılanaraq tənqidlərə məruz qaldı. Sofistlərin sarsıtdığı dövlət nüfuzunu bərpa emək üçün yeni cərəyanlar yaranmağa başladı. Bu cərəyanların ən görkəmli nümayəndələri Aristotel, Platon və Sokrat idi.

Sokrat üçün əsas dəyər polisdir (şəhər-dövlət mənasında işlədilir. Burada xalqın siyasi və ictimai cəhətdən təşkilatlanmış hissəsi mənasını verir). Ətrafdakı ədalətsizliklərlə mübarizə aparılarkən polisə ziyan gəlməməli, etdikləri ədalətsiz olsa da əməl olunmalıdır.

Platon isə cəmiyyəti üç sinifə – idarəedənlər, işçilər və döyüşçülərə ayırır. İşçilər istehsal etməli, döyüşçülər cəmiyyəti qorumalı, ən üstdə yer alan idarəçilər isə cəmiyyəti idarə etməlidir. Platona görə hər sinfin vəzifəsi və hüquqları bəllidir və məlum sərhədlərdən kənara çıxmamalıdırlar. O hesab edir ki, “adil” olan “dövlətin mənfəətinə uyğun olandır”. Eləcə də, Aristotel də Platon kimi fərdlə müqaisədə dövlətə üstünlük vermiş, bütünü hissədən əhəmiyyətli hesab etmişdir.

Orta əsrlərdə insan hüquqları

Orta əsrlərdə dövlətin hüquqlarını sərhədləyən və fərdi dövlət qarşısında güclü edən iki məqam – xristianlıq feodalizm vardı.

Siyasi və dini nüfuzu bir-birindən ayıran xristianlıq insan vicdanını dövlətin hökmranlığı və təhkimçiliyindən qoruyurdu. O, insan şəxsiyyətinə dəyər qazandırdı. Tanrının bənzəri olaraq yaradıldığı üçün şərəfə sahib olduğunu və bunun üçün də bəzi haqlara sahib olduğu fikrini ortaya qoydu.

Feodalizmdə isə nüfuz və hökmranlığa sahib mərkəzi hakimiyyətin olmaması mütləq və sərhədsiz iqtidarın olmasının qarşısını alırdı. Burda hakim yox idi və idarəçilik müqavilə əsasında baş tuturdu.

Yeni dövrdə insan hüquqları

Orta əsrlərdə insan hüquqları haqda fikirlər Qədim dövrə nisbətən inkişaf etsə də onun müasir mənada inkişafı Yeni dövrlə bağlıdır. John Lockenin bu sahədə rolu danılmazdır. Onun müəllifi olduğu ictimai müqaviləyə əsasən siyasi cəmiyyətdə insanların mühakimə olunması və cəzalandırılması hüququ topluma verilir. İnsanlar cəmiyyət hüquqlarını, onları həyata keçirəcək iqtidar müəyyənləşdirir və insanlar arasında anlaşılmazlıq yarandığı təqdirdə iqtidar həmin qanunlar çərçivəsində münaqişələri həll edir. İqtidar cəmiyyət üzvlərinin daxili və xarici təhlükəsizliyini təmin etməli, mülk və azadlıqlarını qorumalı və bütün səlahiyyətini xalqın xeyri üçün istifadə etməlidir. İqtidar bunlara əməl etdiyi müddətcə qanunidir və xalq ona tabe ola bilər. Səlahiyyətlərdən sui-istifadə olduğu, vəzifələrinin yerinə yetirilmədiyi halda isə xalqın ona müqavimət göstərmək hüququ vardır.

Qaynaq: Bu məqalə “İnsan Hakları ve Demokratikleşme Süreci” kitabının (unite 1, Anadolu Üniversitesi Yayınları) xülasəsidir.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq