İnsan azadlığı necə qazanmalı…

Murad Nəsibbəyli

Azadlıq nədir? Nədəndir?

İnsanlar heç də BMT-nin insan hüquqları haqqında bəyannaməsinin birinci maddəsində deyildiyi kimi azad doğulmurlar. Azadlıq güc ilə bağlıdır. Dəyişdirmək və ya yaratmaq gücü olan azaddır. Nə qədər çox dəyişdirmək gücün varsa, o qədər də azad ol bilərsən. Azadlığı təcürbə etmək/yaşamaq dəyişdirmək və ya yaratmaqdır. Dəyişdirib və ya yaratmağın verdiyi həzz kimi gözəl bir şey yoxdur. Nə qədər çox imkanların (əqli və maddi resurslar , əlaqələrin, fərqli kimliklərin, səhətin və yerləşdiyin coğrafi məkanın sənə verdiyi üstünlüklər, fiziki qabiliyyət) varsa, o qədər çox dəyişdirə və ya yarada bilərsən.

İnsanlar doğularkən fərqli şərtlər içinə doğulurlar və fərqli imkanlara, beləliklə də, fərqli dərəcədə azadlığa sahib olurlar. Azadlıq barəsində danışarkən ən vacib olan məsələ “Nədən Azadlıq?” sualıdır. Birinci cavab belədir: istədiklərini edə bilmək üçün hər mənada (təbii, sosial, iqtisadi, v.s.) ətraf mühitin qoyduqları məhduddiyyətlərdən azadlıq. Əslində bunu məhdudiyyət də adlandırmaq olmaz. İstəkləri həyata keçirə bilmək üçün bazarda olduğu kimi əvəzini ödəməlisən. Yəni, azadlığın bədəlini ödəməlisən. Məhdudiyyət deyiləndə, bu bədəl nəzərdə tutulur. Yəni, azadlıq havayi deyil. Onu da qeyd etmək lazımdır ki, ətraf mühit yalnız məhdudiyyətlərdən ibarət deyil. Ətraf mühit həm də imkanlardır. Aşağı təhsilli, az gəzmiş, az görmüş və ya az bilən birinin istəkləri ilə yüksək təhsilli, çox gəzmiş, çox görmüş və ya çox bilən birinin (bu cür təsvir çox nisbidir) istəkləri fərqlidir. Qısası, ikinci azadlıq öyrənməyin verdiyi azadlıqdır və ya başqa sözlə, bilməməkdən – cahillikdən azadlıq. İkincidən azadlığın artıqca istəklərin də və beləcə də, ödəyəcəyin bədəl, həmçinin imkanların, qazandıqların və qazana biləcəklərin də artır. Nəticədə, azadlığı fərqli müstəvidə və fərqli miqyasda təcrübə edirsən/yaşayırsan. Bu son qeyd edilən fikirdə fərqli miqyas ifadəsi də çox mübahisəlidir. Təcrübə edilən – yaşanılan azadlığı necə müqayisə etmək olar?
Üçüncü. İnsanların azadlığı həm də mənalar dünyasındadır. İnsanlar doğularkən cəmiyyətlərin onlardan əvvəl yaratdıqları mənalar dünyasının içinə doğulurlar. İnsanlar müşahidəyə başladıqları andan (dünyaya gəldiklər ilk saniyədən) ömürlərinin sonuna qədər fərqinə vararaq və ya varmayaraq, istəyərək və ya istəməyərək ətraf dünyanı öyrənirlər. İnsanın içində doğulduqları mənalar dünyasından olan azadlığı onun öyrənməyə başladığı andan kiçilməyə başlayır. Biz gözümüzü açıb görürük ki, bu hərəkətlərə bu mənalar verilir və onları da olduğu kimi qəbul edirik. Bu da bizim dəyərlər sistemimizi, metalitetimizi təşkil edir. Biz özümüz bu mənaları yaratmırıq. Amma bu mənaları daima yaradan və yenidən yaradan sistemin bir parçasıyıq. İstəsək, dəyişə bilərik.
Digər bir məsələ insanın özü-özündən azadlığıdır. Bu mövzu barəsində heç nə deyə bilməyəcəyəm, təəssüf ki. Və ya az həcmdə deyə biləcəklərimi də özümə saxlayıram.

Azadlıq necə qazanılmalı
Yuxarıda deyilənlərə əsaslanıb demək olar ki, azad yaşamaq üçün imkanlara sahib olmalısan. Daha çox azad olmaq üçün imkanlarını artırmalısan. Ən bəsit halda izah etdikdə, (i) daha çox pul, fərqli kimliklər, əlaqələr, yaşayış yeri v. s. qazanmalısan və sağlam olmalısan, (ii) daha çox öyrənməlisən, (iii) hərəkətlərə özünün məntiqli hesab etdiyin mənaları verməlisən. Bu yerə qədər hər şey bəsit görünə bilər. Məsələni qəlizləşdirən insanın özünün özündən azadlığıdır. Bu çox zaman digərlərindən azad olmağını məhdudlaşdıra bilər. Bu dörd sahənin dördündə də azadlığını artırmağa çalışmaq bu dünyanın ən çətin məsələsidir. İmkanlarını hər hansı birində azadlığının artırılmasına daha çox sərf etsən, məcburən digərlərində bu sərfiyyat azalacaq. Amma onu da qeyd etmək lazımdır ki, birində azadlığının artması da, digərində artırmaq üçün fərqli imkanlar yarada bilər/yaradır.
İnsanların bu “dörd”dən (ətraf mühitin qoyduqları məhduddiyyətlərdən azadlıq; bilməməkdən – cahillikdən azadlıq; mənalar dünyasından azadlıq; İnsanın özü özündən azadlığı) müxtəlif dərədəcə azaddırlar. Azadlığın fərqinə vararaq və ya varmayaraq, istəyərək və ya istəməyərək. Hər kəs hansısa dərəcədə azaddır. azaddır. Azadlıq dəyişdirmək və ya yaratmaq üçün istifadə edilmirsə, mənasızdır və onun olması onun var olduğunu bilməyin verdiyi həzzdən başqa çox az şey verə bilər. Bu isə başqalarının sənin dəyişdirmək və ya yarada bilmək imkanına sahib olduğunu bildikləri və bunu istifadə edəcəyinə ehtimal verdikləri üçün sənə verdikləri ola bilər. İnsanlar fərqli imkanlarla doğulur. İmkanları artırmaq üçün çalışmaq lazımdır. Fərd üçün vacib olan sual: Daima dəyişən imkanlarımı hansına nə qədər sərf etməliyəm?

Sosial Media da Paylaşaq