İnkişaf üçün müxalifət və müstəqil düşərgə dəyişikliyə özündən başlamalıdır…

Murad Nəsibbəyli

Vətəndaş cəmiyyəti və siyasi sistemi zəif inkişaf etmiş ölkələrin xüsusiyyətlərindən biri də siyasi gündəmdə real – hökumətin hər hansı bir sahədə apardığı və ya aparmalı olduğu siyasət ilə bağlı deyil, populist, daha çox qısa müddətdə ictimaiyyətin diqqətini çəkəcək, real siyasətdə heç bir və ya çox az nəticəsi olacaq məsələlərin müzakirəsi əsas yer tutur. Əksər hallarda bu cür diskussiyaların daha çox əhəmiyyət daşıdığı hesab olunur. Bunun səbəbini cəmiyyətin siyasi təcrübəsinin az olmasında, siyasi partiyaların və vətəndaş cəmiyyəti qurumlarının zəif inkişaf etməsində görmək olar. Qeyri-demokratik idarəçilik isə ən başlıca səbəblərdən, əgər birincisi deyilsə, biridir.

Oxşar vəziyyəti ölkəmizdə də müşahidə etmək olar. Müxalifət və müstəqil düşərgənin gündəmini, əksərən, populist məsələlər təşkil edir. Bu xüsusilə, klassik müxalifətə aiddir. Bunun səbəbi isə sadədir. Xalq Azadlıq Hərəkatından çıxan müxalifət nümayəndələrinin siyasi fəaliyyət üsulunda hərəkatın nostalji izləri qalmışdır. Klassik müxalifət hələ də siyasi partiyadan daha çox siyasi hərəkat xarakteri daşıyır.

Hökumətin sosial, iqtisadi, xarici siyasət, idarəçilik və s. sahədə siyasətləri çox az hallarda müxalifət və ya müstəqil düşərgənin müzakirə mövzusu olur. Ən yaxşı halda kiçik məsələlər və ya ümumi şəkildə hökumətin hər hansı bir siyasəti gündəmə gətirilir. Vurğu əsasən korrupsiya, insan hüquqlarının pozulması və qeyri-demokratik idarəçiliyə edilir. Heç bir siyasi partiya və ya digərləri hər addımda vurğuladığı, özünun məsələlərə münasibətində əks etdirdiyi siyasi ideologiya əsasında mübarizə aparmır. Halbuki, siyasi mübarizə yalnız populist çıxışlar və onların gətirəcəyi hərəkatlanmadan ibarət deyildir. Siyasi ambissiyası olan qüvvə öz siyasətini hökumətin müxtəlif sahələrdəki siyasətlərinin müzakirəsi – vəziyyətin təhlili və özünün alternativ siyasətlərinin təklifi üzərində qurmalıdır. Bu zaman təklif olunan bütün alternativ siyasətlər həmin qüvvənin siyasi ideologiyasını təşkil edən vahid bir dünya görüşünə əsaslanmalıdır. Bəzən siyasi ideologiyalar siyasi qüvvənin hansısa bir  sahədəki siyasət üzərində konsentrasiya olmasına gətirib çıxarır. Məsələn, sosial siyasətin müxtəlif sahələri sosial demokratlar üçün əsas konsentrasiya sahələri olduğu halda, millətçilər üçün bu belə olmaya bilər.  Bütün bunları bizə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir.

Siyasət sahələri üzərindən aparılan siyasət siyasi partiyaları daha da gücləndirir. Müxtəlif siyasət sahələrindəki vəziyyət ilə bağlı mütəmadi hesabatlar və hesabatlara müvafiq alternativ siyasət təklifləri edən siyasi qüvvələr daha çox uğur qazanır. Bunun səbəbi sadədir. İnsanların istəklərinə cavab vermək və ya insanların istədiyini demək. Bu ən kiçik məsələdən ən böyük məsələyə qədər dəyişə bilər. İctimai problem anlayışı da bizə bunu deyir: insanlar yalnız  hər hansı bir vəziyyətin onların arzu etdikləri həyat keyfiyyəti və dəyərlərini təhdid etdiyini düşündüyü halda sosial problem  mövcud olur. Buna görə də insanların nə düşündüyünü bilmədən və onların düşündüklərinə müvafiq siyasət yürütmədən ictimai problemlərin həll olunması mümkün deyildir. İnsanların mövcud olduğunu hesab etdikləri ictimai problemlər haqqında nə düşünmələri  müəyyən bir  həll variantının təklif olunmasının müəyyən edilməsi üçün əsas şərtdir.

Bu cür siyasi mübarizə nəticəsində ölkədə siyasət yürütmə prosesi və müxtəlif sahələrdə aparılan siyasətlər, ümumilikdə, cəmiyyətin siyasi təcrübəsi daha da təkmilləşir. Daha çox demokratikləşmə və inkişaf gətirir, insanlara hökumətin siyasətini müqayisə ilə dəyərləndirməyə imkan yaradır, hökumət isə öz siyasətini təkmilləşdirmək üçün alternativ informasiya və təhlil mənbəyinə sahib olur. Bu cür siyasi mübarizə bütün ölkənin xeyri üçündür.

Bütün bunları nəzərə alaraq aşağıdakı iki nəticəyə gəlmək olar:

Müxalifət və müstəqil düşərgə müzakirələrini daha çox hökumətin konkret səhələrdəki siyasətləri üzərində qurmalıdır. Mütəmadi vəziyyətin təhlili hesabatları və müvafiq alternativ siyasət təklifləri verilməlidir. Gündəmdə əsas yer müxtəlif siyasət sahələri ilə bağlı edilən müzakirələrə verilməlidir. Həmçinin, ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə də yaxından əməkdaşlıq edilməli, onların dərc etdikləri hesabat və siyasətlə bağlı təkliflərindən yararlanılmalıdır. Əsas diqqət sosial siyasətin beş klassik sahəsinə (təhsil, səhiyyə, sosial təminatlar, iş, mənsil təminatı) və iqtisadi siyasətə yönəldilməlidir. Ən vacibi isə bu cür hesabat və siyasət təkliflərinin hazırlanması zamanı qərəzsiz yanaşılmalı, məqsəd hökuməti hədəf almaq olmamalıdır. Əgər bu belə olarsa, etibarlılıq aşağı düşər və mahiyyət itər..

İqtidar isə bunu özünə bir təhlükə kimi görməməli, demokratik inkişaf çərçivəsində qiymətləndirməlidir. Çünki demokratiya üçün vacib olduğu kimi, hökumət üçün də alternativ informasiya və təhlil mənbələri lazımdır və bu zaman müxalifət tərəfindən hazırlanan hesabatlar və təkliflər yaxşı alternativ mənbəyi ola bilər. Bir çox Avropa ölkələrində və Şimali Amerikada bu məqsədlə siyasi partiyalara dövlət büdcəsindən vəsait ayrılır. Vaxtilə, Böyük Britaniya kraliçasının xəzinədarı olmuş Douglas Wass qeyd edirdi ki, demokratiya üçün vacib olan hökumətin yeganə informasiya və təhlil mənbəyi olmamasıdır. İnkişaf üçün bu dəyişikliyə gedilməlidir.

Siyasətin normallaşması adlandıra biləcəyimiz bu prosesin ölkədə demokratiyanin inkişafına verə biləcəyi başqa bir töhfə də var. Hökumətin siyasət yanaşması yuxarıdan aşağıya – siyasətçilərin, maraqların və ən yaxşı halda ekspertlərin diqtə etdiyi yanaşmadır. Ehtiyacların öyrənilməsi və prioritetləşdirilməsi, siyasət üçün tədqiqat bizim ölkədəki siyasət-yürütməyə uzaq anlayışlardır. Müxalifətin və müstəqil düşərigənin üzərinə düşən irəli sürəcəkləri siyasət təkliflərində bu əksikliyi tamamlamaq – ehtiyaclar (ekspert və insanların özlərinin gördükləri ehtiyaclar) və insanların öz vəziyyətləri haqqında düşüncələri əsasında təkliflər verməkdir. Bu hökuməti də adekvat şəkildə addımlar atmağa təşviq edəcək.

Engineering a better Azerbaijan!

Sosial Media da Paylaşaq