İnanclılara səslənirəm

Rza Kazımov

İslam dinin səmavi kitabı olan Quranda insanın yaradılışı ilə bağlı qeyd olunanlardan yəqin ki hamınızın xəbəri var. “Ələq” (laxtalanmış qan) sürəsində gedən məlumatların əslində bir möcüzə olduğunu iddia edən müsəlman alimləri çox sonralar embriologiya elminin köməkliyi ilə həqiqətə yaxın yozumlar verdilər.

Keçək mətləbə. İnanc özü ilə elm gətirdimi?! İnanc özü ilə ədalətli tibbi qayğı sistemi gətirdimi. Əlbəttə xeyir, inanc hələ bilik və elm demək deyil. Siz nə qədər Quranı əzbərləyin, ərəbcəsini xətm edib hafizi-quran olun, yenə də siz aşağıdakı faktı dəyişə bilməyəcəksiniz?!

Azərbaycanda hər min nəfər doğulan uşaqdan 29-u vəfat edir[i]

Qeyri-rəsmi statistikaya əsasən bu rəqəm üç dəfə çoxdur

Biz bu rəqəmi yalnız elmə sahiblənməklə azalda bilərik. Tibbi sistemi rüşvət və kaşı kimi buz biganəlikdən təmizləməyin yeganə yolu da tətbiqi elmləri dərindən mənimsəyib mübarizə aparmaqdır. AZTV-nin hikkəsindən uzaq Almaniyada eyni göstərici 4-ə bərabərdir. Onlar protestant və ya lüteran olduqları üçünmü cəmiyyəti dəfələrlə sağlam tibbi xidmət ilə təmin edirlər, xeyir əlbəttə şəffaf, dünyəvi dəyərlərlə dolu təhsilə müraciət etdikləri üçün.

Quranda dünyanın yaradılışı, dağların yaradılması, göyün qatları və nələr nələr haqqında möcüzəli yozumları gecə-gündüz əzbərləməklə aşağıdakı dəhşətli faktı dəyişmək olacaqmı?!

Azərbaycanda hər 100.000 avto qəzada 147 nəfər həlak olur, 2009[ii]

Bu göstərici 2010-cü ildə 965, 2011-ci ildə 1016 nəfərə çatıb

Əlbəttə dəyişmək olmayacaq. AZTV ritorikasına bir daha müraciət edək, Almaniyada hər 100.00 avtomobil qəzasında cəmi 7 nəfər vəfat edir. Bəs onlar bu nəticəyə necə gəldilər, onların da iki gözü və döyünən ürəkləri var. “Spirtli qanları ilə, inancsız kimlikləri” ilə yol etikasına, infrastrukturuna yiyə durdular, biz öyündüyümüz imanımızla 10 ildir İpək yolunu tikib bitirə bilmədik. Səbəb elmdən uzaq düşüb, dumanlı müxənnəs fikirlərimiz ilə özümüzə qapılmağımızdır. Səbəb rüşvətxorluğa səcdə edib, sükutumuzu nəfəsimizə çəkməyimizdir.

Qeyri Döyüş itkiləri: 2011-ci ildə 88 nəfər olub, 2012-ci ilin sentyabr ayına qədər artıq 55 nəfər qeyri-döyüş itkisi qeydə alınıb[iii]

Sizcə Quranın yeni möcüzələrini aşkarlasaz bu rəqəm düşəcəkmi, sıfıra enəcəkmi. Əsla, tam əksinə siz vaxtınızı eqoistcəsinə xərclədikcə, monotonluq ilə beyninizi axtaladıqca bu itkilərin sayı o qədər artacaq ki, sizlərin tanıdıqlarınızı, dostlarınızı də udacaq. Necəki mənimkiləri uddu.

İbadət elmdə, doğruya tələbkarlıqda, ədalətə sahib çıxmaqdadır. Allah ibadətinizi qəbul etsin.


mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.