Hermann Hesse, Yalquzağın məhvi və Dahiliyə xəyanət

Xəyyam Namazov

Hermann Hesse öz “Yalquzağ”ı haqda belə deyirdi:

“Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəti xəstəlikdən, böh­randan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”.

Ümumiləşdirsək…

Kitabı maraqlı edən nüanslardan biri onun həm də avto-bioqrafik olmalısıdır. Əsər 47 yaşlı, demək olar ki həyatdan, cəmiyyətdən qopmuş, dövrün bəsit həyat tərzləri ilə heç cür razılaşa bilməyən Harri Hallerin ruhi axtarışları, çırpınışları haqqındadır. Harri müxtəlif qəzetlərdə siyasi səbatsızlığı və məsuliyyətsiliyi tənqdin edən, öz ailəsini, işini, evini tərk etmiş, itirmiş və yalnızlığı seçən bir ziyalıdır. Elə bunların nəticəsidir ki, Harri özünün iki kimliyi oduğuna – bir tərəfdən insanlardan uzaq yaşayan və təpəm tək dolaşan “Yalquzaq”, digər tərəfdə isə digərlərinə qaynayıb qarışmaq istəyən, mədəniyyət və sevgi axtarışında olan bir insana – inanır. Və ruhundakı bu çaxnaşmaların nəticəsi olaraq Harri intihar etmək istəyir və əsər onun şəxsiyyətinin haçalanması və daxili konfliktologiyası üzərinə yazılmış möhtəşəm bir iç-monoloq, psixoloji portretdir.

Hermann Hesse (1877-1962)
Hermann Hesse (1877-1962)

Bəzi hisslər haqqında…

İnanmıram ki, içində bir az da olsa yalnızlıqçiləcilik hissi olmayan, dahilik iddiasına az da olsa qapılmamış bir insan bu kitabdan həzz ala bilsin. Yəqin ki, dediklərimi dadmamışlar üçün bu kitabın hər cümləsi, hər sətri cansıxıcı, mənasız söz yığınından başqa bir şey olmayacaq. Bu günə qədər bu kitab haqqında bir çox tənqidlər, fərqli mənalandırmalar olub və yəqin ki də, hər bir tənqidçi əsərə özündən bir şeylər qatıb, onun məna yükünü daha daha zənginləşdirib.

Əsərin ana mövusu olan yalnızlıqdan danışaq bir az. Kitabın adının da yalnız dolaşan bir canvar (Yalquzaq) qoyulması, yazarın bu hiss üzərində xüsusi durmaq istədiyini göstərib. Bəli, hiss, bir insanın yalnız olmasını deyil, yalnızlığı necə hiss etdiyini. Elə bu hiss idi ki, Herrini həqiqətdə yalquzağa çevirdi və onun addım-addım hər şeydən uzaqlaşmasına səbəb oldu. Bəs Hessenin yalnızlığı nədir? Həyat tərzi, həyata baxış, insanları, cəmiyyəti, hadisələri analiz etmə şəkli… Hesse yalnızlığı bir ideologiya kimi təsvir edib sanki. Və hər şeyi bu insan sisteminə uyğun tənqid edir, pisləyir və dəyərləndirir. Hadisələrin, tarixi şəxsiyyətlərin otantikliyindən, təbiiliyindən qopmuş insanlara üsyan edir, bəsit hesab etdiyi həyat tərzlərini tənqid atəşinə tutur, bir sözlə bu insan fərqli düşüncə sistemi içərisində yaşayır və yaxud ideollarla yaşayır. Bəs Herri bu hala niyə gəlib? Özü belə deyir:

“«Adamların çoxu öyrənənə kimi üzmək istəmir». Gülməli deyil? Əlbəttə, üzmək istəmirlər! Axı onlar suyun yox, torpağın üstündə yaşamaq üçün yaranıblar. Əlbəttə, bu haqda heç düşünmək də istəmirlər. Axı onlar bu dünyaya düşünmək üçün deyil, yaşamaq üçün gəliblər! Bəli, kim düşünürsə və ya düşünməyi əsas vəzifə hesab eləyirsə, bu sahədə bir az uzağa gedə bilər, lakin xəbəri olmaz ki, su ilə qurunu qarışdırıb, nə vaxtsa boğulacaq…”

Bir sözlə Herrinin yalnızlığı, düşünən insan yalnızlığıdır və yəqin ki, belə insanların cəmiyyətdə sayı kifayət qədər az olur. Reallıqdan qopmuş, ideyalarla kifayətlənməyi bacaran insanlar… Kim ola bunlar? Bəli, dahilər, Herri bir dahi idimi?…

Hər bir dahinin xəstəliyi, Dahilik Sindiromu…

Burada ifadə elədiyim “Dahililik sindiromu”nu Azərbaycan publisistikasında və yeni nəsil ədəbiyyatında istifadə edilən və lağ atəşinə tutlan “dahilik sindiromu” anlayışı ilə qarışdırmayın əsla. Özündən razılıq, bəsit xüdbinlik; özünü digərlərindən ağıllı hesab etmə, amma sadəcə informasiya çoxluğuna əsaslanan bir üstünlük, düşüncə genişliyi deyil əsla; məsləhət verməkdən özünü saxlaya bilməyən, öndə olma, eşidilmək ehtirası; tənqid xətrinə tənqid edən, dahi görünmək yanğısı; bir az özündə “qlamurluğu” daşımaq, reallıqdan tam da ayrıla bilməmək yəni; bir az “şah-şöhrət ehtirası”, amma dahilərdəki kimi ölməzlik deyil, sadəcə ətrafına populyar olmaq qədər bəsit bir istək; bir az da  “yarımçıqlıq” hissi, bəsit şəkildə, dahilərdəki qədər dərin çaxnaşmalı deyil…

Bəli, xanımlar və cənablar, izah etmək istədiyim dahilik (sindiromu) bir az fərqlidir, orada Nitşe çiləciliyi var, yalnızlıqla özünə zülm vermək. Bir az Kant idealizmi var, reallıqla əsla barışmamaq, sadəcə ideyalarda yaşaya bilmə cəsarəti, fərqli bir yalnızlıq şəkli bu da. Bir az de Sad üsyanı, inadı və xüdbinliyi var. Qlamurluq? yaradılış olaraq qarşıdır buna; Yarımçıqlıq? Amma daha fərqli bir səpkidə, bütün cəmiyyətdən qopmuşluqdan yaranır bu natamamlıq. Yalnızlıq? Bu isə yaşayış biçimidir, bütün reallıqlardan imtina edəcək qədər güclü olmaq və ya reallıqla yaşaya bilməyəcək qədər zəif və sentimental…

Hər bir dahi, bu dahilik sindiromuna mütləq düşür, bu çiləçiliyi mütləq yaşayır, bu dəlilik zirvəsinə mütləq çatır. Və Herri də bütün bu dahizmin bir simvoludur. Ən azından mən belə oxudum onu. Amma Hesse bu dahiliyə lağ edir sanki. Bu uyumuşluq və yatmışlıq vəziyyətindən ayıltmaq istəyir onları. Ən azından böyük bir şillə çəkir onlara, oyanan dahi olmayacaq, yarı yolda qalacaq, realizm alovuna düşəcək, amma yuxuya davam edənlər, bəli o insanlar isə şərtlər uyğun olsa, bəlkə ölməzlik zirvəsinə ucaldılar.

Son olaraq…

Bu əsər, elə incə bir hissin açılışıdır ki, bəzən düşünürəm, yazar bu əsəri yazarkən heç bu mənaları bəlkə də düşünməyib. Amma hiss etməyib demək deyil bu. O, bu hisslərin içində yazıb. Əsərlərində oxucusunu psixoloji olqunluğa çatdırmaq hissi hər zaman var Hessedə, Hesse didaktizmi dahilikdən bəhs edə bilməzdi yəqin ki… Sadəcə insanları intihardan və yarımçıqlıqdan qurtarma niyyəti.

Belə görünür ki, dahiliklə ölüm arasındakı xətt o qədər incədir ki, bəzən harada nə olduğunu unuda bilir insan. Yazarın da dediyi kimi, “Bəli, kim düşünürsə və ya düşünməyi əsas vəzifə hesab eləyirsə, bu sahədə bir az uzağa gedə bilər, lakin xəbəri olmaz ki, su ilə qurunu qarışdırıb, nə vaxtsa boğulacaq…” Bəllidir ki, Hesse bu əsəri sular içinə qərq olunmuş şəkildə yazıb və əsər  boğulan birisinin quruya çıxma çabasıdır. Normal insanlar üçün möhtəşəm bir didaktika, amma dahiliyə isə bir xəyanətdir, o boğulmalı idi!

Qeyd: “Yalquzaq” əsərini Azərbaycan dilində oxudum, kiçik iradlarım olsa da, son zamanlarda ana dildə oxuduğum və həzz aldığım ən yaxşı əsərlərdən biri idi. Tərcüməçini alqışlayıram.

Qaynaq: Hermann Hesse, “Yalquzaq”, Almancadan tərcümə: Vilayət Hacıyev,
Şeirlərin tərcüməsi: Eldar Quliyev, ISBN 978-9952-26-527-9, 208 səhifə, Qanun Nəşriyyatı, 2013.

Sosial Media da Paylaşaq