Hər Şey Sizinlə Gözəl

Nisə Hacıyeva. Bu yazını Yeni Təhsil Təşəbbüskarlarına  həsr etmək istəyirəm. Daha doğrusu YTT ailəsinə. Bizimlə real, virtual  bu ideyanı paylaşıb, bizə yaxından və ya uzaqdan dəstək olanlara. Bu təşəbbüsü  həyatlarının mənasına çevirənlərə. Bizim üçün bu təşəbbüs bizim həyat tərzimiz, bizim ümidlərimiz oldu. Bəlkə işlərimiz böyük deyil, çünki məqsədimiz də böyük işlər etmək olmayıb. Kiçik işlərlə böyük dəyişikliklər istəmişik.

Biz təşkilat olmaq istəmədik. Biz sadəcə həyatımızın ən önəmli yerini tutan təhsilimizi  dəyişmək üçün təşəbbüs göstərən bütün insanları bir yerə toplayıb xəyallarımızı doğrultmaq istədik. Hər birimiz xaricdə qalıb işləyib daha rahat daha yaxşı həyat tərzi sürə bilərdi, hələ də bilərik. Amma mənə elə gəlir ki, biz rahat həyat üçün doğulmamışıq. Bizi cəmləşdirən xüsusiyyətlərdən biri bizim həyatdan istəyimizdir. Biz bir dəfə yaşadığımız həyatı özümüzə həsr edə bilərik. Bunu etmək üçün də haqqımız var.  Amma bunu edə bilmirik. Bu həyatı başqalarına həsr edib, həyatımıza daha çox məna verib, daha çox maraq qatıb yaşamağı seçdik biz. Bəlkə ona görə bugün biz burdayıq.

Bəzən iş müzakirələrimiz, layihələrimizin müzakirəsi zamanı stol arxasında oturan dostlarıma baxıb istər-istəməz fikrə dalıram: “Niyə? Niyə onlar bunu edir? Niyə mən bunu edirəm? Niyə heç bir maddi qarşılıq olmadan, şöhrət qazanmaq istəyi olmadan biz bunu edirik? Niyə Biz?” Bəlkə bizim bu ölkəyə qarşı cavabdehlik hissimiz daha yüksəkdi. Bəlkdə sadəcə biz mübarizə etməyi sevirik? Bəlkə təhsili həyatın ən önəmli hissəsi sayırıq. Bəlkə “öyrənmək” həyatımızın ən böyük mənasıdır.  Bəlkə bizdən sonra gələn nəsillər bizə sual verəndə onlara cavab verəcək bir sözümüz olsun deyə. Bəlkə sabah başqa bir ölkədə bizdən “haralısan?” deyə sual verəndə onlara “Sarı gəlin, paxlava şekərbura, neft qaz ölkəsindən” yox “Filan alimin, filan icadın, nobel mükafatına laiq görülmüş filankəsin, vətənindən gəlmişik” demək istədiyimiz üçün.  Bəlkə sadəcə bunu sevdiyimiz üçün, mənəvi  zövq aldığımız üçün. Cavabı bilmirəm. Bəlkə də  cavab bunlar hamısıdı.

Cavab nə olursa olsun, sədəcə demək istəyirəm ki, yaxşı ki varsınız. Hər şey sizinlə gözəl. Bu yolda sizinlə getmək. Bəlkə olmayacaq arzuların dalınca qaçmaq belə sizinlə gözəl. Yeni İldə yeni layihələr, yeni ideyalar arzusu ilə… təşəkkürlər YTT.

P.S. Həmrəylik gününüz də mübarək. Amma çalışın həmrəy olmayın. Həmfikir də olmayın. Müxtəlif fikirli olun ki, bir-binizlə paylaşacaq, bir-birinizdən öyrənəcək nə isə olsun. Fərqli olun. Özünüz olun.

Hər şey səninlə gözəl

Sosial Media da Paylaşaq