Fəxr edirik ki, hamı kimiyik

Mehdi Axundov

Elə bir cəmiyyətdə yaşayırıq ki, bəzi məsələlərdə düşünmədən və sorğulamadan “hamı”laşırıq. Cəmiyyətimizin böyük əksəriyyətini şablon düşüncəli fərdlər təşkil edir. Burda elə bir ciddi qəlibləşmə var ki, qəlibdən kənar olan istənilən fərd sıxışdırılıb rədd edilir. Bununla mübarizə aparmağa gücü çatmayanlar hamılaşmaqdan başqa bir yol görmür. Nəticədə biz hamılaşırıq. Məsələn, biz bəzi şəxslərlə və hadisələrlə sorğusuz-sualsız fəxr etməliyik. Amma niyəsi barədə çox da vaxt sərf etmirik. Ailədən başlayaraq məktəb həyatı boyunca bizə bəzi ənənələr təbliğ olunur. Məsələn, biz Babək və Koroğlu ilə fəxr etməliyik. Maraqlısı burasıdır ki, həmişə adları yanaşı çəkilən bu iki şəxs klassik Azərbaycan qəhrəmanları hesab olunur. Təbii ki, fəxr etməyimizin zəruri olduğu müasir dövr qəhrəmanlarımız da var, Mübariz İbrahimov, Ramil Səfərov kimi. Onların əslində nə etmiş və nə etməmiş olmaları elə də mühüm deyil. Bəzən onların heç birinin konkret nəyə görə qəhrıman hesab olunduqlarını belə bilmirik. Önəmli deyil, əsas odur ki, biz fəxr etməliyik.

Bəzən bu fəxr etmə o həddə çatır ki, artıq bir növ ibadətə çevrilir. Heç bir gənc isə fəxr etmək felinin leksik mənası ilə maraqlanmır. Bizdən asılı olmadan baş verən hansısa hadisəyə və ya bizdən asılı olmadan hansısa nailiyyət qazanmış şəxsə görə fəxr etmək nə dərəcədə məntiqə uyğundur? Babək bizdən əvvəl doğulub-yaşayıb. Biz isə nə Babəkin ideologiyalarını mənimsəməsinə təsir etmişik, nə tərbiyəsini bizdən alıb, nə də ona hansısa məsləhətlər verib istiqamətləndirmişik. Ümumiyyətlə onun etdiyi heç bir işdə bizim heç birimizin ən kiçik bir rolu belə yoxdur. Bu halda Babəklə fəxr etmək hansı məntiqə uyğundur? Təbii ki, Babəkin əslində doğru edib etməməsini müzakirə etmirik. Bu bizə düşməz. Həddimizi aşmayaq. Sadəcə “niyə fəxr edirik?” sualını aydınlaşdırsaq məncə kifayətdir.

Fəxr etdiklərimizin siyahısı əslində kifayət qədər uzundur. Biz coğrafi cəhətdən əlverişli şəraitdə doğulduğumuz üçün fəxr edirik. 9 iqlimimizlə fəxr edirik. Biz Nizami, Füzuli, Nəsimi ilə fəxr edirik. Məhz azərbaycanlı olmağımızla fəxr edirik. Biz Şah İsmayıl Xətai ilə fəxr edirik. Biz şanlı-şərəfli tarix səhifələrimizlə fəxr edirik. Fəxr etdiklərimizin isə əksəriyyəti bizdən əvvəl baş vermiş hansısa hadisə və ya bizdən əvvəl yaşamış insanlar olur. Düzdür bəzən dəyişiklik edirik, fəxr etmə bir növ vərdiş halını aldığı üçün parklarla, fəvvarələrlə, bayraqla, torpaqla fəxr edə bilirik. Əlbəttə, bunun özü bizim istedadımızdır. Qalan hallarda isə vəzifə sahibi qohumumuzun olması ilə, yaxşı imkanlara sahib ailədə doğulmağımız ilə fəxr edirik. Etiraf edək ki bizim cəmiyyətimizdə vicdanlı şəxslər də var. Məsələn bəzi müəllimlərimiz rüşvət almamaları ilə fəxr edirlər. Sanki onlara verilmiş bir lütfdən imtina edirmiş kimi. Qəribə və gülməlidir.
Bütün bunların təməlində yatan səbəb isə bizim sorğulamaq qabiliyyətindən məhrum olmağımızdır. Biz düşünmürük. Biz hamı kimi olmağımızla da fəxr edirik. Daha doğrusu, biz fəxr edirik ki, biz hamı kimiyik. Təəssüflər, bizim üçün eyni olmaq doğru olmaqdan daha vacibdir.
mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.