Demokratiyanı necə ölçməli?

Gündəlik həyatımızda, mediada, siyasi söhbətlərdə və bir çox siyasi yazılarda ölkələrin bir-biri ilə demokratiyanın səviyyəsinə görə müqayisə edildiyi ilə qarşılaşır, “bu ölkə daha demokratikdir” və ya “bu ölkə avtoritardır, digəri isə demokratiya” kimi sözlər eşidir və ya oxuyuruq. Bəs iki ölkə və ya ölkələr qrupu demokratiya səviyyəsinə görə necə müqayisə edilir, daha açıq desək, müqayisə zamanı hansı ölçü vahidlərinə və göstəricilərə istinad edilir? Bu məqalə demokratiyanı necə ölçməli, bunun şərtləri, bunun haqqında siyasi elmlərdə mövcud olan konsepsiyalar, baxışlar və məktəblər haqqında ümumi məlumat verir.

Əsas Konsepsiyalar:

Demokratiyanın ölçülməsi demokratiya təhsili içində ən önəmli yerlərdən birinə sahib olduğu qədər, həm də mübahisə doğuran və fərqli fikirləri özündə cəmləşdirən bir sahədir. Belə ki, bir şeyi ölçdüyümüz zaman necə ki, ilk öncə onun sərhədlərini müəyyən edirik, demokratiya və demokratikləşmə prosesinin də nə olduğunə olmadığı sualı onu ölçməmişdən əvvəl cavablandırılmalıdır. Bu mənada, demokratikləşmə prosesini fərqli şəkildə təsvir edən iki əsas məktəbə baxaq:

1.        Çeşidli (sortal), Kateqoriyalı (categorical), və ya Haçalanma (dichotomous) konsepsiyası: burada demokratikləşmə prosesi bir rejimin digəri ilə əvəz olunması kimi qəbul olunur. Bu konsepsiyaya əsasən, bir sistem ya demokratikdir, ya da deyildir, az və ya çox demokratik rejim anlayışı yoxdur. Burada sistemlər çeşidlərə ayrılır və demokratiya sadəcə onlardan biri kimi qəbul edilir.

2.        Pilləli (graded, scalar) konsepsiya: burada bir sistem demokratikləşir dedikdə “çeşidli” konsepsiyanın əksinə, bir sistem başqası ilə əvəz olunur demək deyil (məsələn, avtoritar rejimdən demokratik rejimə keçmə deyil), demokratikləşmə prosesi bir siyasi rejimin zamanla və davamlı şəkildə az demokratik rejimdən, daha demokratik rejimə doğru dəyişimi (continuum stretching) kimi qəbul edilir. Belə ki, minimum demokratik institutları olan bütün rejimlər demokratiyanın fərqli dərəcələri kimi qəbul edilir.

Əsas Baxışlar:

Demokratiyaya tərif verərkən və onu ölçərkən, hansı ölçü vahidlərindən və göstəricilərdən istifadə ediləcəyi ən vacib məsələyə çevrilir. Belə ki, demokratiya nədir, və ya nə deyildir sualı üzərinə iki əsas fərqli fikir və baxış vardır:

  1. Demokratiyaya Minimalist Baxış: Burada demokratiya anlayışı sadəcə seçkilər və vətəndaşların siyasətin müxtəlif səviyyələrində öz nümayəndələrini seçməsi prosesi və bu proses zamanı açıq və şəffaf rəqabətlilik kimi başa düşülür. Belə ki, bu anlayışa görə, demokratiya bir siyasi sistemdir və bunu sadəcə sistem kimi ələ almaq lazımdır. Digər fərqli ideologiyalardan (liberalizm, sosializm, kapitalizm, insan hüquqları konsepsiyası, sosial dövlət və s) gələn anlayışları demokratiyaya aid etmək olmaz. Xüsusilə, Şmitter (C. Schmitter) və Terri Linn Karl (Terry Lynn Karl) tənqidləri bu yöndədir. Belə ki, onlar demokratiyanın bir sistem olaraq vətəndaş iştirakı və rəqabət ortamının olması anlayışları ilə ölçür və digər anlayışların ölçü zamanı istifadə olunmamasına çalışırlar. Digər ideologiyalar və konsepsiyalardan qurtulmaqla əslində demokratiyanın ÖZÜnü tapmaq cəhdidir. Aşağıdakı cədvəd minimalist baxış və tənqidlər üçün hazırlanıb:
Demokratiya siyasi bir sistemdir və aşağıdakı ölçü vahidləri var: Demokratiya aşağıdakı anlayışlar  DEYİLDİR (və ya aşağıdakılar demokratiya ilə əlaqəli olsa da demokratiyanın ÖZÜ deyil və ölçü zamanı istifadə edilməməlidir): Demokratiya üçün vacib ilkin şərtlər:
  1. Şəffaf idarə etmə və rəqabətlilik
  2. Azad və ədalətli seçkilər (vətəndaş iştirakı)
  1. Sosioiqtisadi bərabərlik
  2. Kapitalizm
  3. Kiçik dövlət
  4. Mülkiyyət haqqı
  5. İqtisadi məhsuldarlıq və böyümə
  6. Siyasi və adminstrativ məhsuldarlıq
  7. Dini azadlıq
  8. Stabillik
  9. İctimai sülh
  1. Yetkinlik yaşına çatmış bütün şəxslərin seçmə və seçilmə hüququ
  2. İctimai vəzifələrin həyata keçirilməsi hüququ
  3. Birləşmə hüququ
  4. Özünü ifadəetmə hüququ
  5. Media hüququ

Minimalist baxışı Adam Przevorskinin (Adam Przeworski) dili ilə bir cümlə şəklində belə ifadə etmək olar: “hökumət ofislərinin (icra və qanun verici orqanlar) rəqabətli seçki (ən azı birdən çox partiya və hər bir partiyanın seçilmə ehtimalının olduğu şərait) nəticəsində doldurulduğu rejim”.

  1. Demokratiyaya Maksimalist Baxış: bu baxış özlüyündə minimalist baxışa tənqid olaraq demokratiyanın sadəcə vətəndaş iştirakı və rəqabət anlayışlarından ibarət olması fikrinə qarşı çıxır. Bir insanın səs vermə hüququnun olması hələ hər şey demək deyil. Belə ki, birisi səs vermə hüququ olduğu halda müxtəlif iqtisadi, siyasi səbəblərə görə bu haqqında istifadə edə bilmir və ya etmirsə necə? Sadəcə səs vermə hüququ olması sistemin demokratiya adlandırılması üçün kifayətdirmi? Bu baxışa görə, demokratiyanı ölçdükdə təhsil səviyyəsi, iqtisadi vəziyyət, rifah halı və s kimi bir çox təsirləri nəzərə almaq lazımdır.

Bəzi Mövcud İndeksləşdirmə Sistemləri

Bütün bunlarla yanaşı demokratiyanı ölçərkən araşdırma mərkəzləri və ya institutlar konkret olaraq bir baxış və konsepsiyadan deyil, bunların qarışımından istifadə etməyə üstünlük verirlər. Belə ki, Çovanni Sartori (Giovanni Sartori – italyan siyasətşünası) tərəfindən iki proseduralı demokratiya ölçmə strategiyası hazırlanmışdır. İlk addımda, mövcud rejimin demokratik olub olmadığı müəyyənləşdirilir, daha sonra isə həm demokratik həm də qeyri-demokratik rejimlər müəyyən kriteriyalar çərçivəsində klassifikasiya edilirlər. Bütün bunlarla yanaşı demokratiya ölçümü zamanı iki, üç və daha çox ölçü vahidlərindən və göstəricilərdən istifadə edilə bilər. Bunlardan bəzilərinə baxaq.

Tədqiqatçılar:

Konsepsiya və Baxış:

Ölçü vahidləri:

Göstəricilər:

Kennet Bollen (Kenneth Bollen) Pilləli konsepsiya / maksimalist baxış
  • Siyasi Suverenlik
  • Siyasi Azadlıqlar
  • § Media azadlığı
  • § Müxalif olma azadlığı
  • § Hökumət sanksiyaları
  • § Seçkilərin ədalətliliyi
  • § İcraedici orqanların seçilməsi
  • § Qanunverici orqanların seçilməsi
Adam Prevorski (Adam Preworski) Çeşidli konsepsiya / minimalist baxış
  • Siyasi ofislərin təşkili
  • § İcraedici orqanlar üçün seçkilər
  • § Qanunverici orqan üşün seçkilər
Tatu Vanhanen Pilləli konsepsiya / minimalist baxış
  • Rəqabət
  • İştirak
  • § Kiçik partiyaların parlamentdəki yeri
  • § Seçici fəallığı
Freedom House indeksi Pilləli konsepsiya / maksimalist baxış
  • Siyasi Hüquqlar
  • Seçki prosesi
  • Siyasi plüralizm
  • İştirak
  • Vətəndaş azadlıqları
  • Özünü ifadə və inanc azadlığı
  • Birləşmə və təşkilatlanma hüququ
  • Hüquqi dövlət
  • Şəxsi azadlıq və fərdi hüquqlar
  • § İcraedici orqanlar üçün seçkilər
  • § Qanunverici orqanlar üçün seçkilər
  • § Ədalətli seçki
  • § Siyasi partiyaların plüralizmi
  • § Güclü müxalifət
  • § Xüsusi bir qrupun hakimiyyəti altında olmama
  • § Azlıqlar üçün tam siyasi hüquqlar

… və.s

 

Yuxarıda göstərilən İndeks nümunələri həm demokratiyanın çeşidli və ya pilləli konsepsiyasına görə, həm də demokratiya anlayışına minimalist və maksimalist baxışa görə fərqlilik təşkil edir. Məsələn, Freedom House-un ortaya atdığı demokratiya modeli ilə Tatu Vanhanenin demokratiyası tamamilə fərqlidir. Vanhanenin demokratiyası klassik və minimum demokratiyanı göstərirsə, Freedom House modelində demokratiya daha geniş, bir çox fərqli konsepsiyaları da (liberal dəyərlər, insan hüquqları və s) əhatə edən bir rejimdir.

Bunun üçün demokratiya indeksləri oxunduğu zaman və yaxud ölkələri bir-biri ilə demokratiya səviyyəsinə görə müqayisə etdikdə, hansı növ konsepsiyadan istifadə edildiyinə və bu sistemlərin əslində hansı göstəricilərə görə müqayisə edildiyinə baxmaq oxucu üçün hər zaman daha faydalı və dəqiq ola bilər. Amma bütün ehtimallarda, fərqli konsepsiyalar və metodologiyalar olmasına baxmayaraq demokratiyada böyük uğurları və böyük geriləmələri olan dövlətlərin müqayisəsi o qədər də çətin olmur. Çünki yuxarıdakı bütün sosial, siyasi, iqtisadi göstəricilər istər istəməz bir biri ilə əlaqəlidir və bütün İndeksləmə növlərində bir ölkənin digər ölkələrə nisbətdə hansı vəziyyətdə olduğunu göstərmək üçün kifayət edir.

Xəyyam Namazov

Qaynaq:

Bu məqalədə istifadə edilən bütün klassifikasiya, anlayış və cədvəllər (kiçik dəyişikliklər etməklə) Patrik Bernhaqenin (Patrick Bernhagen) “Demokratiya və Demokratikləşməni Ölçərkən” məqaləsindən alınmışdır.

Patrick Bernhagen (2009), ‘Measuring Democracy and Democratization’ in Democratization, ed. Christian W. Haerpfer et al., Oxford University Press, 2009, pp. 24-40.

© Cümhuriyyət Qəzeti

Sosial Media da Paylaşaq