“Burunda teatr”

Aytən  M.ay

Sevdiyi saatını qoluna tərs taxdığını gördü. Bunun bir o qədər də fərqi yox idi onun üçün. Çünki əqrəblərin nəyə işlədiyini yaxşı bilirdi, sadəcə nə qədər qaldığı maraqlı idi. Onu da saatlar onsuz da göstərmirdi. Amma yenə tərs taxılmış saatı düzəltdi, bəlkə biri saatı soruşar deyə. Sonra görəsən başqaları da özlərində başqalarına bu qədər yer ayırırlarmı deyə fikirləşdi. Sualın cavabı sadəcə davranışlarının normal olub olmadığına qənaət gətirmək üçün idi. Hərçənd müsbət cavab almasına şüphə edəcəyi bu məfhum olduqca qarışıq idi. Çünki normal olmanın kriteriyaları insandan insana dəyişirdi. Hərdən bəlli başlı qaydaları olmayan cəmiyyətin necə inkişaf edə bildiyi təəccüb yaradırdı onda. Hər kəsin bir birindən istədiyi isə mümkün olduqca neytral olmaqdı. Alışılmış düşüncə və həyat tərzinə yenilik gətirərək heç kimə “başağrı” olmaq lazım deyildi – “qoy oturmuşuq, ay bala”.

Yağış hələ də yağırdı, havanın şaxtasını da şəhərin kiri ilə birlikdə yuyub aparırdı, bu gün yağışın səsi şərəfinə otağın havasını da dəyişmişdi. Yağış, yalnız otağa yox onun özünə də başqa hava gətirirdi. Günəşin bu aralar görünməməsi özündə uzun zamandı görünməyən ruh halını gətirmişidi. Bu yağışın ona həmişə ki təsiri idi. Ruhu havadan, sudan, buluddan və hərəkət edən hər şeyden asılı idi. Onlar qədər azad idi. Çılğın ruhuna kaftar beyni hakimiyyət edirdi. Aralarında dəhşətli müharibələr gedirdi, ortada qalan bədbəxt zaman olurdu. Düşən şəhidə isə ağlayan tək yaxın özü olurdu. Sonra dəli ürəyi hərkəsə başsağlığı verirdi…

Maşınlardan bəziləri yolun kənarıyla gedən piyadaları islatmaqdan həzz alırdı. Piyadalar da islanmamaq üçün keçirdikləri həyəcanın dadını çıxarırdılar. Əllərindəki çətirləri gah başlarına gah da sıçrayan sulara tuturdular.Və dillərində “gözəl” sözlər…

O da çətirini açdı. Yolda digər çətirlilərlə toqquşmamaq üçün etdikləri manevralar xoşuna gəlirdi. Belə zamanlarda hiss edilirdi insanlar arasında gizli sözləşmə olduğu.

Fakultənin ön qapısı bağlı idi, arxa qapıya getmək üçün dolandı. Ətrafda heç kəs yox idi. Həftə sonu axşam doqquzda fakultəyə tək o gəlib gəlmədiyini yoxlamaq üçün güvənliyin üzünə baxdı. Yox, yaşlı adam onun üzünə heç də məəttəl baxmırdı, hətta heç baxmadı. Konferans salonuna yaxınlaşdıqca tələbələrin toplaşdığını gördü. Tək olmadığına sevindi. Biletini aldı, kiçik amma rəngli idi teatr bileti. Tələbələrin öz hesablarına təşkil etdikləri teatırın biletində,”Burun”- Qoqol yazırdı. Adını ilk dəfə eşitdiyi bu əsərə gəlmə planını keçən həftədən qursa da əsər haqqında heç bir məlumatı yox idi. Sadəcə Qoqolu tanıyırdı. İçəri keçdi. Əsəri canlandıracaq olan insanların yaxınları ilə dolu idi ətraf. Bir-birləriylə zarafatlaşan və əsərin dostları tərəfindən oynanmasında köməklik edənlərin həyəcanı… Onun isə orda olanlarla tək ortaq tanışı Qoqol idi. Axşamını onunla şərəfləndirəcəkti…

Və “xahiş olunur telefonlarınızı söndürəsiniz”…

(Məncə xahiş içərisinə əlavə edilməsi lazım gələnlərdən biri də əsərin satirik üslubda yazılmış olduğunu diqqətə alaraq altındakı məna haqqında düşünməyimizdir. Hərçənd bəzilərinin əsərin adının “Burun”olmasının səbəbini “Qoqol, insanların hələ zamanında plastik cərrahiyə haqqında arzuladığını göstərmək istəyib” şəklində açıqlayanlar var idi, bu haqqda daha sonra).

Bərbərdə olan Yuri adlı yüksək rütbəli dövlət məmuru, üzünü qırxdırarkən, burnu da kəsilir. Burnunu çox sevən Yurinin onsuz nə edəcəyi haqqında heçbir fikri yoxdur. Burnunun yerində isə daha öncə orda nəyinsə olduğu barədə şübhə yaradan düzlük var. Bu Yurini daha çox əsəbləşdirir, “kaş ki, burnum yərində nə isə qoyub gedərdi, bu boşluq necə də çəkilməzdi” deyə dərd yanır. Yuri burnunu çox axtarır onun üçün axtarış elanı vermək qərarına gəlir. Və bu məqsədlə katibənin yanına gəldiyi zaman olduqca böyük laqeydliklə qarşılaşır. Buna təəccüblənir bir zamanlar çox gözəl burnu olmasından bəhs edir. Katibə isə ona gedənin arxasıyca ağlamazlar deyib üstündən saqqız çeynəməyi təklif edir. Əsəri böyük sevgi ilə izləyənin diqqətini ən çox çəkən məqam katibənin,Yuriyə saqqız təklif edərkən dediklərini daha öncə “Qaynana”  filmində Afət obrazından eşitmiş olmasıdır. Nəsibə Zeynalovanın ifa etdiyi Cənnət xalaya ikinci gəlini olan Afətin saqqız vermək istəməsindən yadında qalanlar: “saqqqız diş ətini qoruyur, dişləri gücləndirir, indi bütün Avropa saqqız çeynəyir”di. Katibə, Yuriyə qəribə bir təsadüf nəticəsində eynisini deyirdi.

Yuri, katibədən yalnızca dişlərinə xeyir gələ biləcəyini öyrəndikdən sonra burnunu özü axtarmaq qərarına gəlir. Çox axtarır, burnunun isə ondan qaçmaq üçün elə bəhanə axtarmasından xəbərsiz. Yuri işyerinə gəlir, masasının arxasında yoldaş Burunov oturmuşdu və ona nəinki inanmaq heç qulaq asmaq niyyətində deyildi. Dinləsə də dediklərindən heç nə başa düşmədi, axı o “burun” idi sadəcə. Vəzifəsinin öhdəsindən Yurisiz də yaxşı gəlirdi.

Axır ki Yurinin burnu tapılır. Burun kasıb və həyat yoldaşı ilə çörəyi didişərək bölüşən bərbərin axşam yeyəcəyi çörəyin içindən çıxır. Bərbər əlində tutduğu burunun verdiyi həyəcan ilə həmçinin “başından böyük işlərə” girişdiyi üçün bu cür şeylərlə qarşılaşdığından deyinən yoldaşının dilindən qurtulmaq istəyərək onu çaya atır.

Burnu tapıb Yuriyə təslim edən polis, cibindən qaynanasından tutmuş uşaqlarına kimi yaxınlarının şəklini göstərib ağlayır və şirinliyini də alır. Əsərə yaxınlıq hiss edənin beynində müqayisələr davam edirdi. Yuri burnuna qovuşmanın xöşbəxtliyini yaşayırdı, ona burnunu yamaq etməyə gələn heçkimə isə “tam yapışmasa da olar mən onu qopduğu yerdən əlimlə düzəldərəm” deyir, həkim isə ona artıq burunu taxa bilməyəcəyi diaqnozunu qoyaraq bir çox başqa xəstəliklərlə (mənəvi xəstəliklərdən) mübarizə aparan Yurinin orqanizmasının bu burunu qaldıra bilməyəcəyini deyir və üstəlik ona səhvən at dərmanı verir. Bu səhv həkim üçün heç də önəmli deyil…

Burun isə ona layiq olmayan və onu daşımanın verdiyi öhdəliklərdən xəbərsiz sahibindən qurtulmanın xoşbəxtliyini yaşayırdı. Onsuz heç olan sahibi onunla hərşey olduğunu zənn edərək nə qədər yanılırdı…

Əsərdən böyük zövq alanlar böyük məharətlə onu canlandıranları və burunlarını hərşeyləri sananları yadımıza salan və onun bir gün insanı tərk edəbiləcəyini xatırladan və bərbərin timsalında göstərdiyi xalqın əlində olan burunları (-səlahiyyət, vəzifə) kimə verəcəklərini seçmə haqqından nə qədər düşüncəsizcə və qorxaraq istifadə etdiklərini göstərərək içini bir daha ağrıtdığı üçün Qoqolu ayaqüstə alqışladı…

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq