Biz küçəyə çıxıb başqaları tərəfindən “qınanmaq”dan qorxuruq.

Nisə Hacıyeva

Bu yaxınlarda Gülər Əhmədova hadisəsi ilə bağlı protestə çıxan insanları izləyərkən beynimdə qəribə suallar yarandı. Bu, heç bir çərçivəyə sığmayan hərəkəti protest etmək üçün niyə bu qədər az adam küçəyə çıxıb öz sözünü deməyə çalışırdı? Bəlkə, bəziləri bunu polisdən, döyülməkdən qorxmaq kimi anlatmağa çalışar. Amma mənim bu barədə başqa fikirlərim var  Yadıma mən uşaq ikən azadlıq naminə mitinqlər düşür.  Ailəmdə, ətrafımda hər kəs onlara qatılırdı. Heç kəs heç nədən qorxmurdu. Bəlkə, bunun səbəbi odur ki, o vaxt bir ideoogiyamız var idi. Bəlkə, indi onu itirmişik?

İndi bizim heç nəyimiz yoxdur. Vətən deyəndə ağlımıza vətəndən başqa hər şey gəlir. Dövlət, hakimiyyət gəlir ağlımıza. Ölkədə olan bərbad vəziyyət. Ya da vətən deyəndə şəkərbura-paxlava yadımıza düşür. Ermənilər yadımıza düşür. Amma biz özümüz özümüzün yadımıza düşmürük. Bir insan olaraq, bir vətəndaş olaraq öz ölkəmizdə istədiyimiz kimi azad yaşamaq, düzgün yaşamaq, rahat yaşamaq kimi adi şeylər yadımıza düşmür. Gülər Əhmədovanın hərəkəti nə iqtidar  məsələsi idi, mənim üçün, nə müxalifət, nə də hakimiyyət. Bu bütün ölkə və vətəndaşların məsələsi idi.

Hər birimizin hüqunu pozan qanunverici orqanın saxta olması idi. Siyası baxışlarımızdan asılı olmayaraq qanunlarımızı qəbul etməsini həvalə etdiyimiz orqanın saxta olması idi. Bunun üçün hamı bir olaraq küçəyə çıxıb, öz sözünü deməliydi.  Amma burda belə ayrıldıq.  Yarımız müxalifət olub küçəyə çıxdıq. Yarımız yaltaq hakimiyyət siyasətini daəstəkləyib küçəyə çıxanları qınadıq. Amma çoxumuz ümumiyyətlə susduq. Evdə oturub hadisəyə təəcüblənməyib, “burda nə var ki, guya bilmirdik ki rüşvət var” deyib küçədə döyülənləri qınadıq.

Biz döyülməkdən, həbs olunmaqdan qorxmuruq. Biz küçəyə çıxıb başqaları tərəfindən qınanmaqdan qorxuruq. Biz qorxuruq ki, bizi də TV-də izləyib, bizə gülsünlər. Burada da bizim ölkə, cəmiyyət, hakimiyyət düşüncələrimiz toqquşur. Biz, bizə və hər bir vətəndaşımıza qarşı olan bu çirkin qanun pozuntusuna qarşı aciz olub, dövləti millətdən, vətəndən ayıra bilmədik.  Biz qorxuruq ki, biz küçəyə çıxıb sözümüzü desək bizi müxalifətçi adlandıracaqlar. Bu ölkədə müxalifət sözü artıq xəyanətkar sözü ilə sinonim olub. Vətən sözü dövlət və hakimiyyət sözü ilə sinonim olduğu kimi dövlətə qarşı olmaq artıq vətənə qarşı olmaqdır.  Əslində Sovet sistemində totalitar rejimdə yaşamış bir xalq üçün bu təəcüblü bir şey deyil. Amma təəcüblü odur ki, biz bir zaman bu anlayışı qırıb küçəyə çıxıb, öz sözümüzü deyə bilmişik. O zaman niyə yenidən müstəqilliyimizi qazandıqdan sonra köhnə düşüncələrə qayıdıb, yenidən vətənə xəyanət edib, dövlətə qul qalmağa etiraz etmirik?

Sosial Media da Paylaşaq